Alüminium zavodu ölüm saçır

31.07.2014 - 10:22
Gəncə-Bakı yolunu kəsən sakinlər təmiz hava istəyirlər

Gəncə-Bakı yolunu kəsən sakinlər təmiz hava istəyirlər

Gəncədə köçkünlərə salınan yeni qəsəbədə addımbaşı polis postları
qurulub. Buna səbəb bir neçə gün öncə sakinlərin Gəncə-Bakı yolunu
kəsməsi və etiraz aksiyası keçirməsidir. Alüminium zavodundan çıxan
zərərli tullantıların küləkli günlərdə evlərə dolması burada yaşayan
1500 ailənin narazılığını doğurub.

Kəlbəcərdən köçkün düşən Səidə Nəcəfovanın dediyinə görə, qəsəbəyə
köçəndən bəri şikayətlərini dəfələrlə uyğun qurumlara çatdırsalar da,
etirazlarına məhəl qoyulmayıb:

“O üzdən yolu kəsib etiraz edirdik ki, bizi gətirib burada qırırlar.
Zəhərdən aman yoxdur. Biz cəhənnəm, körpə uşaqlar var, axı. O tərəfdən
zibilin tüstüsü, burdan da zavodun iyi. Tüstünü nə təhər buraxırlarsa,
gecə saat 12-dən sonra istidən ölürəm. Kondisionerimiz yoxdur, pəncərəni
açınca, zəhər evə dolur. Indiyədək çox müraciət etmişik, baxmayıblar.
Çarəsizlikdən yolu kəsdik”.

Tozdan pəncərəni açmaq olmur 

Alüminium zavodu köçkünlərə salınmış qəsəbənin önündə yerləşir.
Qəsəbə salınarkən, Qaçqınlarla Iş üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov da zavod tullantıların zərərli təsirini aradan qaldırmaq üçün
qumdan və ya su süzgəclərindən yararlanmağa kəskin ehtiyac olduğunu
 vurğulamışdı. Ancaq sakinlərin fikrincə, ötən yarım il müddətində
bununla bağlı heç bir iş görülməyib.

Adının açıqlanmasını istəməyən sakin: “Gecə pəncərəni açırıq, his-pas
içəri dolur. Belə yerdə yaşamaq olar? Körpə var, xəstə var…”

Sakin Nəsir Həmidov zəhərlə mübarizənin bir yolunu tapıb – hər gün
əlində bel alaraq ağac əkib yaşıllıq salmağa cəhd göstərir. Amma o da
gileylənir ki, zəhərli tullantılar yaşıllıqların da inkişafına mane
olur: “Axşam olanda kükürd qoxusu gəlir”.

Yeni qəsəbənin köçkün sakinlərinin gileyi bitmək bilmir. Onların
dediyinə görə, qəsəbənin arxa tərəfində yerləşən zibilliyin də üfunəti
evlərə hopur. Zibil yandırılanda, qoxu dözülməz olur: “Xəstə adamlarıq,
hamımız qırılırıq. Tozdan pəncərə açmaq olmur. Qırmızı tozdur. Gecə də
zavodun iyini buraxırlar. Nədirsə, kükürd yanığı iyi gəlir. Qaçqınları
bura qırmağa yığıblar. Bura yaxşı torpaq idisə, niyə bizi bura yığdılar?
Buraya gələn yox idi deyə, qaçqınları bura yığdılar”.

Yarım metr qalınlığında torpaq tökülür

Sakin Fərrux Xəlilov: “Bir tərəfdən zibilin iyi, o biri tərəfdən
zavodun qoxusu-tozu… Zibildən də çox zavodun iyi bizi məhv edir. Burda
bir iş yeri də yoxdur. Qaz yox, isti su yox, toz ordan, zibilin iyi
burdan… Burada yaşayış yoxdur. Qazı çəkiblər, amma vermirlər”.

Qaçqınlarla Iş üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölməsinin sədri
Süleyman Abbasov deyir ki, sakinlərin narazılığı ilə bağlı toplanıb
müşavirə keçiriblər və tədbir görüləcək: “Qəsəbənin əks tərəfi var.
Orada zibil poliqonu olub, oraya tökürlərmiş zibilləri. Indi tökülmür.
Kimsə yoldan keçincə, oraya od vurur. Ondan narazılıq edirlər. Yeni
zavod artıq yeni texnologiya ilə işləyir, tullantısı olmur. Amma
əlaqədar təşkilatlar toplanıb, müşavirə keçirərək söz veriblər ki, bunun
qarşısı alınacaq”.

“Gəncə Azəralüminium” ASC-nin direktoru Akif Ibişovun dediyinə görə,
artıq bir ildir ki, 141 hektar ərazidə 50 sm qalınlığında torpaq
tökülür: Yaxın illərdə zavodun qırmızı tozu havaya qalxmayacaq, torpaq
qatı ilə tam örtüləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=10301

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31