Beynəlxalq ekspertdən Rusiya haqda dəhşətli proqnoz

30.07.2014 - 08:45

“Status-kvonun saxlanması Rusiya üçün iqtisadi dəhşətdən başqa heç nə vəd etmir”

Slava Rabinoviç: “Status-kvonun saxlanması Rusiya üçün iqtisadi dəhşətdən başqa heç nə vəd etmir”

“Qərb öz kapital bazarında Rusiyanı görmək istəməsə, Rusiya həmin bazarın bir hissəsi ola bilməz”

“Diamond Age Capital Advisors”un Moskva nümayəndəliyinin baş
direktoru Slava Rabinoviç rus iqtisadiyyatını yaxın perspektivdə nələrin
gözlədiyi barədə proqnozunu açıqlayıb:

– Maliyyə bazarı (və xüsusən kapital bazarı) rus-ukrayna
konfliktindən və Rusiyaya qarşı sanksiyalardan necə təsirlənir? Bunun
Rusiya, Ukrayna və ümumiyyətlə, dünya iqtisadiyyatı üçün nəticələri necə
olacaq?

– Istənilən bazar – istər istiqraz, istərsə səhm bazarı olsun –
sərmayəçilərin kollektiv şüurunu əks etdirir. O, əsasən, gələcəyə
hesablanır və bazar iştirakçılarının gözləntilərinə dayanır. Insanlar
zəhərli olan şeylərə əl vurmaqdan çəkindikləri kimi, bazar iştirakçıları
da onlar üçün zərərli olacaq hallardan mümkün qədər uzaq olmağa
çalışırlar. Rusiya səhm bazarının bu ilə olan göstəriciləri özlüyündə
çox şey deyir. Bazarda bu il müşahidə olunan tənəzzül ötən ildən
başlanan prosesin davamıdır. Proseslərə dünya bazarı prizmasından
baxsaq, Amerika indekslərinin pik həddə yüksəldiyini görürük. Onlar
2007-ci il böhranı öncəsi olduğu həddən də yüksəkdi. Rusiya səhm bazarı
isə böhran öncəsi səviyyəsindən 50 faiz aşağıdır. 2007-ci ilin may
ayında PTC indeksi təxminən 2500 punkt təşkil edirdisə, indi bu
göstərici 1246-dır. Yekun etibarilə, son altı ildə 50 faiz mənfi
gəlirlilik müşahidə olunur. Bu, nəhəng məbləğ edir, xüsusən də onu
əlverişli xarici fonla müqayisə etdikdə.

Səhm bazarı iqtisadiyyatda baş verən proseslərin çox ciddi
göstəricisidir. Iqtisadiyyat özü-özlüyündə xeyli ətalətli sistemdir və
onun perspektivləri məhz səhm bazarının göstəricilərinə əsasən təyin
olunur. Elə indidən bazar onu deyir ki, iqtisadiyyatı irəlidə acınacaqlı
vəziyyət gözləyir.

“Rusiyanın iqtisadiyyatı həddən ziyadə primitivdir”

– Rusiyanın beynəlxalq kapital bazarında üzləşəcəyi mümkün itkilər nə dərəcə ciddi ola bilər?

– Qərb öz kapital bazarında Rusiyanı görmək istəməsə, Rusiya həmin
bazarın bir hissəsi ola bilməz. Rusiya hökuməti, regionları,
bələdiyyələri, şirkətləri və digər subyektləri Qərb bazarında iştirak
etmək istəyirlərsə, məhz Qərbdə müəyyən olunmuş qaydalara, o cümlədən
kapital bazarının dəqiq bəlli qaydalarına əməl etməlidilər. Rusiya həmin
qaydalara əməl etməsə, onu bazardan çıxaracaqlar. Bu isə, ölkə üçün
fəlakətli nəticələr deməkdir. Bazarda iştirak sehrli çubuğu işə salmaqla
olmur, burada mövcud qaydalara əməl etməlisən, beynəlxalq
sərmayəçilərin gözündə kredit etimadı qazanmalısan.

– Iqtisadiyyat üçün bunun hansı acı nəticələri ola bilər? Konkret sahələr üzrə rəqəmlərə əsaslanan proqnozlar verə bilərsinizmi?

– Bu, orta müddətli perspektivdə bütün rus iqtisadiyyatının məhvinə səbəb olacaq.

Rusiya təbii sərvətlərlə zəngin olan ölkədir. Bununla belə,
iqtisadiyyatı həddən ziyadə primitivdir. Təbii sərvətlər sayəsində o,
eyni vəziyyətdə başqa bir ölkənin davam gətirə biləcəyindən bir qədər
çox müddətdə dözə bilər. Hətta bu da (təbii sərvətlərə arxalanmaq)
illüziyadır. Çünki tam çökmənin nə qədər sonra baş verəcəyi fərq etməz –
olmasın 10 ay, olsun 20 ay. Əsas odur ki, bu, qaçılmazdır.

Əvvəla, rublun kəskin devalvasiyası baş verəcək; idxalçıların hamısı
müflisləşəcək; hiperinflasiya ilə müşayiət olunan repressiya qısa
müddətdə depressiyaya səbəb olacaq; qızıl-valyuta ehtiyatları, hər nə
qədər böyük olsa da, bir-iki il ərzində idxala sərf olunacaq, çünki
ölkənin çox böyük idxal ehtiyacı var; ipoteka və istehlak kreditləri
üzrə əhali kütləvi defolta məruz qalacaq; bank sistemi tamama yaxın
çökəcək; şirkətlər hazırda olan 750 milyard dollar civarındakı
borclarını heç nə ilə ödəyə bilməyəcək və bu üzdən kütləvi müflisləmələr
başlayacaq; iş yerlərinin itirilməsi əhali kreditləri üzrə defoltun
yeni mərhələsini açacaq. Beləcə, spiral üzrə, tam tənəzzülədək.

Iqtisadiyyatın ciddi itkiyə məruz qalmayacaq yeganə sahəsi, çox güman
ki, ixracat və ilk növbədə resurs ixracı olacaq. Bu sahədən xarici
valyuta şəklində gəlir əldə edən şirkətlər, rublun kursunun düşməsinə
baxmayaraq, nisbətən dayanıqlı ola biləcəklər. Hərçənd, 1998-ci ilə
nisbətən, onların da xarici valyuta ilə xərcləri bu gün az deyil.

“Rusiya iqtisadiyyatının çökməsi qonşulara da mənfi təsir göstərəcək”

– Rusiya hadisələrin bu cür acı ssenarisindən hansı yolla qurtula bilər?

– Status-kvo saxlanacağı halda, heç bir yolla. Rusiya tam fərqli kurs
götürməlidir. Onun hələ ki, az da olsa imkanları qalır. Ilk növbədə,
Ukraynadakı dəhşətə son qoyub, Qərblə tədrici yaxınlığa başlamalıdır.

– Sizcə, indiki ssenari davam edəcəyi halda, udan tərəf olmayacaq? Bəs, nəticələr Ukrayna üçün nə qədər ciddi ola bilər?

– Nəticələr Ukrayna üçün Rusiya qədər fəlakətli olmayacaq. Əsas zərbə
Rusiyanın özünə dəyəcək və aydındır ki, bunun Rusiyanın yaxın-uzaq
qonşuları üçün də mənfi nəticələri olacaq. Rusiya ilə iqtisadi
əməkdaşlığı olan ölkələr bu ssenaridən zərər görəcək, təbii ki, amma
məhdud səviyyədə. Müqayisə üçün, Yunanıstanda olan iqtisadi böhranı yada
salın. Ölkənin iqtisadi əməkdaşları müəyyən qədər zərər gördülər, lakin
ən böyük zərbə Yunanıstanın öz iqtisadiyyatına dəydi.

Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının cüzi bir qismini təşkil
edir. Onun çökməsi qlobal iqtisadiyyata itki verəcək əlbəttə, ancaq
sistem böhranı doğuracaq həddə deyil.

– Necə hesab edirsiz, Rusiyanın ali siyasi rəhbərliyi bu cür mütəxəssis rəylərinə məhəl qoyacaqmı?

– Hər şey bu məsələdə Putinə təsir göstərə bilənlərin kimliyindən
asılıdır. Hələ ki, ona ən ciddi təsirlər hərbi güc düşərgəsindən gəlir.
Və bu təsir dağıdıcıdır. Güc düşərgəsi üçün, məsələn, mənim indi
danışdıqlarım əhəmiyyətsizdir, çünki onların belə şeylərdən sadəcə
anlayışı yoxdur. Digər düşərgə isə bunları çox yaxşı başa düşür, tam
təfərrüatı ilə.

– Digər düşərgə dedikdə kimləri nəzərdə tutursuz?

– Bütün liberal düşərgəni. Ulyukayevdən (Rusiyanın iqtisadi inkişaf
naziri) və Siluanovdan (maliyyə naziri) tutmuş, Putinə çıxışı hələ də
qalan sabiq vəzifəlilərədək: Kudrin (sabiq maliyyə naziri), Qref (sabiq
iqtisadi inkişaf naziri) və başqaları.

– Putinə nə mane olur bu adamları eşitmək üçün?

– Hazırda düşdüyü vəziyyət mane olur. Müstəsna olaraq siyasi işdir.

– Rusiyanın xarici tərəfdaşlarının hansı arqumentləri Putinə təsir göstərə bilər?

– Heç biri. Putin onlarla eyni dildə danışmağa son qoyub. Xanım
Merkelin mart ayında dediyi kimi, Putin başqa reallıqlarla düşünür. Bu,
iki fərqli dünyanın, iki fərqli sivilizasiyanın toqquşmasıdır.

– Ümid varmı ki, bu iki dünya necəsə bir araya gələcəklər?

– Çətin. Geriyə qayıdışı olmayan hədd artıq arxada qalıb.

– Demək olarmı ki, hadisələrin ən pis ssenarisi Rusiya üçün ən real olandır?

– Bilmirəm. Bunu heç ki bilmir.(finance.liga.net)
Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=10231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31