Üç dəfə artımdan sonra 100 manata çatan dövlət yardımı

31.07.2014 - 10:30

Natiq Cəfərli: “Həmin sosial müavinəti ayıranların üzərində
eksperiment keçirib, onların ailələrinin 100 manata necə yaşadığını
müəyyənləşdirmək yaxşı olardı”

Azərbaycanda hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq
məbləği son 8 ildə 3 dəfədən də çox artıb. Bu haqda Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “trend”ə
verilən məlumatda bildirilir ki, ünvanlı yardımın hesablanması üçün
ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən
müddətdə 3,3 dəfə artırılaraq, bu il yanvarın 1-dən 100 manata
çatdırılıb.

Xatırladaq ki, bu ilin 1 iyul tarixinə ölkədə 559 min 834 nəfər ailə
üzvünü əhatə edən 128 min 25 ailəyə ünvanlı dövlət sosial yardımı təyin
olunub. Həmin ailələrdən 37 min 208-i tərkibində 3 və daha çox uşağı
olan, 11 min 596-sı məcburi köçkün, 307-si isə şəhid ailələridir.
Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18
yaşadək ailə üzvlərinin sayı 276 min 134 nəfər, sağlamlıq imkanları
məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı
əlil ailə üzvlərinin sayı isə 32 min 789 nəfərdir.

Reallığa diqqət yetirəndə, bir ailənin ehtiyaclarını qarşılamaq üçün
100 manatın neçə günə kifayət edəcəyini hesablamaq çox asandır. Ən
çətini bu məbləğlə bir ayı necə yola verməkdir ki, bunu da səlahiyyət
sahibləri izah etmək istəmir. Görəsən, 8 ildə ünvanlı yardımların orta
aylıq məbləği üç dəfə artırılandan sonra cəmi 100 manata çatdırılıbsa,
burada fəxr etməli nə var?!

Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki,
Azərbaycandakı qiymətlərə və qonşu ölkələrin bu sahədə gördüyü işlərə
nəzər salanda, ölkəmizin iqtisadi potensialı fonunda verilən məbləğlərin
həddən artıq kiçik olduğu görünür. Ekspertin sözlərinə görə,
Azərbaycanda verilən əməkhaqqılar, təqaüdlər, sosial müavinətlər
iqtisadiyyatında neft və qaz, yəni, enerji resursları dominant rol
oynayan Qazaxıstan, Rusiyadan belə aşağı səviyyədədir: “Hökumət
rəqəmlərlə oynamağı, insanları çaşdırmağı uzun illərdir təcrübədən
keçirir. Sosial müavinətlərin son illərdə üç dəfə qaldırılmasının
reallıqla nə qədər uzlaşdığı və bir ayın ehtiyaclarını nə dərəcədə
ödədiyindən bəhs edən yoxdur. Həmin sosial müavinəti ayıran insanların
üzərində bir eksperiment keçirməklə onların ailələrinin 100 manata necə
yaşadığını müəyyənləşdirmək yaxşı olardı”.

Ekspert vurğulayır ki, ölkənin potensialı ilə real rəqəmlər arasında
ciddi fərqlər var. Sadəcə, iqtisadi rəqəmlərlə müəyyən dərəcədə
oynamaqla ictimai şüura təsir etməyi düşünürlər: “Amma adamlar çox yaxşı
başa düşür ki, deyilənlər reallıqla uyğun gəlmir”.(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=10303

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31