Leyla Yunus vicdan məhbusu elan edildi


“Leyla Yunusun həbsi Azərbaycanda insan haqlarının ağır vəziyyətinə yeni nümunədir”
Norveç İnsan Hüquqları Evi Fondu hüquq müdafiəçisi Leyla Yunusun
həbsini və onun həyat yoldaşı Arif Yunusun təqib edilməsini pisləyib.
Təşkilatın bəyanatında bu həbs Azərbaycanda insan hüquqları
müdafiəçilərinə və fəallara qarşı görünməmiş “repressiya dalğası”nın bir
hissəsi adlandırılır.
“Əgər Leyla Yunus və Arif Yunusa qarşı
ittihamlar “təsdiqlənərsə”, Azərbaycanda daha bir siyasi motivli həbs
olacaq”, – bəyanatda vurğulanır. Sənəd müəllifləri vergidən yayınma və
qanunsuz sahibkarlıqla bağlı ittihamların Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və mərkəzin
icraçı direktoru Bəşir Süleymanlıya qarşı sürülən ittihamlarla eyni
olduğunu xatırladıb.
Hüquq müdafiəçisi Leyla Yunusun
həbsi Azərbaycanda insan hüquqlarının ağır vəziyyətinə yeni nümunədir.
Bu barədə beynəlxalq Amnesty International təşkilatının bəyanatında
deyilir.
“Leyla Yunus uzun müddət hökumətin təhdid və hədə-qorxu ilə
susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün
hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər”, –
təşkilatın nümayəndəsi Natalya Nozadze bildirib. Azərbaycan Avropa
Şurasının Nazirlər Komitəsinin sədri olmasına baxmayaraq, ölkədə hüquq
müdafiəçilərinin təqib olunması davam edir. İyulun 30-da məhkəmə
L.Yunusu üç ay müddətinə həbs edib. Onun həyat yoldaşı A.Yunusun sərbəst
hərəkəti məhdudlaşdırılıb. Hakimiyyət Leyla və Arif Yunusları dövlətə
xəyanətdə, dələduzluqda və vergidən yayınmada ittiham edib. Amnesty
International hesab edir ki, L. və A.Yunuslara qarşı ittihamlar
saxtalaşdırılıb və L.Yunusun fəaliyyətinə görə təqib olunması prosesinin
tərkib hissəsidir. L.Yunus ötən həftə mətbuat konfransı təşkil edərək
ölkədə insan hüquqları pozulduğundan 2015-ci ildə Bakıda keçiriləcək
Avropa Oyunlarını boykota çağırıb. Həbsindən əvvəl Ermənistanın xeyrinə
casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı cinayət işi
ilə əlaqədar müntəzəm olaraq prokurorluğa çağırılıb. “Bu günkü həbs
ölkədə müntəzəm tənqidi səslərin amansız yatırılmasının başqa bir
nümunəsidir. Avropa Şurasının üzvləri Azərbaycanda insan hüquqlarının
pozulması ilə bağlı bu ölkənin hakimiyyətinə etiraz etməlidir”, -N.
Nozadze bildirib.
Hazırda Amnesty International ölkədə ən azı 19 vicdan məhbusunun olduğunu qeyd edir.
Britaniyada
yerləşən “Index of Censorship” təşkilatının saytında Leyla Yunus həbsi
ilə bağlı məqalə dərc olunub (azadliq.org). Məqalədə deyilir:
“Azərbaycanda
ifadə azadlığına iki baxış var. Biri prezidentin və onun ətrafının
reallığa məhdud baxışıdır. Bu baxış həm də prezidentin həqiqətə
etinasızlığı ilə uzlaşır. Digər baxış isə etinasız yanaşılan
vətəndaşların baxışıdır. Bu adamların həyatı maneələrlə doludur.
Azərbaycan prezidenti deyir ki, ölkədə bütün fundamental azadlıqlar təmin olunur. Burda media azaddır, internet azaddır.
Ancaq
Azərbaycan Dünya Mətbuat azadlığı indeksində 160-cıdır, Freedom House
Mətbuat Azadlığı İndeksində 183-cüdür, Freedom Housun azadlıq
hesabatında “qismən azad” ölkədir.
Hazırda Azərbaycanda azı 10
jurnalist həbsxanada uzunmüddətli həbsini çəkir. 5 blogger, 8 gənc fəal
və vətəndaş cəmiyyəti təmsilçisi həbsdədir. Amnesty İnternational
təşkilatının fikrincə, 2013-cü ildə Azərbaycanda azı 19 vicdan məhbusu
var idi. İndi isə insan haqları müdafiəçisi Leyla Yunus həbs olunub.
Amnersty
İnternational təşkilatı yaydığı press-relizində yazır ki, Azərbaycanda
insan haqları fəallarının təqib olunması davam edir, hərçənd Azərbaycan
Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir və Avropa Şurasının
üzvü kimi insan haqlarına hörmət etmək haqda öhdəlik götürüb.
Azərbaycanda
sonuncu belə təqibə məruz qalan Leyla Yunusdur. Amnesty İnternationalın
Azərbaycan üzrə təhlilçisi Natalia Nozadze deyir: “Leyla Yunus
Azərbaycanda hələ də qalmış müstəqil səsdir. Onu uzun müddətdir ki,
hökumət qorxutma və hədələrlə susdurmaq istəyirdi”. Nozadze deyir ki,
bu, baş tutmayanda ittihama və həbsə keçdilər. Təhlilçinin fikrincə,
Leyla Yunusu hökuməti tənqid etdiyinə görə cəzalandırırlar.
Məhkəmə
bu yeni ittihamlarla Leyla Yunusa 3 aylıq həbs cəzası kəsib. Onun həyat
yoldaşı Arif Yunusdan isə Bakını tərtk etməmək iltizamı alınıb.
Nozadze
hesab erdir ki, Avropa Şurasının üzvü olan ölkələr Azərbaycan
hakimiyyətindən onun öhdəliklərilə bağlı hesabat tələb etməlidirlər.
Nozadze deyir ki, Azərbaycan hakimiyyətinin pozduğu insan haqları prinsiplərinin siyahısı isə uzundur”.
“Amnesty İnternational” təşkilatı hüquq müdafiəçisi Leyla Yunusu
vicdan məhbusu elan edib. Bu barədə təşkilatın saytında rəsmi məlumat
yerləşdirilib. Məlumatda Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun
üzləşdiyi təzyiq dalğasından, onların ötən gün saxlanılmasından və xanım
hüquq müdafisəçisinin 3 aylıq istintaq müddəti üçün həbs ediməsindən
bəhs olunur.
Azərbaycan hakimiyyəti məşhur hüquq müdafiəçisi Leyla Yunusu dərhal
azad etməli və ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli
ittihamları ləğv etməlidir. Bu barədə Human Rights Watch hüquq müdafiə
təşkilatının bəyanatında deyilir.
“Son dörd ayda irəli sürülən
ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa
qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır”, deyə
Human Rights Watch-un Avropa və Asiya üzrə direktor müavini Reyçel
Denber bildirib.
“Hakimiyyət Azərbaycanın aparıcı hüquq
müdafiəçilərinin qorxudulması kampaniyasına dərhal son qoymalı və onlara
maneəsiz işləmək imkanı yaratmalıdır”, deyə o əlavə edib.
Azərbaycanın
beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin
rəhbərləri açıq-aşkar göstərməlidirlər ki, Yunusların təqibi onların
Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcək.
Yunuslar
Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham edilərək,
iyulun 30-da onlar saxlanılıb prokurorluğa gətirildikdən sonra bir neçə
saat dindiriliblər.
Müstəntiqlər Yunusların xalq diplomatiyası üzrə
layihələrdə Azərbaycan vətəndaşlarının cəlb edilməsi zamanı xarici
qrantlardan istifadə ediblər. Əslində isə bu qrantlardan casusluq
fəaliyyətinin ört-basdır edilməsi üçün istifadə ediblər.
6 saat
dindirmədən sonra prokurorluq Leyla və Arif Yunuslara qarşı dövlətə
xəyanət, fırıldaqçılıq, vergi ödənişindən yayınma və s. ittihamlarla
cinayət işi açıb.
Bundan sonra məhkəmə Leyla Yunusu 3 ay müddətinə həbs edib, Arif Yunus isə ev dustaqlığına buraxılıb.
Azərbaycanda
çoxdan hakimiyyəti tənqid edənlərə qarşı saxta ittihamlardan istifadə
olunur. Son iki ildə hakimiyyət 40-dan çox siyasi fəala, jurnalistə,
blogerə və hüquq müdafiəçisinə qarşı əsassız cinayət işi açıb, onların
əksəriyyəti həbsdədir.
Mayın 15-də Azərbaycan Avropa Şurası Nazirlər
Komitəsində sədrliyə başladıqdan sonra da tənqdi səslərin boğulması
davam edir, deyə Denber qeyd edib.
Fransanın “Le Figaro” qəzeti hüquq müdafiəçisi Leyla Yunusun həbsindən yazıb. Məqalədə deyilir:
“Fransanın
Şərəf Legionu Ordeni ilə mükafatlandırılmış azərbaycanlı hüquq
müdafiəçisi Leyla Yunus iyulun 30-da səhər saat 11.45-də evinin
qarşısında saxlanılaraq həbs olunub. Bu barədə Frans-Press Agentliyinə
onun nümayəndəsi Yusif Ağayev məlumat verərək bildirib ki, hüquq
müdafiəçisi mətbuat konfransına getmək üçün evdən çıxaraq avtomobilə
əyləşib və evinin yaxınlığında maşının qarşısını kəsiblər. Üç nəfər şəxs
maşına hücum edərək, həm sürücünün, həm də Leyla Yunusun telefonunu
alıblar. Leyla Yunusu zorla prokurorluğun Ağır Cinayətlərə Dair İşlər
üzrə İstintaq İdarəsinə aparıblar. Ardınca Leyla Yunusun həyat yoldaşı
Arif Yunus da hədələnərək, həmin idarəyə çağırılıb.
Leyla Yunus və
həyat yoldaşı Fransa prezidenti Fransua Ollandın Bakıya builki
səfərindən bir neçə gün əvvəl – aprelin 28-də Bakı hava limanında
saxlayaraq, ölkədən çıxışlarına imkan verməmişdilər. Yunusların şəxsi
əşyalarını, sənədlərini əllərindən almış, Leyla Yunus prokurorluqda altı
saatlıq dindirmədən sonra buraxdırmışdılar. Şərəf Legionu Ordeninin
sahibi olan Leyla Yunus eyni zamanda, Sülh və Demokratiya İnstitutunun
direktorudur. O, uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar
Azərbaycan və Ermənistan arasında yaranmış problemin həlli, xalqlar
arasında barışıq əldə olunması istiqamətində fəaliyyət göstərirdi.
Beynəlxalq təşkilatların hesabatlarına əsasən, neftlə zəngin olan bu
keçmiş sovet ölkəsində İlham Əliyevin rəhbərlik etdiyi rejim istənilən
fərqli fikri, müxalif mövqeni boğur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10314