Əliyevə intihar xəbərdarlığı
“Bizim özünəqəsddən başqa əlacımız yoxdur və bunun məsuliyyəti rəhbər şəxslərin üzərində qalacaq”

Tovuz rayonu, Ağbulaq kənd sakinləri Məleykə Həsənova, Qələm
Tağıyeva, Fəridə Tağıyeva və Mirvari Vəliyeva dövlət başçısı Ilham
Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladıqları şikayət
məktubunun surətini “Azadlıq”a da göndəriblər. Tovuz sakinləri
dolanışıqlarını təmin edən mal-qaralarının oğurlandığını, müvafiq
qurumların məsələyə biganə yanaşdığını, cinayətkarların tapılıb
cəzalandırılmadığını yazır:
“Bu müraciəti artıq 29-cu dəfə etməyə məcburuq. Bizim şikayətimizə
bugünədək heç kim baxmayıb. Biz Tovuzun Ağbulaq kəndində həm erməni
işğalçılarına, həm də zəhmətkeşlərə qənim kəsilən müftəxorlara qarşı
mübarizə aparmağa məcburuq. Onlar bizə asudə yaşamağa imkan vermirlər.
12 may 2013-cü ildə bizim 7 baş iribuynuzlu mal-qaramızı oğurlayıblar.
Mal-qaranı sərhəd xidmətində bir nəfər əsgər də görüb. Itən heyvanların
axşam saatlarında Kirən kəndinə, daha sonra Yanıqlı kəndinə aparıldığını
görüblər. Bu barədə dəfələrlə əlaqədar orqanlara, hüquq-mühafizə
təşkilatlarına müraciət etmişik. Ağbulaq kənd sahə müvəkkili, Tovuz
rayon cinayət axtarış şöbəsi, polis idarəsi, Daxili Işlər Nazirliyi,
Müdafiə Nazirliyi, Milli Məclis və digər orqanlara şikayət ərizəsi
yazmışıq. Lakin indiyədək bu hadisənin üstü açılmayıb. Biz
heyvanlarımızı kimin oğurladığını bilirik, lakin səlahiyyətimiz yoxdur
ki, onları sorğu-suala çəkək və yaxud məsuliyyətə cəlb edək. Bizim
dolanışığımız saxladığımız mal-qaradan çıxır, onu da oğurlayıblar.
Əlaqədar orqanlar isə heç bir iş görmür.
Martın 4-də Prezident Administrasiyasında olduq. Bizi Daxili Işlər
Nazirliyində Emin Şəkinskinin qəbuluna göndərdilər. O, bizə söz verərək,
haqlı şikayətimizin bir həftə ərzində ədalətli həllini tapacağını
söylədi. Lakin heç bir nəticə olmadı. Azyaşlı övladlarımızı dolandıra
bilmirik. Məcburuq ki, bu dəfə azyaşlı övladlarımızı da özümüzlə Bakıya
gətirib, onları Prezident Aparatının qarşısında qoyub canıma qəsd edək.
Bütün əsaslar olduğu halda, bu hadisənin üstü niyə açılmır?
Bizə Respublika Prokurorluğunda söz verdilər ki, bir həftə ərzində
şikayətimizə baxılacaq. Rəhbər şəxslərin bir həftəsi iki ay oldu.
Ölkədə sadə vətəndaşların şikayətinə baxan bir rəhbərin tapılacağı
ümidilə biz hələ ki dözürük. Tovuzla Bakı arasında qalmışıq. Bizi
dinləyən bir təşkilat yoxdur. Odur ki, müraciətimizi qəzet vasitəsilə
ölkə rəhbərinə çatdırmaq istəyirik. Xahiş edirik, mal-qaramızın
tapılmasına və bu işdə günahı olanların cəzalandırılmasına kömək edin.
Bizim özünəqəsddən başqa əlacımız yoxdur və bunun məsuliyyəti rəhbər
şəxslərin üzərində qalacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10299