"Sevil" massivi ilə bağlı şok faktlar

01.08.2014 - 01:23
Həbs olunmalı çox adam var, amma görünür prokurorluq həqiqətən vəhhabi ovuna çıxıb, korrupsioner yox

Həbs olunmalı çox adam var, amma görünür prokurorluq həqiqətən vəhhabi ovuna çıxıb, korrupsioner yox 
 
Abşeron rayonunda yerləşən “Sevil Massivi”ndən heç də reklamlarda
elan olunduğu kimi gözəllik yağmır. Buraya “təpədə yerləşən səhralıq”
desəm daha düzgün olar. Köhnə “Sevil Massivi”ndə adıçəkilən Mənzil
Tikinti Kooperativinin (MTK) ordan-burdan inşa etdiyi bütün divarlar ya
uçub, ya da əyilib. Yol salınmayıb, ətraf toz-torpaq, çala-çuxur,
daş-kəsəkdən ibarətdir. Vaxtilə torpaqları satıb-sovan şirkət yeni
ərazisinə köçəndən sonra burada qalan əhalinin yoxsul təbəqəsinin baha
qiymətə aldığı boş ərazilərdir, ya da yarımçıq tikililər. 
Miraslan
Mirişov MTK bağlanana qədər orada tikintidə işləyib. Deyir elə həbs
olunmalı adamlar idilər: “Şirkəti narkomanlar və saqqallılar idarə
edirdilər.Ofisdə “qlavar” 2 nəfər saqqallıydı, şalvarlarının ayağı da
qısa. Şirkəti bağlamazdan əvvəl gəlib ofisdəki kompüterləri yığdılar,
sonra özlərini də “içəri” atdılar. Adın da qoydular korrupsiya. Guya bu
vaxta qədər orada korrupsiya getdiyini bilmirdilər. Vaxt var idi ki,
onları həbs edən polislər trasda “miqalkalar”la bu adamlara “yol açır”,
müşayiət edirdilər. Hazırda yeni “Sevil Massivi” hüquq-mühafizə
orqanlarının nəzarətindədir. Köhnə “Sevil”də artıq bütün torpaq sahələri
satılıb. Torpağın sotu burada 1200-dən başlayıb, 5-7 min manata qədər
idi. Təzə vaxtlar 4000 manata satırdılar, kreditlə də verirdilər. Bəzi
sahələrdə yeri düzəldiblər, amma altı boş olub. Barıları çəkməklə guya
imic yaradıblar, “şəhərcik” obrazı düzəldib camaatı cəlb etmək
istəyirdilər. Tikdikləri divarların hamısı dağılıb, aşıb. Qəfildən
buranı atıb reklamlarını aparıb yeni massivdə qoydular. Təzə massivdə 10
hektarlarla torpaq sahəsi var. Qiymət yerin görkəminə, əlverişliliyinə
görə 7-12 min manat arasında dəyişir. İnsanlar şirkətə yerin pulunu
köçürür, amma müqavilə bağlamır, evi özü tikdirir. Hər kvadrata görə
300-400 manat kreditlə pul ödəməkdənsə, əziyyət çəkib usta tutub
tikdirmək daha ucuz başa gəlir. 3 otaqlı evi burada 10 min manata
təmirsiz təhvil vermək olar. Onlar isə yeri iki daş üstə barıya almaqla
satırlar. Ondan sonra barını yerin sahibi özü qaldırır, tikintini
aparır”. 
“Şəhərcik” tülkü və çaqqalların məkanında salınıb
Miraslana
görə massiv reklamda təriflədikləri kimi gözəl deyil: “Reklamda
deyirdilər, “”Sevil” massivi belə gözəl olacaq, elə prestijli olacaq,
durma, tələs, get yer al”. Amma hanı gözəllik? Gözəllik adında burada
heç nə yoxdur. Yaşıllığı yox, səhra kimi qumluqdan ibarətdir. Massivi
“boz dağ”ın ərazisinə salıblar. Gölün ətəyinə kimi torpaqları camaata
sata-sata gedirlər. Gördüyünüz  təpələrə qədər “Sevil”in ərazisi
olduğunu deyirlər, guya camaat oraya qədər məskunlaşacaq. Bunu necə zəbt
edə bilərlər, dövlətin təpələri, dağlarıdır. Hazırda tikinti
Ceyranbatan gölünə qədər gedib çıxır. Əslində tikinti axıntılı yerdə
olmamalıdır, bir də o ərazilərdə bünövrə çox möhkəm qoyulmalıdır. Amma
massivin axıntılı olub-olmadığını biz deyə bilmərik. Layihə institutu,
Torpaq və Xəritəçəkmə Komitəsi mütəxəssisləri ərazini araşdırmalı, rəy
verməlidir. Tikintini göl qırağına qədər aparmaq olmaz. O ərazidə yüklü
ev də tikmək yaramaz. Uzaqbaşı ikimərtəbəli ola bilər. Təpələrin üstü
yenə yaxşıdır, amma elə etmək lazımdır ki, yağış-sel gələndə bir təhlükə
yaranmasın. Yarğanın içində ev tiksələr uça bilər. Burada
saysız-hesabsız tülkü var. Çöllük-biyabanlıq olub, belə yerdə də
tülkü-çaqqal yaşayar. Ətrafda tülkülər gəzəndə özümüz də insanları
qınayırıq, deyirik, tülkünün nə günahı var ki, onun yerini biz zəbt
etmişik, məkanlarında ev tikirik, bəs bu yazıqlar hara getsin? Gərək
indi o özünə başqa bir yer seçib balalarını kənara aparıb orada
böyütsün, insanların içində yox. Artıq onlar da görürlər ki, bura
insanların yaşayış yeridir. Şəhər bizə dar gəlir, indi heyvanların
məkanına göz dikmişik”.
Layihəsiz evləri kolxozçular kataloqa baxıb tikirlər
Yanındakı
fəhlə deyir ki, iş icraçıları gətirib tikinti ustalarına saxta sement
verirmişlər, ona görə də tikililərdə qüsur yaranır. M.Mirişov: “İş
icraçıları betonu bura tökməli idilər, amma aparıb şəxsi evlərə verib
oradan pul alırdılar. Bizim də onlardan alacaqlarımız var. Fəhlələrin
haqqını vermirdilər. Elə adam var ki, ona 3000 manat borcları var, amma
pullarını istəməkdən bezib çıxıb gedirlər. Mənə də 500 manat
borcludurlar. Şirkət pul vermədiyinə görə artıq ustaların heç biri
onlarla işləmirdi. Sonradan məni yenə orada işə dəvət etdilər, getmədim,
dedim siz adama pul vermirsiz. Çoxdandır MTK ilə işləmirdik, yeni
massivdə fərdi ev götürmüşdük, onu inşa edirdik. Ev sahibi məmurdur, o
da vəziyyətdən narahatdır. Bu məsələ bizim işimizi dayandırdı,
çörəyimizdən qaldıq. Camaat hər gün gəlib massivin ərazisində yığışır.
Çoxunun evə ehtiyacı var, istəyirlər tez tikib içinə yığışsınlar. İndi
fikirləşirlər ki, evimiz nə olacaq, uçurub-dağıdacaqlar, yoxsa pulunu
qaytaracaqlar? İnsanlar əziyyət çəkməklə bərabər pul da xərcləyiblər.
Burada fərdi evlər tikilməli idi. Sonradan 4 mərtəbəli binaların özülünü
qoymağa başlamışdılar. Hələ ev yoxdur, amma sahibləri var. Gəlib
deyirdilər ki, mənim evim filanıncı mərtəbədədir”. Aylıq maaşa yox, hər
kvadratı 5-6 manata işlədiklərini deyir. Adətən bir neçə evi 12 nəfər
götürür, ev sahibinin verdiyi kataloq əsasında işləyirlər. Məlum olur
ki, massivdə tikilən evlərin heç layihəsi də yoxdur. Evlərin sənədi
sadəcə bələdiyyədəndir. Bu boyda torpağı bələdiyyədən neçə alıblar, bu,
müəmmalıdır. Usta ilə söhbətimizdən bəlli olur ki, bələdiyyədən
yağmalanan torpaq əlüstü vətəndaşlara satılır, onlar isə bir usta tutub
ev tikdirir. Daha burada mütəxəssislər araşdırma aparmır ki, ev tikmək
olar, ya yox. Miraslan buna qədər kolxozçu olub, son iki ildə tikintiyə
başlayıb və ona evlərin tikintisini etibar edirlər. İşə nəzarət edən
peşəkar yoxdur. Yoldaşları da onun kimi tikərək öyrənənlərdəndir.
Peşəkara ehtiyac duymurlar, deyir adları “prorab”dır, özləri mənim kimi
ustalardan öyrənirlər. Massivdə 5 növ kommunikasiya təklif etdiklərini
desələr də, onlarda qaz, su, kanalizasiya var, telefon xətti çəkilməyib,
elektrik xətləri hələlik qoşulmayıb. 
20 keyfiyyətsiz evi söküb təzədən inşa ediblər
Kompleksdə
məscid də tikilirmiş: “Hələlik barıya alınıb, bünövrəsi isə
qoyulmamışdı. Orada sökülən isə keyfiyyətsiz tikililər olub. İndiyə
qədər 20-yə yaxın fərdi ev sökülüb. Şirkət həmin evləri əməkhaqqı
ödəməmək üçün təsadüfi adamlara tikdirib, lakin ev sahiblərinin xoşuna
gəlmədiyi üçün sökülüb. Hətta bəzi evlər var ki, 3 dəfə sökülüb, yenidən
tikilib. Demişdilər ki, şirkətin sahibi pullu adamdır. Amma işləyənlərə
pul vermirdilər, ofisə gedib zorla 5-10 manat alırdıq. Aynur onların
rəhbəridir. Arıq, sarışın oğlandır. Pulu bizə o vermirdi, heç onun ağlı
üstündə olurdu ki? Gəlib yalandan nə problemimiz olduğunu soruşurdu, özü
isə heç ayaq üstə dura bilmirdi. Yanında da 3-4 nəfər özü kimisi vardı.
Saqqallılar isə bayıra çıxmır, ofisdə otururdular. Prokurorluq onları
“korrupsiya variantı” ilə həbs elədi. Əslində isə burada korrupsiya,
yeyinti həqiqətən böyük miqyasdadır. Evində işlədiyim məmura zəng edib
bu vəziyyətin nə vaxta qədər davam edəcəyini soruşdum. Dedi, orada
torpaq sahəsi, evi olanlara ayın 1-nə qədər girişə icazə verəcəklər.
Məmurla problemimiz yoxdur, zəhməthaqqımızı vaxtlı-vaxtında verirdi. Bu
dəqiqə zəng edib ehtiyacım olduğunu desəm köməklik göstərər. Amma adam
utanır. Millət kreditlə dolanır. O, 10 sot torpağında şəxsi pulu ilə
tikir. Orada məmurlar da çoxdur, pullu adamlar var. Kasıblar isə gedib
gölə tərəf olan aşağı hissədə nisbətən ucuz yerdən torpaq alır.
Avtovağzal və Xırdalandan sonra buraya da metrostansiya salınacağı
deyilirdi, ona görə 2 ildə massivə axın çox oldu”. 
Torpaqlar prokurorluğun iddia etdiyi kimi hərracda alınmayıb
Şirkət
sahiblərinin həbsə alınması fəhlənin ürəyindən tikan çıxarıb: “Orada
işləyən fəhlələrin pulunu mənimsəyirdilər. Adamları 1-2 ay işlədir,
pulunu vermirdilər. Sonra yerlərinə başqaları gəlirdi. Hər kəsdən 500
manatı onlarda qalanda görün nəqədər halal pullar haram ciblərdədir. Çox
vaxt müvəqqəti adamlar tuturdular, ustalar tez-tez dəyişilirdi. Heç
kimə pul vermədən işləmək asandır. Adlarını tikinti şirkəti qoyublar,
amma cəmi 2 texnikaları var, tikinti mütəxəssisləri yoxdur. Bu tərəfdən
ucuz torpaqları baha satıb pul qazanırdılar, digər tərəfdən də muzdla
tutduqları fəhlələrin haqqını mənimsəyirdilər. Prokurorluqdan bizi ifadə
verməyə çağırmayıblar, çünki orada rəsmi işçi deyildik, bizi
müqaviləsiz işlədirdilər. Burada əmək qanunvericiliyi də pozulur.
Müqaviləmiz olsaydı haqqımızı tələb edərdik. Bütün tikintilərdə olduğu
kimi burada da iş müqaviləsizdir. Hələ indiyə qədər heç bir şirkətdə
mənimlə müqavilə bağlamayıblar. Hətta hadisələr də olub, fəhlələr zədə
də alıb, amma kompensasiya verən olmayıb”. 
Miraslanın
sözlərinə görə, indi bacısı oğlu üçün şirkətdən aldığı torpaqda ev
tikir. Heç bir sənədləşmə işi aparılmayıb. Nə bələdiyyənin icazəsi var,
nə də icra hakimiyyətinin sərəncamı. Dediyinə görə, burada evlər heç də
prokurorluğun bəyanatında olduğu kimi hərracla alınmır, sadəcə pul
ödənir, bundan sonra evin tikintisinə başlayırlar. Burada həbs olunmalı
çox adam var. Amma görünür prokurorluq həqiqətən vəhhabi ovuna çıxıb,
korrupsioner yox.
1500 manata “kupçalı” əvəzinə 4000 manata sənədsiz torpağa üstünlük verənlər
Bu
ərazidə həyətyanı sahəsi olan Tahir müəllim də 2 il əvvəl eşidib ki,
0.01 ha sənədsiz torpağı burada 4000 manata satırlar. Amma araşdırıb ki,
massivin ərazisinə daxil olmayan yerlərdə torpağın qiyməti 1500-2000
manatdır, özü də “kupça” ilə. Gedib “kupça” ilə 0.10 ha ərazi alıb.
Deyir massivdə tikintini peşəkarlar aparmırlar, ona görə də hər yan
uçub-dağılır: Peşəkarlar gedib xarici ölkələrdə işləyirlər, bizdə işini
bilənləri tikintiyə yaxın buraxmırlar. Bilən bu şəkildə “tikinti”
aparmaz. Normativlər əsasında aparılan tikinti çox xərc götürdüyündən
onlara sərf etmir. İstəyirlər ki, az xərclə böyük qazanc əldə etsinlər.
Əgər alqı-satqı qanunidirsə elə bələdiyyə özü camaata satardı, bu boyda
ərazini götürüb heç bir tikinti aparmayan şirkətə hansı məqsədlə
bağışlayıb? O torpaqların dövlət qiyməti ucuzdur. Başa düşmürəm, bunu
niyə bələdiyyə özü yox, bir hüquqi şəxsin vasitəsilə camaata baha
qiymətə satır? Çox böyük pullar qazanılıb və üstündən də su içilib.
Bəlkə də yeni massiv dövlət torpaqlarına düşür. Kimin satdığı
naməlumdur. Alan isə prokurorluqdadır. Bəs satanlar niyə orada deyil?
Əlbir olub ələ keçiriblər. İntellekti, şüuru olan şəxs isə gəlib belə
yerdən sənədsiz torpaq almaz. Elə qanunsuz tikməyə öyrəşiblər”. (bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=10333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31