Əliyev vətəndaşların müraciətinə baxırmı?

26.07.2014 - 11:24
Yaxud, özün etmədiyini məmurlardan tələb etməyin məntiqi

Ölkəmizdə tərif o qədər hörmətdən salınıb ki, özünə hörmət edən
adamlar təriflənməkdən utanır. Platon deyirdi ki, tərif əsl fikirlərini
gizlədənlərin söylədikləri yalandır. Bir şəxsi etmədiyi əmələ görə
tərifləmək həm də tərif deyənin özünüifşasıdır. Hakimiyyətin nəzarətində
olan qəzetlər, demək olar, hakim ailəni aşırı tərifləməklə məşğuldur və
artıq tərifin bütün növlərindən istifadə ediblər.

Ötən gün isə “Azərbaycan” qəzeti tərif seriyasına davam edərək geniş
bir məqalə dərc edib. “Azərbaycan prezidenti bütün məmurlardan vətəndaş
müraciətlərinə həssas yanaşma tələb edir” başlıqlı yazıda ölkəmizin
bütün sahələr üzrə Avropanı geri qoymasından söhbət açılır və
prezidentin səyi nəticəsində məmurların ictimai müraciətlərə operativ
yanaşması “fakt”larla göstərilir.

Bütün dünya Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etməyi,
demokratik islahatlara start verməyi, azad ticarətə şərait yaratmağı
tələb edir. Azərbaycan hakimiyyəti isə bütün vasitələrlə bu tələblərdən
yayınmağa başlayır. Belə bir reallıqda Ilham Əliyevin məmurlardan
vətəndaş müraciətlərinə həssas yanaşmağı tələb etməsi, qeyri-ciddi
görünür.

Sən prezident ola-ola müraciətlərdən imtina edirsənsə, sənin
tabeliyində olan məmur hansı nümunədən qidalanaraq vətəndaşa xidmət
etməlidir?

Məsələn, 50-yə yaxın sahibkar iyulun 24-də Dövlət Gömrük Komitəsinin
qarşısında etiraz aksiyası keçirdi. Onlar gömrük rüsumlarının
qaldırılmasının əleyhinədirlər. Bakının müxtəlif ticarət mərkəzlərində
mobil telefon aksessuarlarını Çindən, Dubaydan gətirən sahibkarların
dediyinə görə, onlardan hər məhsul üçün 1-120 dollar arasında gömrük
rüsumu tələb edirlər. Sahibkarlar deyirlər ki, seçki vaxtı onları Ilham
Əliyevə səs verməyə məcbur edirlər. Problemlərini dilə gətirəndə isə,
“gedin prezidentə şikayət edin” deyib, yola salırlar. 

Yəni xırda sahibkarın probleminin həlli də prezidentin iradəsindən
asılı vəziyyətdədir. Ancaq “get kimə istəyirsən şikayət et” deyimi də
var. Bu da o deməkdir ki, məmurlar Ilham Əliyevi də saymırlar. Yaxud
pulu “yuxarı”lar üçün yığdığlarına görə arxayındılar.

Demək istədiyimiz odur ki, bu ölkədə bütün müraciətlər Ilham Əliyevə
ünvanlandığı halda, Ilham Əliyevin məmurları intizama dəvət etməsini
qəhərəmanlıq kimi qiymətləndirməyə ehtiyac yoxdur.

Ilham Əliyevə ünvanlanan müraciətlər həllini tapsaydı, nə gömrük
rüsumunun artırılması, nə məmurun vətəndaşı incitməsi, nə də başqa
neqativ hallar olmazdı.

Bəli, Ilham Əliyev hakimiyyəti vətəndaş cəmiyyətini sıradan
çıxarmağa, azad mətbuatı boğmağa, azad sahibkarlığı məhv etməyə yönəlib.
Ona görə də bütün sahələr inhisara alınıb, QHT-lərin fəaliyyəti
məhdudlaşdırılıb, xalqın problemlərini işıqlandıran mətbuat nümunələri
barmaqla sayılacaq qədər də qalmayıb.

Yəni ölkəni korrupsiya bataqlığına çevirib, aşağılara “haqq” sistemi
tətbiq edib, vətəndaşı məhdud əmək haqqına möhtac qoyub sonra məmurdan
vətəndaşa hörmət tələb etmək  absurddur.

Digər tərəfdən, Ilham Əliyev dəfələrlə müşavirələrdə məmurlara, məmur
övladlarına barmaq silmələməsinə baxmayaraq, reallıqda hansısas məmurun
cəzalandırılması, hansısa məmur övladının tənqid olunması görünmədi.
Əksinə, məmurlar daha da harınlayır, məmur övladları daha da
sərbəstləşir.

Yekun nəticə onu göstərir ki, ölkə başçısı vətəndaşı  “ünsür”,
“antimilli”, “ermənipərst” adlandıranda, məmur da  vətəndaşla “ünsür”
kimi rəftar edir.

Cənab prezident, müraciətlərimizə həssas yanaşın ki, məmurlar da vətəndaşların müraciətinə həssas yanaşsın.

Short URL: http://www.cumhuriyyet.net/?p=10146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31