"AAAF Park" yaşayış kompleksinin baş direktoru saxlanıldı
“AAAF Park” yaşayış kompleksinin baş direktoru saxlanıldı; Tofiq Heydərovu Beynəlxalq Bankın rəhbəri ilə nə birləşdirir?
Hakimiyyət dairələri iri maliyyənin dövr
etdiyi tikinti şirkətlərində yoxlamalara qərar verib. Azərbaycan üçün
qeyri-ənənəvi dini cərəyanlara yaxınlığı ilə seçilən, xüsusən radikal
vəhhabiliyə meyl edən dini qruplaşmaların maliyyə qaynaqlarının nəzarət
altına alınması prosesi başlayıb.
Aldığımız son məlumata görə, “Sevil” MMC
ilə paralel “AAAF Park” yaşayış kompleksində də yoxlamalar olub.
Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin əməkdaşları kompleksdə yoxlamalara başlayıb. Yoxlamaların
ilkin nəticəsi olaraq “AAAF İnşaat” MMC-nin baş direktoru Tofiq Heydərov
saxlanılıb.
AZAL prezidenti Cahangir Əsgərovun yaxın
çevrəsinə daxil olan T.Heydərovun vergi cinayətinə görə tutulduğu
bildirilir. “Yeni Müsavat”a daxil olan məlumata görə, yoxlama
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından verilən gizli göstərişlə
həyata keçirilir.
Hər iki kompleksdə külli miqdarda
vergidən yayınma halları qeydə alınıb. Qeyd edək ki, artıq Baş
Prokurorluq “Sevil” MMC-də baş verən qanunsuzluqlar və həbslər haqda
rəsmi məlumat yayıb.
Məsələ ilə bağlı “AAAF İnşaat” MMC ilə
əlaqə saxladıq. Özünü təqdim etməyən MMC-nin xanım əməkdaşı əvvəlcə
T.Heydərovun ölkə xaricində olduğunu söylədi. Sonradan isə T.Heydərovun
iclasda olduğunu deyib telefonu qapatdı.
“AAAF İnşaat”ın həm AZAL prezidenti
Cahangir Əsgərova, həm də Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə
bağlılığı haqda məlumatlar var. MMC adındakı AAAF abbreviaturasının
Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika
Federasiyasına (AAAF) işarə olduğu deyilir.
Bu məlumatın ortaya çıxması təsadüfi
deyil. Həbs xəbəri yayılmış Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır
Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun
müavini vəzifəsini daşıyıb. “AAAF Park” yaşayış kompleksində ailə
sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı
mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı
villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var.
Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan “Zirvə” idman
klubunun üçmərtəbəli böyük binası da inşa edilib. “Zirvə”nin C.Əsgərovun
prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur.
Cahangir Hacıyevə isə ərazinin aidiyyəti
kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının
(ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin
yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. ASC
səhmdarlarının məhkəmələrə üz tutması da, hüquqlarının bərpa olunması
ilə sonuclanmayıb. C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları
da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər
verib.
“AAAF İnşaat” MMC-də yoxlamaların
aparılıb-aparılmamasını dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat
xidmətinə müraciət edilib. Lakin xidmətdən hər hansı bir şərh
verilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10148