Zakir Qaralov: "Bu il 11 qətl açılmayıb, korrupsiyadan 2864 nəfər şikayətlənib"
“Bu il Azərbaycanda 11 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb”.
“Bu il Azərbaycanda 11 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb”.
Bu barədə baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda
2014-cü ilin birinci yarında görülmüş işlərin yekunlarına həsr olunmuş
əməliyyat müşavirəsində bildirib.
O, qeyd edib ki, 2014-cü ilin birinci yarım ili ərzində əvvəlki
illərdə olduğu kimi qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd
cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub
məsuliyyətə cəlb edilməsi istiqamətlərində fəaliyyətin səmərəliliyinin
artırılması üçün zəruri tədbirlər həyata keçirilib: “Prokurorluğun digər
hüquq-mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi
əlaqəli işinin nəticəsidir ki, hesabat dövründə qeydə alınmış 95 qəsdən
adam öldürmə cinayətinin (2013-cü ilin müvafiq dövründə 106 hadisə)
84-nün, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam
öldürmə cinayətlərindən 19-nun isti izlərlə açılması təmin olunub.
Həyata keçirilmiş çoxsaylı istintaq-əməliyyat tədbirlərinə baxmayaraq
hesabat dövründə 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı
şəhərinin Suraxanı rayonunda, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində,
habelə İmişli, Neftçala, Tərtər, Qax, Salyan, Xaçmaz və Xızı
rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən
istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi
dəyərləndirilib”.
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına başvermə
müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan
bütün qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri
tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə
konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real
vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması,
səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla
təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq
tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində qeyd edilib ki, 2014-cü ilin birinci
yarım ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin
səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan
qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini
verib. Belə ki, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili
İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət
Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən
hesabat dövründə 7.135 (2013-cü ilin müvafiq dövründə 6.538) cinayət
işinin istintaqı yekunlaşdırılmaqla, 6.330 iş aidiyyəti üzrə baxılması
üçün məhkəmələrə göndərilib, müddət pozuntusu ilə istintaq olunma 9,6
faizə enib (2013-cü ilin birinci yarım ilində 10,8 %).
Hesabat dövründə prokurorluq orqanları üzrə istintaqı
tamamlanmış işlər üzrə vurulmuş ziyanın 6 milyon 484 min manatının və ya
39,3 faizinin, Daxili işlər orqanları üzrə isə 6 milyon 600 min
manatının və ya 71,2 faizinin ödətdirilməsi təmin edilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində
prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi
olaraq, hesabat dövründə 173 cinayət işinin icraatına xitam verilməsi
və 449 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız
qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə mövcud olan qanunsuzluq
hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların
cəzalandırılması məqsədi ilə 398 təqdimat verilib (APA).
Short URL: http://www.cumhuriyyet.net/?p=10316