"50 milyonun prezidenti" və çoxməchullu yeni qanun…

30.07.2014 - 08:15

“Təkcə Rusiyada azı 700 min Azərbaycan vətəndaşı yaşayıb-çalışır.
Prezident Ilham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edib ki,
dünyadakı 50 milyon azərbaycanlının hər birinin prezidenti olacaq. Biz
də ölkə prezidentinin bu fikirlərini bəyənir, müsbət qiymətləndiririk.
Məhz buna görə də xarici ölkələrdə yaşayan azərbaycanlıların öz doğma
vətənlərinə maneəsiz gedib-gəlmələri üçün ikili vətəndaşlıq haqqında
qanunun qəbulunu səbirsizliklə gözləyirik”.

Bu sözləri millət vəkili Ilyas Ismayılov iki il öncə – 2012-ci ildə
parlamentdə səsləndirib. O çıxışında millət vəkili hələ 2007-ci ildən
parlamentə təqdim etdiyi “Ikili Vətəndaşlıq haqqında” Qanuna
baxılmamasından şikayətlənib. Ilyas Ismayılov özəlliklə bunu da
vurğulayıb ki, xaricdə yaşayan yüz minlərlə azərbaycanlı bu qanunun
qəbulunu və ikili vətəndaşlıq hüququ əldə edəcəkləri günü səbirsizliklə
gözləyir.

Bu çıxışdan iki il sonra – 2014-cü ildə xarici ölkə vətəndaşlığını
qəbul edən azərbaycanlıların məsələsi yenidən parlamentdə qaldırılır.
Və… Azərbaycan parlamenti nəinki ikili vətəndaşlığı tanıyan, əksinə,
xarici ölkə vətəndaşlığını qəbul edənlərin Azərbaycan vətəndaşlığını
itirməsini nəzərdə tutan dəyişikliklər edir. Söhbət “Azərbaycan
Respublikasının Vətəndaşlığı haqqında” Qanuna əlavə və dəyişikliklərdən
gedir.

Yeni qanundan sonra narahatlıq…

Akif Əliyev 9 ildir Polşanın vətəndaşıdır. O, sözügedən yeni əlavə və
dəyişikliklərdən narahatdır. Akif Avropada magistr təhsili alıb.
Polşalı tələbə yoldaşı ilə evlənib və oraya köçüb. Artıq 10 ildir ki,
Polşada yaşayır: “Düzü, Azərbaycandan ötrü çox darıxıram. Yaş ötdükcə
insan öz vətəninə daha çox bağlanır. Amma indi iki azyaşlı uşağım var.
Ailəmi dolandırmaq üçün buradakı işimi atıb Azərbaycana qayıda bilmirəm.
Maddi durumum düzələndən sonra öz vətənimə qayıdacağam. Bilmirəm bu nə
qədər vaxt çəkər – 5 il, ya 10 il. Əvvəl-axır, qayıdacağam öz vətənimə –
Azərbaycana. Anam da qocalır, onun yanında olmağı istəyirəm. Amma
“Vətəndaşlıq haqqında” Qanuna son dəyişikliklərdən çox narahatam. Təkcə
Avropada xeyli tanış həmyerlilərim var. Hamısı narahatdır, təşvişə
düşüb. Bilinən bircə odur ki, xarici ölkə vətəndaşlığını qəbul edənlər
bir ay müddətində Azərbaycanın miqrasiya xidmətini
məlumatlandırmalıdırlar. Amma bundan sonra biz Azərbaycan
vətəndaşlığından çıxarılacağıq, ya necə? – bax, bunlar məlum deyil. Bu
qanun minlərlə vətəndaşa şamil olunacaqsa, ən azı, ictimaiyyətə
doğru-dürüst məlumat verməlidirlər. Hərənin ağzından bir avaz eşidilir”.

Nə dəyişib, necə dəyişib?

Bəs, “Vətəndaşlıq haqqında” Qanuna əlavə və dəyişikliklərdən sonra nə dəyişib və necə dəyişib?

Birincisi, əvvəllər şəxsiyyət vəsiqəsini yerli polis şöbələri
verirdisə, bundan sonra onu almaq istəyənlər Dövlət Miqrasiya Xidmətinə
müraciət etməlidirlər. Miqrasiya Xidməti onlara Azərbaycan
Respublikasının vətəndaş olmalarına dair arayış təqdim edərsə, şəxsiyyət
vəsiqəsi almaqda problem yaşanmayacaq.

Ikinci dəyişiklik odur ki, əvvəllər Azərbaycan Respublikasının
vətəndaşlığını 3 sənəd – doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi
və ümummilli pasport təsdiqləyirdisə, yeni dəyişikliklərdən sonra doğum
haqqında şəhadətnamə vətəndaşlığı təsdiqləyən sənədlər arasından
çıxarılır.

Növbəti və ən çox mübahisə doğuran bir dəyişiklik də odur ki,
əvvəllər Azərbaycanda doğulan hər bir şəxs bu ölkənin vətəndaşı
sayılırdısa, indən belə durum dəyişir. Yəni Azərbaycanda doğulan, amma
valideynlərindən ikisi əcnəbidirsə və ya biri əcnəbi, digəri
vətəndaşlığı olmayan şəxsdirsə, doğulan uşaq Azərbaycan vətəndaşı hesab
edilməyəcək. Burada Azərbaycan Konstitusiyası ilə ziddiyyət yaranır,
çünki Konstitusiyaya görə, Azərbaycanda doğulan hər bir şəxs Azərbaycan
Respublikasının vətəndaşı sayılır.

“Vətəndaşlıq haqqında” Qanunun 18-ci maddəsinə – Azərbaycan
Respublikası vətəndaşlığının itirilməsi maddəsinə əlavə və
dəyişikliklərdən bu hallar vətəndaşlığın itirilməsinə əsas yarada bilər:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya
bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı
birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin
vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Qanuna dəyişiklik konstitusiyaya ziddir…

Əlavə və dəyişikliklər həm iki ölkənin vətəndaşı olan azərbaycanlıların, həm də hüquqçuların narazılıq və etirazını doğurub.

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışın fikrincə, əlavə və dəyişikliklər vətəndaşları dolaşığa salmaqla, ciddi
problemlər yaratmaqla yanaşı, üstəlik, onlara qarşı cinayət məsuliyyəti
nəzərdə tutur. Bu, Azərbaycan Konstitusiyasına ziddir: “Əvvəla, qanunun
6-cı maddəsinin birinci hissəsinin (doğum haqqında şəhadətnamənin
vətəndaşlığı təsdiqləyən sənəd olması) ləğvi əsaslandırılmalıdır. Axı
təcrübəsini öyrəndiyimiz bütün ölkələrin qanunvericiliyində doğum
haqqında şəhadətnamə uşağın vətəndaşlığını təsdiqləyən sənəd kimi
göstərilir. Vətəndaşlığı təsdiqləyən sənədlər siyahısından doğum
 haqqında şəhadətnamənin çıxarılması məntiqə və hüquqa söykənmir. Bu
bənd ləğv edilərsə, şəxsiyyət vəsiqəsi verən bütün polis və ASAN xidmət
əməkdaşları xaricdə doğulan və ya valideynlərindən biri əcnəbi olan
uşaqların vətəndaşlıq mənsubiyyəti haqqında Dövlət Miqrasiya Xidmətindən
arayış tələb edəcəklər. Bu da öz növbəsində məmur özbaşınalığını
artıracaq, Miqrasiya Xidməti önündə növbə yaradacaq. Süründürməçilik də
öz yerində. Söhbət, azı, 300 min ailənin zərər çəkməsindən gedir. Bundan
başqa, qanunun 10-cu maddəsinə artırılan “xarici dövlətin
vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu
barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir”
vəzifəsinin vətəndaşın üzərinə qoyulması yolverilməzdir.  Üstəlik, belə
məlumatı verməyən şəxslərə qarşı cinayət məsuliyyəti də nəzərdə tutulub.
Bəlkə kimsə bu qanundan xəbər tutmayıb və məlumat verməyib? Bu üzdən
həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi heç bir məntiqə
sığmır”.

Əlavə və dəyişikliklərin sadə izahı…

Müzəffər Baxışın fikrincə, vətəndaşlığın itirilməsi maddəsinə
əlavələrin arxasında özəlliklə siyasi məqsəd dayanır. Əvvəla, bu
dəyişiklik Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, “Normativ Hüquqi
Aktlar haqqında” Konstitusiya Qanununa tam ziddir və xüsusi siyasi
məqsədlərə hesablanıb.

Hüquqçu fikirlərinin təsdiqi kimi diqqəti bir neçə nüansa ? incə
məqama yönəldir: “Vətəndaşlığın itirilməsi əsaslarından birincisi –
Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını
könüllü əldə etməsi, əslində, vətəndaşlıq haqda qanunla deyil, şəxsin
vətəndaşlığını qəbul etdiyi ölkənin qanunu ilə tənzimlənməlidir.
Məsələn, Almaniya və ya Rusiya Federasiyası o şəxsi vətəndaşlığa qəbul
edir ki, həmin şəxs öz ölkəsinin vətəndaşlığından çıxması haqqında
müvafiq sənəd təqdim etmiş olsun. Həm də həmin sənədə öz ölkəsinin
vətəndaşlığından könüllü çıxdığı da göstərilir. Gürcüstan öz vətəndaşı
qarşısında belə şərtlər qoyan dövlətlərlə xüsusi razılıq əldə edib ki,
onlar belə seçimlə üzləşməsinlər. Azərbaycan dövləti isə nə edir?
Məcburiyyət qarşısında qalıb öz ölkəsinin vətəndaşlığından çıxanları
Azərbaycan vətəndaşlığından qanunla çıxarır”.

Keçək növbəti – vətəndaşlığın itirilməsinə yol açan ikinci bəndə.
Həmin bənddə deyilir: “Azərbaycan Respublikası vətəndaşının xarici
dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində
və ya digər silahlı birləşmələrində könülü xidmət etməsi” vətəndaşlığın
itirilməsinə əsasdır.

Müzəffər Baxış bildirir ki, əvvəla, bu bənd də Konstitusiyanın 53-cü
maddəsinə ziddir. Həmin maddənin 1-ci bəndində deyilir ki, Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda vətəndaşlıqdan məhrum edilə
bilməz: “Qeyd olunan hal, əslində, nəticəyə görə vətəndaşlıqdan
məhrumetmədir. Eyni zamanda bu bənd Azərbaycanın qoşulduğu beynəlxalq
sənədlərə, konkret olaraq, “Vətəndaşsızlığın  azaldılması haqqında” BMT
konvensiyasına ziddir. Bu bəndin qanuna əlavə edilməsi xaricdə yaşayan
minlərlə Azərbaycan vətəndaşının yaşadığı ölkələrə inteqrasiyasını
zəiflədəcək və onsuz da zəif diaspor fəaliyyətinə mənfi təsir
göstərəcək. Bir çox ölkələr, əksinə, öz vətəndaşlarının xarici
dövlətlərdə təmsilində maraqlı olduqları halda, Azərbaycan dövlətinin
qanuna belə bir dəyişikliyi anlaşılan deyil”.

Sıra gəldi 18-ci maddənin 3-cü bəndinə. Həmin bəndə deyilir:
“Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi
zərər vuran davranışı” vətəndaşlığının itirilməsinə səbəbdir.

Müzəffər Baxış bu bəndi açıqlayarkən, ilk öncə “dövlətin
təhlükəsizliyinə ciddi zərər vuran davranış”ın nəyi nəzərdə tutmasının
aydınlaşdırılmasına ehtiyac duyulduğunu vurğulayır. Ardınca da bildirir
ki, özəlliklə 3-cü bənd heç bir məntiqə sığmadığından ciddi mübahisə və
xeyli sual doğurur: “Əvvəla, onu deyim ki, bu qanun, özəlliklə bu bənd
müasir təfəkkürə ziddir və keçmiş sovet qanunlarına qayıdışdır.
Ümumiyyətlə, “təhlükəsizliyə ciddi zərər vuran davranış” nə deməkdir?
Qeyri-müəyyən bir anlayışı qanuna salmaq xeyli suallar doğurur.

“Bu bənd, bəlkə də, kimlərəsə qarşı istifadə üçündür. Konkret olaraq
“dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış” deyərkən, nəyin
nəzərdə tutulduğu bilinmirsə, siyasi hakimiyyət istədiyi zaman bu
normanı tətbiq edəcək və readmissiya sazişinin tətbiq olunmaması üçün
hər hansı şəxsi bu əsasla vətəndaşlıqdan çıxaracaq”.

BMT-nin konvensiyasında yazılanlar və qanuna dəyişikliklər…

Yuxarıdakı bəndlərin BMT-nin “Vətəndaşsızlığın ixtisar edilməsi
haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına
dayanaraq artırıldığı qeyd edilir. Miqrasiya məsələləri üzrə
ixtisaslaşan hüquqşünas Asima Nəsirlinin fikrincə, ümumiyyətlə, bu
qanuna dəyişikliklər, üstəlik, bu qanunun BMT-nin Konvensiyası ilə
əsaslandırılması onu göstərir ki, deputatlar nəyi və niyə dəyişdiklərini
bilmirlər: “Axı “Vətəndaşsızlıq hallarının azaldılması haqqında”
1961-ci il Konvensiyasının məqsədi vətəndaşsızlıq halının qarşısını
almaqdır. Yeni qanuna görə isə, Azərbaycan ərazisində doğulan, amma
valideynləri əcnəbi olan uşaqlara vətəndaşlıq verilmir. Başqa sözlə,
Konvensiyaya zidd vətəndaşsızlığın qarşısı alınmaq əvəzinə,
vətəndaşsızlığa yol açılır. Bir təsəvvür edin, görün, Gürcüstandan olan
nə qədər həmyerlimiz Azərbaycanda qeydiyyatsız yaşayır. Azərbaycan
vətəndaşlığı ala bilməmələri problemi bir yana, yeni qanundan sonra heç
onların uşaqlarına da vətəndaşlıq verilməyəcək. Halbuki BMT Konvensiyası
dövlətlər arasında yarana biləcək vətəndaşsızlıq problemlərinin çözüm
yollarını təklif edir və Konvensiyanı imzalayan dövlətlərə
vətəndaşsızlıq problemi yarada biləcək halların qarşısını almağı tövsiyə
edir. Layihə müəllifləri qanunvericiliyi sözügedən Konvensiyaya
uyğunlaşdırmaqdansa, qanuna Konvensiyaya uyğun olmayan daha mürtəce
normalar təklif edib”.

Iki dövlətin vətəndaşlığını qəbul edənlərin vətəndaşlığını itirməsinə
gəlincə, Konvensiyaya görə, vətəndaşlığın itirilməsi azı 7 il fasiləsiz
ikinci ölkədə yaşayan vətəndaşlara şamil edilir.

Asima Nəsirli düşünür ki, qanuna yeni dəyişikliklərdən sonra hər
hansı problemlə üzləşənlər məhkəməyə üz tuta bilərlər. Yerli
instansiyalarda olmasa da, Avropa Məhkəməsində onların iddiaları təmin
ediləcək. Çünki yeni qanuna əlavə və dəyişikliklər Azərbaycanın
Konstitusiyasına birbaşa ziddir. Yeni qanunların qəbulu, əlavə və
dəyişikliklər heç bir halda Azərbaycan Konstitusiyasına və ölkənin
qoşulduğu beynəlxalq konvensiyalara zidd ola bilməz.

Mayın 30-da Azərbaycan Milli Məclisi “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edib.

Qanun layihəsini parlamentə təqdim edən deputat Əli Hüseynov bildirib
ki, əlavə və dəyişikliklər qanundakı boşluqları doldurmaq məqsədi
daşıyır: “”Vətəndaşlıq haqqında” Qanunda Azərbaycan vətəndaşlığından
çıxarılma halları göstərilsə də, itirilmə halları yox idi. Əlavə və
dəyişikliklərdən sonra yeni qanunda bu hallar da göstəriləcək”.

Son ümid yeri: yenidən Azərbaycan vətəndaşlığı almaq

Doqquz ildir Rusiyada yaşayan 36 yaşlı Cavid Heydərov qanuna son
dəyişikliklərdən sonra ümidini itirib. O, 2007-ci ildə Rusiya
vətəndaşlığını qəbul edib. Deyir ki, Rusiya vətəndaşlığına qəbul üçün
tələb olunan sənədlərdən biri də öz ölkəsinin vətəndaşlığından çıxması
haqda könüllü arayışdır. Cavid Heydərov ümid edirmiş ki, Azərbaycanda
ikili vətəndaşlıq haqda qanun, eləcə də Rusiya ilə qarşılılıqlı sazişlər
qəbul olunacaq və bununla da xaricdə, özəlliklə Rusiyada yaşayanların
vəziyyəti asanlaşacaq:

“Mən məcburiyyətdən Rusiyada yaşamalı olmuşam. Azərbaycanda aldığım
əməkhaqqı ilə ailəmi dolandıra bilmirdim. Bir az maddi vəziyyətim
düzələndən sonra öz ölkəmə qayıdacağam. Tək çıxış yolum – Azərbaycana
qayıtmaq haqda qəti qərar verəndən sonra Azərbaycan vətəndaşlığı almaq
üçün müraciət etməkdir. Düşünürəm ki, yenidən vətəndaşlıq almağım
problem olmayacaq. Azərbaycanda qohum və yaxınlarım, əmlakım var. Hər
halda inanıram ki, yenidən öz ölkəmin vətəndaşlığını alacağam. Bəziləri
bu prosesin çətinləşdirildiyini, süründürməçilik olduğunu bildirir.
Deyir, nə bilim, bank hesabında azı 100 min manat olmalıdır və s. və
i.a. Həqiqətən belədirsə, nə edəcəyimi bilmirəm”.

Cavid Heydərov ailəsi ilə birgə Rusiyada yaşayır. Özü Rusiyada,
arvad-uşağı Azərbaycanda olan yüzlərlə ailə də var. Hüquqşünas Müzəffər
Baxış sonuncu məqamı da nəzərə alaraq bildirir ki, “Vətəndaşlıq
haqqında” Qanuna son dəyişikliklər Azərbaycanda ailələrin dağılmasına,
sənədsizlərin, eləcə də vətəndaşlığı olmayanların sayca artmasına yol
açacaq. Üstəlik, xarici ölkələrə inteqrasiya, diaspor fəaliyyətinə mənfi
təsir edəcək, məmur özbaşınalığı artacaq: “Bu qanuna əlavə və
dəyişikliklər, azı, bir milyon insanın vəziyyətini ağırlaşdıracaq”. 

“Azadlıq” radiosu

Short URL: http://www.cumhuriyyet.net/?p=10228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31