Müsavatda qurultay öncəsi gərgin vəziyyət
Partiyadaxili ittihamlar artıb
Müsavat Partiyasının qurultayının sentyabrda keçiriləcəyi barədə
açıqlama yayılandan sonra partiyadaxili ittihamlar artıb. Müsavat
Partiyasının üzvü Səxavət Əlisoyun “facebook”da “Müsavat başqanı kim
olacaq?” başlıqlı paylaşımı müsavatçılar arasında mübahisə doğurub. Bu
barədə “Meydan.tv” məlumat yayıb. Xatırladaq ki, Səxavət Əlisoy bunları
yazmışdı:
“Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur.
Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır,
bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən
ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda
otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar
var, “filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var,
“behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını
deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün
bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini
izhar etmək haqqı var.
Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən
biridir. Bu partiyada çoxlu sayda ziyalı başqan postuna layiqdir.
Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o
cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir.
Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm
ki, belə də olacaq”.
Səxavət Əlisoyun yazdıqlarına Hollandiyada mühacir həyatı yaşayan
Eldəniz Yusubov isə “Mən də təklif edirəm, Müsavat başqanı naxçıvanlı
ola bilməz”, – deyə reaksiya vermişdi.
Ondan sonra, hazırda Sülhəddin Əkbərin sədr olduğu Azad Demokratlar
Partiyasının Məclis rəhbəri olan Tapdıq Abbas Arif Hacılını hədəfə alıb.
O, Arif Hacılının qrupunun Sülhəddin Əkbəri partiyadan uzaqlaşdırmaqda
ittiham edib.
Vəziyyət o həddə çatıb ki, mübahisə edən tərəflər bir-birinin
milliyyətinə şübhə ilə yanaşır. Elə Arif Hacılının iyulun 29-da
“facebook” səhifəsində yazdıqları da dediklərimizi təsdiqləyir.
Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri yazır ki, partiyanın
600-dək qurultay nümayəndəsi onun milliyyətinin, dininin, siyasi
əqidəsinin, partiyanın və Azərbaycanın gələcək inkişafı ilə bağlı
düşüncələrinin, insanlara münasibətinin nə cür olduğunu çox yaxşı bilir:
“Müsavat başqanının kim olması yalnız müsavatçıları deyil, partiyanın
cəmiyyətdə olan dostlarını, rəqiblərini, düşmənlərini də maraqlandırır
və hər kəs öz düşüncələrinə uyğun olaraq bu məsələyə müdaxilə etməyə
çalışır”.
A.Hacılı hazırda Müsavatda yeni başqanın seçilməsi zərurəti ortaya
çıxdığı üçün başqanlığa iddia edən şəxslərə və xüsusi iddiaçılara qarşı
kampaniyaların aparılmasında qeyri-adi bir şey görmür: “23-cü ildir
Müsavat Partiyasında rəhbər vəzifələrdə fəaliyyət göstərirəm. Düşünürəm
ki, Səxavət Əlisoy, Tapdıq Abbas və ya bir başqasının fikirləri
partiyanın qurultay nümayəndələrinin mənə olan münasibətini
dəyişməyəcək. Ona görə də bu məsələlərlə bağlı müsavatçıların xüsusi
narahatlıq keçirməsinə əsas yoxdur”.
Sosial şəbəkələrdəki müzakirələrdə o fikir xüsusilə vurğulanır ki,
gəncliyə yol verilməlidir. Gənclərdən isə Tural Abbaslı daha şanslı
namizəd hesab olunur. Amma o və Müsavat başqanı Isa Qəmbər hazırkı
mübahisəli duruma susqun yanaşır.
“Müsavatda gənclərin partiya başqanı olmasına qarşı çıxanlar var.
Belə bir təbliğata cəhd edilsə, bu, uğursuzluqla nəticələnəcək. Biz belə
mübarizənin əleyhinəyik”, – deyə Müsavat Partiyasının Divan üzvü,
başqanlığa namizədliyə iddialı Tural Abbaslı APA-ya açıqlamasında
bildirib.
T.Abbaslı qeyd edib ki, bəzi şəxslər tərəfindən səsləndirilən
“gəncdən başqan olmaz” və ya “başqanlıqda yaş məhdudiyyəti olmalıdır”
kimi fikirlərin əleyhinədir: “Biz o düşüncədə deyilik ki, gəncik deyə,
hamı kənara çəkilib, yerini bizə versin. Biz qəbul edirik ki, bu, siyasi
mübarizədir və burada hərə öz ambisiyasını, hədəfini həyata keçirmək
uğrunda mübarizə aparır. Müsavatda gənclərin partiya başqanı olmasının
əleyhinə çıxanlar olsa da, məhz mənim başqanlığa namizədliyimin əleyhinə
əks arqument yox dərəcəsindədir. Çünki mənim ilk gündən partiya
təşkilatçılığı, siyasi fəaliyyətim haqqında çatışmazlıq yoxdur. Eyni
zamanda, gənclər digər ölkələrdə nəinki partiyalar, hökumət
idarəçiliyində də yaxından iştirak edirlər”.
T.Abbaslı Müsavat başqanının müşaviri Səxavət Əlisoyun “başqan türk
olmalıdır” fikrinə də münasibət bildirib: “Müsavat Partiyasında heç vaxt
bir insanın milli, dini və ya cinsi mənsubiyyətinə görə ayrı-seçkilik
olmayıb. Ancaq mən Səxavət Əlisoyun fikrinə normal yanaşıram və tənqid
etmək fikrində deyiləm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10307