Azərbaycanda qafqazsayağı Maydanı kim hazırlayır?
Qərb regionda Rusiyaya qarşı
ikinci cəbhə açır
Qərb regionda Rusiyaya qarşı
ikinci cəbhə açır
Morninqstarın xəbərdarlığının əks-sədası Rusiyadan
gəldi; pravda.ru videokanalı bölgəmizdə rəngli inqilab layihələrinə həsr
etdiyi verilişdə ilginc detallara diqqət yönəltdi; Amerikanın geosiyasi
planlarında Türkiyəyə də rol ayrıldığı deyilir…
Ukraynada
avrointeqrasiya tələbləri ilə başlayan Maydan hadisələri hələ məntiqi
sonluğa çatmayıb. Ancaq bir şey indidən aydındır ki, bu hadisələr
MDB-nin və Şərqi Avropa məkanının ən mühüm ölkəsini – Ukraynanı
Rusiyanın siyasi-hərbi təsir zonasından həmişəlik çıxarıb. Paralel
olaraq, Putinin SSRİ-ni yeni qiyafədə bərpa eləməyə yönəlik Avrasiya
layihələrinin aqibəti məlum hadisələrlə uğursuzluğa tuş gəlib.
Bu
üzdən Kreml başçısı Maydan proseslərinin heç olmasa başqa postsovet
regionlarına, ələlxüsus Güney Qafqaza sirayət eləməməsinə səy edir,
prosesin təkrarlanmaması üçün ən müxtəlif və preventiv planlar üzərində
baş sındırır. Təbii ki, belə bir məram rəngli inqilablarda maraqlı
olmayan yerli antidemokratik rejimlərin də istəyi ilə yüzdə yüz uzlaşır.
Bu
yerdə yada ötən həftəsonu Almaniyanın nüfuzlu “Der Spiegel” nəşrində
getmiş bir məqalə düşür. Məqalədə Rusiyanın Azərbaycanı da hədəf ala
biləcək yeni qorxunc planından bəhs olunurdu. Bildirilirdi ki, Moskva
potensial tətbiq yeri Qafqaz və Ukrayna olacaq, həmçinin postsovet
məkanında rəngli inqilabları önləməkdə istifadə edilə biləcək özəl ordu
hazırlıqlarına başlayıb.

Müəllif
konkret faktlara istinadən qeyd edirdi ki, Kreml ABŞ-ın “Blackwater”inə
bənzər özəl silahlı qüvvələrin yaradılması planı üzərində ciddi şəkildə
işləyir. Ehtimal edilir ki, belə bir yeni, dövlətüstü strukturlardan
“siyasi həssas situasiyalarda” istifadə olunacaq.
***
Rusiyanın
pravda.ru videokanalının birbaşa efirində getmiş və Güney Qafqaz
ölkələrində protest hərəkatın perspektivlərinə həsr olunmuş analitik
veriliş bu xüsusda təxminlərə başqa yandan işıq sala bilər. Region
dövlətlərində (şübhəsiz, əsasən Azərbaycan və Ermənistan nəzərdə
tutulur) Ukraynasayağı Maydanın mümkünlüyünə həsr olunan müzakirələrdə
bəzi fikirlər xüsusilə diqqət çəkir.
Məsələn,
qeyd edilir ki, korrupsiyalaşmış oliqarxiya rejimlərinin özünün
mövcudluğu, milli sərvətlərin düzgün bölüşdürülməməsi potensial Maydan
üçün onsuz da hər zaman zəmin yaradır. Hərgah, rusiyayönlü politoloq
hesab edir ki, guya Maydan hadisələrini körükləməklə Qərb eyni zamanda
həmin ölkələrin dövlətçiliyini məhv eləmək, onları daha asan idarə
olunan hala gətirmək niyyəti güdməkdədir. Rusiyanın Maydan hadisələrinə
qarşı çıxması guya həm də bu amillə bağlıdır.

Sitat:
“Artıq Güney Qafqazda situasiya güclü şəkildə laxladılmaqdadır. Əslində
daxildən Ermənistanı yox, bütün regionu partlatmaq, Rusiya ətrafında
sabitsizlik kəməri yaratmaq istəyirlər. Suriyada məğlub olan Qərb
Rusiyadan əvəzini Ukrayna çıxmaqdadır. Buna hazırlıqlar çoxdan gedirdi.
Növbədə Qafqaz ölkələridir. Bu, Qərbin geosiyasi planlarına daxil olan
məsələlər sırasındadır”.
Ekspert Maydanın
təhdid elədiyi əsas ölkənin məhz Ermənistan olacağını düşünür:
“Partlayışın mərkəzində Ermənistan duracaq. Episentr də o olacaq. Çünki
region ölkələrindən məhz Ermənistan Rusiyaya hərbi-siyasi cəhətdən ən
güclü şəkildə bağlanan dövlətdir, burada Rusiyanın yeganə leqal hərbi
bazası var və üstəlik, yerli hakimiyyətdən sosial narazılıq çox
böyükdür. Bizdə artıq Maydan komitələri, gənclərin bu yöndə müxtəlif
təşkilatları, QHT-lər mövcuddur”.
Politoloqun
iddiasına görə, regionda destabilizasiya üçün daha bir faktor odur ki,
“Gürcüstanda, Azərbaycanda və Ermənistanda KİV faktiki, Qərbin nəzarəti
altındadır və hər üç ölkədə onlar koordinasiya olunmuş şəkildə fəaliyyət
göstərir”.
Onun qənaətincə, Qərb Rusiyanı
regiondan vurub çıxarmaq üçün Qafqazda Kremlə qarşı ikinci cəbhə açmaq
istəyir: “Bölgədə Ukraynasayağı Maydanın, inqilabların təkrarlanması
üçün xüsusən son aylarda ciddi fəallaşma hiss olunur və özünü son
zamanlar Dağlıq Qarabağ konflikti ətrafında gərginləşən situasiyada da
göstərməkdədir. Belə qənaət hasil olur ki, Qərb Qarabağ məsələsi ilə
bağlı hansısa dəyişikliyin daxildə yaradacağı spontan etirazları da
hesaba alır. Prosesə həmçinin Türkiyə cəlb olunacaq. Bir sözlə, hazırda
bölgədə dondurulmuş kimi görünən situasiyanın donu hər an açıla bilər”.
***
Xatırladaq
ki, Azərbaycanda Maydanın təkrarlana biləcəyi barədə ABŞ-ın ölkəmizdəki
səfiri Riçard Morninqstar da AzadlıqRadiosuna məlum qalmaqallı
müsahibəsində xəbərdarlıq eləmişdi. Buna görə hakimiyyət dairələrinin
dərhal sərt qınağına tuş gələn diplomat bildirmişdi ki, əgər ölkədə
təməl azadlıqlar tapdanmaqda davam edərsə, vətəndaş cəmiyyətinə qarşı
çox sərt mövqe tutularsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan
yaradılmazsa, onda Ukraynadakı hadisələr nə vaxtsa Azərbaycanda da
təkrarlana bilər.
Səfirin açıq mətnlə söylədiyi sərt fikirləri rəsmi Bakı hələ də həzm edə bilməyib.
Gerçək
belədir ki, bunu az qala “Amerika Azərbaycanda Maydan hazırlayır” kimi
anlayan ölkə iqtidarı günü bu gün də dünyanın 1 nömrəli dövlətinə qarşı
təbliğat kampaniyasını davam etdirir, Vaşinqtonun “maliyyələşdirdiyi
əlaltı qurumlar” vasitəsilə Azərbaycanda inqilab hazırlıqları içində
olması görüntüsü yaradır. Bundan əlavə, hakimiyyətin yazılı və elektron
mətbuatında vaxtaşırı surətdə “ifşaedici” materiallar dərc edilir,
antiqərbçi “ekspertlər”in dilindən uzaqgedən, anti-Qərb xarakterli
proqnozlar səsləndirilir.
Azərbaycanda son qalmaqallı siyasi
həbslərin bir ucunun məhz bu motivə bağlı olduğuna şübhə edənlər yəqin
ki, qalmayıb. Gerçək budur ki, tutulan tanınmış simaların mütləq
əksəriyyəti (İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, Leyla Yunus,
Rauf Mirqədirov) məhz qərbyönlü qüvvələri təmsil edən şəxslərdir.
Azərbaycan iqtidarının kontur-Maydan tədbirləri yəqin ki, bu həbslərlə
məhdudlaşmayacaq. Ancaq bunlar ölkədə qafqazsayağı Maydanı önləyə
biləcəkmi? Sual budur.
Short URL: http://www.cumhuriyyet.net/?p=10339