"Sevil Massivi"ndə ev alanlardan istintaqda nə soruşulub?

26.07.2014 - 10:48

Baş Prokurorluq firma ətrafında baş verənlərlə bağlı məlumat yaydı

Baş Prokurorluq firma ətrafında baş verənlərlə bağlı məlumat yaydı 

Iyulun 25-də Baş Prokurorluğun mətbuat xidməti “Sevil Massivi” Mənzil
Tikinti Kooperativinin vəzifəli şəxslərinin əməlləri barədə açıqlama
yayıb. Açıqlamada deyilir: “Son günlər bəzi kütləvi informasiya
vasitələrində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin vəzifəli
şəxsləri barəsində aparılan istintaqla bağlı təhrif olunmuş məlumatlar, o
cümlədən MTK-nın vəzifəli şəxslərinin guya ölkə ərazisini tərk etmələri
və sair məzmunlu həqiqəti əks etdirməyən məlumatlar dərc edilərək
ictimaiyyətə çatdırılıb.

Göstərilənlərlə əlaqədar bildiririk ki, “Sevil Massivi” MTK-da külli
miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması
faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq
aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
Idarəsində davam etdirilir.

Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun
həmin kooperativin direktoru Elçin Ismayılov və digərləri ilə qabaqcadan
əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində
sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında,
habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq
alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597
manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması
Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz
sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə
ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Qeyd edilənlərlə yanaşı Abşeron rayon Hökməli bələdiyyəsinin sədri
Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini
Aynur Zeynalov və Elçin Ismayılovun bilavasitə şərait yaratmaları ilə
müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat
məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər
Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması
Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət
alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar
barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Istintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul
şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə
etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30
hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin
mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar
örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların
vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar
tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan,
dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata
keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus
olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq
vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin
təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış
binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları
ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti
işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi
xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla,
onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə,
təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək
çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

Hazırda “Sevil Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb,
törədilmiş cinayət nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş
ziyanın müəyyən edilərək onların hüquqlarının bərpa olunması, eyni
zamanda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməklə istintaqa
cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsi tərəfindən
davam etdirilir”.

“Azadlıq”a daxil olan məlumatlara görə, “Sevil Massivi”in inşa etdiyi
binalarda mənzil alanlar məsələ ilə maraqlanmaq üçün firmaya gediblər.
Onlara bildirilib ki, baş verənlərdən narahat olmağa dəyməz. “Bizə
dedilər ki, kreditinizi ödəyin, heç nədən narahat olmayın”, – deyə
mənzil sahiblərindən bəziləri qəzetimizə bildirib.

Məlumatlarda həmçinin qeyd olunur ki, bəzi mənzil sahibləri istintaqa
çağırılıb. Istintaqda onlara ilk sual “Niyə bu şirkətinin inşa etdiyi
binalarda mənzil almısız?” olub. Sonradan bəlli olub ki, bu sualın
kökündə “Sevil Massivi”nin vəhhabilərlə əlaqəli olması barədə yayılan
məlumatlardır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10142

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31