Türkiyə üzərindən Azərbaycana İŞİD təhlükəsi

30.07.2014 - 09:16

Qara kabus sərhədlərimizin bir
addımlığında

Qara kabus sərhədlərimizin bir
addımlığında

İki qardaş ölkə arasına məzhəb ixtilafı salmaq istəyən
məkrli qüvvələr fəallaşıb; İstanbulun neçə-neçə məscidi terrorçu
qruplaşmanın nəzarəti altındadır, bu məscidlərdə aldadılmış
azərbaycanlılar təlimdən sonra Suriyaya ölümə göndərilirlər; bir
xəvaricdən şok təhdid: “İraqda şiələri çox yaxşı gəbərdirlər, Türkiyədə
də başlansaydı…”

 
 
Müqəddəs islam dinini öz bildiyi kimi
təbliğ edib gözdən salan, günahsız müsəlmanlara qarşı hər kəsi şoka
salacaq qəddarlığı və rüsvayçı fətvaları ilə gündəmdən düşməyən
“İraq-Şam İslam Dövləti” (İŞİD) qruplaşması öz işindədir. Bəzi böyük
güclərin əlində bəlkə də özünün də xəbəri olmadan siyasi alətə çevrilən
terrorçu hörgüt ciddi müqavimətlə üzləşmədiyindən, getdikcə daha qorxunc
əməllərə həvəslənməkdədir. 
Bu qurumun İslama, ümmətə hər hansı aidiyyətinin olmadığı İsrailin
Qəzzada törətdiyi son qətliamlara susqun reaksiyasından bir daha bəlli
oldu. İŞİD-in böyük güclərin strateji maraqlarına cavab verməsi
bugünlərdə Qərb mətbuatında gedən analitik yazıların birində növbəti
dəfə özünü göstərdi. Məqalədə deyilir ki, artıq nə Yaxın Şərq əvvəlki
Yaxın Şərq, nə də İraq və Suriya əvvəlki bütöv dövlətlər olmayacaq;
çünki qüdrətli güclərin neftlə zəngin bölgənin enerji resurslarının
təzədən bölüşdürülməsinə, “müstəqil Kürdüstan” yaratmağa yönəlik böyük
planı sonuncu fazaya girib. 
Görünən, sezilən odur ki, İŞİD-in bəşəriyyət əleyhinə əməlləri əsla
ümmət maraqlarından yox, fərqli dünya güclərinin maraqlarından
qaynaqlanır və İslam birliyini sarsıtmağa, dinimizi dünyada gözdən
salmağa hesablanıb. Bunun isə vaxtilə dünyada vəhhabi təriqətinin
əsasını qoymuş məlum mərkəzlərin uzaqgedən hədəflərinə uyğun gəldiyi
şübhə doğurmur.      
İslamafob qüvvələrin, türk düşmənlərinin məsələdə bəzi başqa,
qorxulu hədəflərinin olması da istisna deyil. Söhbət son illər əlaqələri
durmadan möhkəmlənən iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında
israrla məzhəb ixtilafı yaratmaq istəyindən gedir. İndilikdə bu plan
real görünməyə bilər, amma unutmaq olmaz ki, İŞİD-in xilafət xülyaları
da dünənədək ciddi sayılmırdı… 
*   *   *
Təhlükəyə dair siqnallar isə artmaqdadır. Məsələn, bu arada bəlli
olub ki, terrorçu qruplaşma Türkiyənin İstanbul şəhərində bəzi
məscidləri artıq “işğal” edib. O da bildirilir ki, aldadılmış Azərbaycan
vətəndaşlarının həmin məscidlərdə beynini yuyaraq, Suriya və İraqa yola
salırlar (virtualaz.org). Məlumatı Türkiyədə cəfərilər təriqətinin
(şiəliyin qolu) liderlərindən olan, Əhlibeyt Alimləri Dərnəyinin başqanı
Hasan Kanaatlı “Cümhuriyet” qəzetinə verib. 
Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və
Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb.
Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimatlandırıldıqdan
sonra Suriyaya ölümə göndərilirlər. Onun sözlərinə görə, Türkiyə şiələri
üçün İŞİD təhdidi getdikcə artır: “İnsanlarımız özlərinin
təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki,
qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək.
Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq
10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik”.
Bir neçə gün əvvəl isə cəfərilərin Məhəmmədiyyə məscidinə hücum
olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin
edilir. Dərnək başqanı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları
necə hədələdiyini eşidiblər. “”Sizə burada azan oxutmağa imkan
verməyəcəyik” deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də
Fatihdir. Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşüralar
paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə camisi
mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri
orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə
geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən
idi, iki uşağı vardı. Dövlətin bu cür işlərdən xəbərinin olmaması mümkün
deyil” – deyə cəfəri lider vurğulayıb. 
H.Kanaatlı onu da qeyd edib ki, bir gün evinin balkonunda oturanda
küçədən keçən vəhhabilərin “Suriyada, İraqda həmd olsun, şiələri çox
yaxşı gəbərdirlər. Burada da başlasaydı…” deyə ona sataşdıqlarını
eşidib. Şiə lideri əlavə edib ki, həyatı üçün narahatdır və
mühafizəçilərlə təmin olunmasını istəyir.
*    *   *
Göründüyü kimi, Türkiyədə şiə təriqəti daşıyıcılarının və onların
doğmalarının həyatına təhlükə kifayət qədər realdır və günü-gündən
böyüyür. Burdaca xatırladaq ki, İŞİD-in hədəf aldığı ölkələr sırasında
Türkiyə və Azərbaycan ön sırada gəlir. Və heç şübhəsiz, “xilafət”
ssenarisi baş tutarsa, beynəlxalq təşkilatlar, Türkiyə terror
qruplaşmasını durdurmaq, o cümlədən İstanbuldakı zəbt etdikləri
məscidlərdən onları vurub çıxarmaq üçün əməli addımlar atmasa, təhlükə
qardaş ölkə ərazisi ilə məhdudlaşmayacaq. 
Bu üzdən rəsmi Ankara problemin olası uzantılarını, məsələnin
Azərbaycanla münasibətlərə xələl gətirə biləcəyinin mümkünlüyünü ciddiyə
alıb təsirli kontur-tədbirlər haqda, qardaş ölkədəki cəfərilərin can və
mal varlıqlarının təhlükəsizliyini təmin edilməsi haqda indidən
düşünsə, yaxşı olar. Sonra gec ola bilər.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=10233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31