Hökumət İran və Rusiya ilə biznes əlaqələrini genişləndirir
“Azərbaycanın inkişafı Qərb və Avropa ilə əlaqələrin genişləndirilməsindən keçir”
Məhəmməd Talıblı: “Azərbaycanın inkişafı Qərb və Avropa ilə əlaqələrin genişləndirilməsindən keçir”
Xəbər verildiyi kimi, Bakıda avqustun 7-də Azərbaycan-Iran biznes
forumu keçiriləcək. Tədbirdə ticarət, qida sənayesi, kənd təsərrüfatı,
mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat,
dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, IKT,
konsaltinq və digər sektorları təmsil edən 50-dək Iran şirkəti iştirak
edəcək.
Xatırladaq ki, Azərbaycan bugünədək daha çox iqtisadiyyatı, müasir
texnologiyaları inkişaf etmiş Avropa dövlətlərilə biznes əlaqələri
qurmağa üstünlük verib. Son zamanlar isə Iran və Rusiya kimi ölkələrlə
iqtisadi əməkdaşlığa başlanması görəsən, Azərbaycan iqtisadiyyatına nə
verə bilər? Çünki adıçəkilən ölkələr müasir texnologiyalar və iqtisadi
inkişaf baxımından demək olar ki, Azərbaycandan irəlidə deyil. Bu
mənada, sanksiyalardan yenicə yaxa qurtarmış Iran, hazırda sanksiyalar
altında olan Rusiya kimi ölkələr Azərbaycanın iqtisadi inkişafına hansı
töhfələr verə bilər?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki,
Azərbaycan hökuməti özü də hazırda Rusiya, Iran kimi ölkələrlə iqtisadi
əməkdaşlıq qurmaqda maraqlıdır: “Iranla Azərbaycanın iqtisadi
əlaqələrinin perspektivinə gəlincə, təbii ki, Iran və Rusiyanın qonşu
dövlətlərlə əlaqələri geopolitik baxımından başadüşüləndir”.
Ekspert yada salır ki, Azərbaycanın Naxçıvana gedən yolunun Irandan
keçməsi, sərhəddə çox ciddi maneələrin olması, son dövrlər
Iran-Azərbaycan gömrüyündə süni problemlərin yaradılması, gömrüyün bağlı
qalması, Iranın müəyyən zamanda gömrük baryerini sərtləşdirməsi və
Azərbaycana qarşı davamlı təhdidlər kimi bir xeyli problemlər yaşanıb:
“Buna baxmayaraq, eyni coğrafi məkana görə Azərbaycanın bu ölkələrlə
əməkdaşlığı mümkündür. Amma Avropa və Qərb ölkələri olmadan belə
əməkdaşlıq sadəcə, Azərbaycanın iqtisadiyyatı üçün əsas ola bilməz”.
Ekspert hesab edir ki, Azərbaycanın Rusiya və Iranla əməkdaşlığı
strateji əməkdaşlıq çərçivəsində mümkün deyil. Məhəmməd Talıblının
sözlərinə görə, Azərbaycanın inkişafı Qərb və Avropa dəyərlərinə
inteqrasiyası, iqtisadi əlaqələrin genişləndirilməsi və
intensivləşdirilməsindən keçir.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=10230