İsmayıllı meşələri talan olunur

25.07.2014 - 09:08
Yaxud “Teliba” istirahət mərkəzini kimlər himayə edir

Yaxud “Teliba” istirahət mərkəzini kimlər himayə edir

Son illər ölkədə dövlət başçısı səviyyəsində ekologiyanın və təbii
sərvətlərin qorunması ilə bağlı bir sıra tədbirlər görülməsinə
baxmayaraq baş verənlər tamam başqa mətləblərdən xəbər verir. Belə ki,
Ismayıllı rayonunda, demək olar, meşə adına heç bir şey qalmayıb. Bu
günlərdə Kürdüvan kənd sakini Qarabağ veteranı, istefada olan polis
Mülküşah Həşimovun müraciəti əsasında Basqal ətrafı, Sulut və Qıçatan
kəndlərinin meşəlik ərazilərində olduq.

Biz ərazidə olanda xeyli sayda fəhlə meşədə öz işlərindəydi. Burada
dağıdılmış, suyu min bir dərdin dərmanı olan bir neçə bulağa da rast
gəldik. Sanki bulaqlar, qırılmış ağaclar dil açıb bizlərdən imdad
diləyirdi. Ermənilərin işğal altında olan torpaqlarda apardığı ağac
soqırımını burda özümüzünkülər törədir.

Hansı məmurların adı hallanır

“Teliba” adlanan istirahət mərkəzi Bizlan kəndindən Ağsu çayına qədər
Ismayıllı meşə fondunun torpaqlarını zəbt edib. Həm meşələri qırmaqla,
həm də təxminən 300 hektara yaxın meşəliyi və əkin altındakı torpaqları
(bura Sulut kəndinin vətəndaşlarına məxsus əkin torpaqları da aiddir)
dəmir torla mühasirəyə almaqda davam edir. Adının çəkilməsini istəməyən
Sulut kənd sakini qeyd edir ki, bu torpaqlar vaxtilə onun icarəsində
olub. Ancaq uzunmüddətli icarə müqaviləsi olmasına baxmayaraq ona
hədə-qorxu gəliblər və icarəni öz imzası ilə ləğv ediriblər, guya imtina
edir. “Burada meşələri ağır texnika ilə məhv edirlər. Bizləri də öz pay
torpaqlarımızdan istifadə etməyə qoymurlar. Bütün baş verənlərdən meşə
təsərrüfatı və bərpası idarəsinin, eləcə də Ekologiya nazirliyinin
Ismayıllıda yerləşən regional idarəsinin xəbəri var, sadəcə rüşvət
alıblar, ona görə heç nə edə bilmirlər. Rayon rəhbərliyində təmsil
olunanlar “Teliba”nı himayə edirlər. Hazırda bu obyekt əslən ağsulu
olan, Bakı sakini Vüsal Zeynalov və bir müddət əvvələ kimi Bakı Dövlət
Univerisitetinin rektor müavini olmuş, əslən ağsulu Ibad Ibadova
məxsusdu”. 

Bildirdilər ki, bu obyektə hazırkı rektor Abel Məhərrəmov da ortaqdı.
Çünki tez-tez Bakıdan yüksək ranqlı məmurlarla bura gəlir. Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Ismayıllı rayonunda yerləşən 11 saylı
regional Ekologiya və təbii sərvətlər şöbəsinin rəisi Əlirza Əliyev də
əslən ağsuludu və Ibad Ibadovun yaxın qohumudu. Bəziləri isə bu obyektin
nazir Kəmaləddin Heydərova, nazir Ramil Usubova, milli məclisin
vitse-spikeri Bahar Muradovaya və birinci xanım Mehriban Əliyevanın
əmisi Hafiz Paşayevə məxsus olduğunu bildirirlər. Basqal, Sulut, Qıçatan
kəndlərinin sakinləri bu özbaşınalığa bir neçə dəfə etiraz ediblər, hər
dəfə də rayon rəhbərliyi onları min bir bəhanə ilə sakitləşdirib;
kimisini həbs, kimisini işdən azad edəcəkləri ilə hədələyiblər. Hazırda
“Teliba” meşələrə divan tutmaqla və ərazidə işləyən digər obyekt
sahiblərini hədələməklə məşğuldu və qeyd edirlər ki, lazım gəlsə bütün
Basqalı da alacaqlar.

Sulut bələdiyyə şurasının sədri Elçin Nurməmmədov bələdiyyənin formal
qurum olduğunu, bu işlərə təsir imkanlarının olmadığını deyir:
“Bilirsiniz ki, bu gün ölkədə bələdiyyə insitutu formal olaraq fəaliyyət
göstərir. Bizə heç bir səlahiyyət verilməyib. Ərazidə nəyi necə etməyi
biz rayon icra hakimiyyətinə məruzə edirik və oradan hə cavabı olsa
olur, olmasa heç bir addım atmağa ixtiyarımız yoxdu. Mən bu kənddə baş
verənlər, “Teliba”nın özbaşnalığı barədə dəfələrlə icra hakimiyyətinə
müraciət etmişəm. Axırda mənə dedilər ki, get evində sakit otur,
artıq-əksik danışarsan, başın ağrıyar. Başa düşün, mən kiməm ki, heç
vaxtlı-vaxtında əməkhaqqımızı ala bilmirik. Mən bildiyimə görə, bura ya
Kəmalədin Heydərova, ya da Ramil Usubova məxsusdu. Çünki Bakıdan ən ali
qonaqlar da, rayonlardan hər iki qurumun təmsilçiləri də gəlib burada
istirahət edirlər. Həm super şəraiti var, həm də ərazi çox səfalıdı.
Hardasa bura 10 milyon pul qoyulub. Mən onlardan nə tələb edəcəm, bizi
adam saymırlar. “Teliba”nın bu gün burada fəaliyyəti tam şəkildə qanuna
ziddir. Çünki onların heç bir hüquqi sənədi yoxdur. Bilirsiniz,
aidiyyəti qurumlar pulunu alıb çəkilib durub qıraqda. Soruşmaq gərəkdir,
meşə idarəsində bir nəfər oğluna Istanbulda villanı hansı pulla alıb?
Vallah-billah, mənlik heç bir şey yoxdur”.

Ekologiya və təbii sərvətlər nazirliyinin Ismayıllı ərazisində
yerləşən 11 saylı Ekologiya və təbii sərvətlər şöbəsinin rəisi Əlirza
Əliyevlə telefon danışığımız da bəzi qaranlıqlara aydınlıq gətirir.

– Əlirza müəllim, “Teliba” istirahət mərkəzinin hazırkı fəaliyyətindən xəbəriniz varmı?  

– Bəli, tam şəkildə məlumatım var, bütün qanuni sənədlər yerindədir, idarəmiz tam nəzarət edir, nə olub?

– Əlirza müəllim, deyirsiniz ki, sənədlər qaydasındadır, hətta belə
olsa da, onların meşələri qırmasına, bulaqları dağıtmasına qanun yol
verirmi?

– Əlbətə, yox, belə şey ola bilməz, bir dəfə olmuşdu, biz onları 60 min azn cərimə etdik.

– Olarmı biz cərimə olunma və ödəniş sənədləri ilə tanış olaq? 

– Bilirsiniz, Elçin müəllim, biz elə sizi neçə vaxt idi ki,
axtarırdıq, istəyirdik görüşək, siz orada olub çəkiliş aparmısınız, axı
nəyə lazımdı bizdən yazmaq, biz dostuq, gəlin görüşüb razılaşaq.

– Əlirza müəllim, oranın heç bir hüquqi sənədi yoxdur, nəyə əsasən o qədər ərazilərin zəbt olunmasına göz yumursunuz?

– Məllim, mən dedim axı, heç bir şey – yazı-filan lazım deyil, mən sizi gözləyəcəm, günü sabah gəlin görüşək.

Telefon söndürülür. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər
üzrə müavini Həsən Həsənov isə bununla bağlı tədbir görüləcəyini deyir:
“Bəli, bu məsələlər birbaşa mənim kurasiyamdadır, mənim xəbərim yoxdur,
dərhal başçıya məruzə edəcəm, günü bu gün KIV nümayəndələrinin
iştirakıyla komissiya təşkil edib həmin əraziyə gedəcəyik. Kimliyindən
asılı olmayaraq heç kim qanunu poza bilməz.

Bu vəddən artıq 4 gün keçir, nə komissiya yaradılıb, nə də ki, başqa
tədbirlər görülüb. Əksinə, aldığımız məlumata görə, “Teliba” meşələrə
divan tutmaqda davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31