İsmayıllıda etiraz aksiyalarına çağırışlar

31.07.2014 - 10:00

Səbəb məmur özbaşınalığıdır

İsmayıllıdan aldığımız məlumata görə, yaxın günlərdə əhali etiraz
aksiyalarına, piketlərə başlamaq niyyətindədir. Hətta bu məsələ ilə
bağlı müəyyən dairələrdə çağırışlar və hazırlıqlar gedir. Səbəb isə
məmur özbaşınalığı, bürokratik əngəllər və meşələrin açıq talan
edilməsidir. Əhali yeni icra başçısı Mirdamət Sadıqovun yarıtmaz
fəaliyyətindən və verdiyi vədlərə əməl etməməsindən çox narazıdır. Ən
aktual olan problem meşələrin talan edilməsidir. Şikayətçilərin
fikirlərini təqdim edirik.

– Mən dünyanın heç yerində belə qanunsuzluq görməmişəm – Qarabağ və
polis veteranı, Ismayıllı rayonu Kürdüvan kənd sakini Mülküşah Həşimov
deyir. – Uzun müddət Rusiyada polis orqanlarında işləmişəm, dünyanın çox
yerini gəzmişəm, Azərbaycanda olan haqsızlığı, ədalətsizliyi dünyanın
heç harasında görməmişəm. Mənim heç harda torpağım yox idi, keçmiş icra
başçısının dövründə prezidentə dəfələrlə şikayət etdikdən sonra mənə
xahiş-minnətlə bir az torpaq verdilər. Təxminən 2 ilə yaxındır bizdən
xeyli aralıda “Teliba” adlanan istirahət mərkəzi fəaliyyət göstərir.
Onlar bütün meşələri qıra-qıra Ağsu çayına kimi əraziləri zəbt ediblər.
Indi gəlib bizim ərazilərə də soxulublar. Bizə açıqca hədə-qorxu
gəlirlər ki, yerinizi satmalısınız, əks halda onsuz da əlinizdən
alacağıq. Dəqiq bilirəm ki, onların heç bir hüquqi sənədi yoxdur, ancaq
nə olsun, əlaqədar qurumlara – meşə idarəsinə, ekologiya idarəsinə,
torpaq şöbəsinə külli miqdarda rüşvət verib meşələri dağıdırlar və indi
də bizim ərazilərimizə soxulublar.

Mən hərdən fikirləşirəm ki, niyə biz beləyik, niyə bizim dövlət
aparatı işləmir, niyə qanunlar ayaqlar altına atılıb, niyə məmurların
iradəsi qanunlardan üstün tutulur. Mən ermənilərlə bunlar arasında heç
bir fərq görmürəm. Ermənilər də beynəlxalq qanunlara tüpürüb
ərazilərimizi işğal etdi, bunlar da qanunsuz olaraq eyni işi həyata
keçirirlər. Dəfələrlə rayon rəhbərliyinə məlumat vermişik, etiraz
etmişik, tədbir görən yoxdur. Bütün gördükləri işləri də prezidentin
ailə üzvlərinin, nazirlərin, adı ilə həyata keçirirlər. Mən prezidentə
müraciət edirəm. Cənab Ilham Əliyev, yaxın vaxtlarda Ismayıllıya
səfəriniz çərçivəsində bu məsələlərə münasibət bildirin. Ismayıllıda
meşə qalmayıb, bulaqlar dağıdılıb, dovşan meşədə gəzəndə görünür, daha
bunun harası meşə oldu? Coğrafi varlığımız əldən gedir. Bu haqsızlığı
allah da götürməz.

Ismayıllı yağışdan çıxıb yağmura düşdü

Məlum yanvar hadisələrindən sonra dövlət başçısı rayonumuza öz
yerlimizi icra başçısı təyin etdi. Həmin vaxt hamıdan çox mən
sevinmişdim. Ancaq indi görürəm ki, nahaq yerə sevinmişəm. Sən demə,
Ismayıllı yağışdan çıxıb yağmura düşdü. Təzə başçı rayonda nə qədər
dəyərsiz adam varsa, hamısını yığıb ətrafına. Atalar deyir: dostunu mənə
göstər, sənin kim olduğunu deyim. Bu adam açıqca etiraf edir ki, idarə
müdirləri məni saymır, sözümü eşitmir. Yaxşı, belədirsə, onda nə
oturmusan o postda, istefa ver get də.  Yaxın vaxtlarda “Teliba”
haqqında tədbir görülməsə, etiraz aksiyalarına başlayacağıq.

Bu qədər pulu haradan oğurlayıblar

Digər şikayətçi, Basqal kənd sakini Aprel Əliyev də məmur özbanalığı
ilə üzləşdiyini deyir: “Sovet dövründən bu gördüyünüz “Vələsli”
restoranını işlədirəm. Burada bulağı da bərpa etmişəm, digər şərait də
yaratmışam rayon torpaq şöbəsinin müdiri Rövşən Behbutov məni hədələyir
ki, sənin yerin əkinə düşür, cərimə yazacam. Başım çıxmır, meşə içi necə
əkin sahəsi sayıla bilər? Xəritənin başına elə oyun açıblar ki, bizə də
göstərmirlər. 40 ildir işləyirəm, daşı daş üstünə qoya bilmirəm. Ancaq
torpağın müdiri Rövşən Behbutov, meşənin müdiri Ilqar Qəribov,
ekologiyanın müdiri Əlirza Əliyev o qədər pullanıblar ki, indi bizə
kəllə atırlar, haradan oğurladılar bu qədər pulu? “Teliba”nı üstümüzə
salan elə bunlardı. “Teliba”nı işlədənlər açıqca deyirlər ki, biz 500
minə yaxın rüşvət vermişik, inanıram…

Niyə Ismayıllı torpaqları çöldən gələn imkanlı şəxslərə satılır, niyə
meşələrimiz, bulaqlarımız dağıdılır, meşələrimizdə fahişəxanalar
tikirlər? Icra başçısı danışanda heç kimə imkan vermir, neçə dəfə demək
olar, yəni qan düşəndən sonra hərəkətə keçəcəklər. Artıq canımız
boğazımıza yığılıb təcili tədbir görülməsə aksiyalara başlayacayıq.

“Rövşən Behbutov kimdən nə alır, nə verir…”

Rayon torpaq şöbəsinin müdiri Rövşən Behbutov məzuniyyətdə olduğu
üçün məsələyə münasibəti müdir müavini Ildırım Babayev bildirdi: “Aprel
Əliyevə idarəmiz qanuna müvafiq formada 600 AZN miqdarında cərimə yazıb.
Çünki o, özünə aid olmayan ərazidə qazıntı işı aparıb və torpağın üst
qatını zədələyib. Aprel Əliyev idarəmizin cərimə yazılmış  məktubunu da
qəbul etməyib, buna görə də onun haqqında məhkəmə qaydasında iddia
qaldıracağıq. Rövşən Behbutov haqqında deyilənlərə mən heç bir münasibət
bildirə bilmərəm, onun nəyi var, nəyi yoxdu, kimdən nə alır, nə
verir… özü gələndə soruşarsınız”.

Meşə mühafizəsi və bərpası müəssisəsinin mövqeyi

Idarə müdiri Ilqar Qəribovun mövqeyi sərt oldu: “Bütün bu suallar
nəyə görədir? Onlar qanuni şəkildə fəaliyyət göstərirlər, müqavilə
əsasında. Mən ərazidə olub baxmışam, heç bir meşə qırıntısı yoxdur.
Oralar heç bir dəmir torla da tutulmayıb. Vətəndaşlar qələt eləyir, şər
atırlar, heç kimdən rüşvət almamışam. Vəssalam”.

Suallar qarşısında çaşıb qalan müdir Ilqar Qəribovun yalan
danışmaqdan başqa çarəsi qalmadı. Hətta bir az da irəli gedərək
“vətəndaşlar qələt edir” deməkdən belə çəkinmədi. Fakt isə göz
qabağındadı, meşə dağıntıları, məhv edilmiş bulaqlar və dəmir torla
çəpərlənmiş meşəliklər.(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=10300

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31