Əli Abbasov başsağlığı verdi, Zakir Həsənovdan hələ də səs çıxmır

01.08.2014 - 15:58

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov şəhid olan hərbçilərin ailəsinə başsağlığı verib.

Nazir öz facebook səhifəsində bunları yazıb: “Allah rəhmət etsin!
Şəhidlərimizin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı
verir və səbr diləyirəm”.

Müdafiə naziri Zakir Həsənov isə Azərbaycanı silkələyən bu acı xəbərlə bağlı heç bir açıqlama verməyib.

*      *      * 13:06

Bu dəqiqələrdə qondarma “DQR müdafiə nazirliyi” təmas
xəttinin Ağdam-Tərtər istiqamətində baş vermiş və Azərbaycan ordusunun
azı 9 hərbçisinin şəhid olması ilə nəticələnən qanlı döyüşlər haqda yeni
məlumat yayıb.

Cumhuriyyet.az-ın virtual.org-a istinadən verdiyi xəbərə görə,
işğalçıların yaydığı məlumatda deyilir ki, söhbət iyulun 31-nə keçən
gecə gedən döyüşlərdən gedir. Həmçinin Azərbaycan tərəfinin “diversiya
həmləsi həyata keçirdiyini sübut edən fakt” kimi əsgərlərimizdən ələ
keçirildiyi iddia olunan silah-sursatın və texniki  avadanlığın fotoları
yayılıb.

Düşmən tərəfdən yayılan fotolarda iki birdəfəlik qumbaraatan, İsrail
istehsalı olan avtomoatik qumbaraatan və ona aid mərmilər, bir ədəd
“Motorola” ratsiyası, bir ədəd kiçik ratsiya, içərisində azərbaycanca
“Tibbi apteçka” yazılmış tibb sandıqçası və tibbi preparatlar, iki
avtomat darağı əks olunub.

Habelə düşmən Azərbaycan döyüşçülərindən ələ keçirildiyi iddia olunan
xüsusi təyinatlılar üçün üz boyasının da fotosunu yayıb. Söhbət Türkiyə
istehsalı olan boyadan gedir.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu məlumatına və fotolara hələ münasibət bildirməyib.

*     *     * 12:15

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərindən hamısının adı məlum olub.

Düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

– Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

– Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

– Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

– Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

– Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

– Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

– Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

– Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu.

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

*       *      * 

Cəbhənin Ağdam-Tərtər istiqamətində Azərbaycan ordusunun azı 9
hərbçisinin şəhid olması ilə nəticələnən qanlı döyüşlərlə bağlı ciddi
müəmmalar qalmaqdadır.

Azərbaycan Müdafiə Nazirliyi həmişə olduğu kimi standart ifadələrdən
ibarət qısa açıqlama yaymaqla kifayətlənib. Baxmayaraq ki, əgər hadisə
nazirliyin bildirdiyi kimi olubsa və erməni qüvvələri ordumuzun
mövqelərinə gecə basqını edərək 9 hərbçimizi şəhid edibsə, bu, artıq
müharibədir.

Sual yaranır: əgər düşmən bir həmləyə ordumuzun bu cür ağır itki
verməsinə səbəb olursa, o zaman Azərbaycan Silahlı Qüvvələrinin ön xətdə
dayanan bölmələrinin döyüş hazırlığı vəziyyətinin bu cür aşağı olmasına
görə kim cavab verməlidir?

Uzun müddətdir ki, ön xəttə fiziki cəhətdən zəif, psixoloji baxımdan
hazırlıqsız, komandirlərə minlərlə manat rüşvət vermək imkanında olmayan
yetim-yesirlərin göndərildiyi barədə ictimaiyyət, ekspertlər, mətbuat
məsələ qaldırır. Bu əsgərlər aylarla əvəzlənmir və əksər hallarda heç
zəruri hərbi hazırlıq keçmədən ön xəttə göndərilir. Torpaqları işğal
altında olan ölkənin hər il büdcədən 3-4 milyrd manat alan ordusu
düşmənin bir həmləsində bu qədər itki verirsə, söhbət əsl rüsvayçılıqdan
gedir.

İkinci müəmma odur ki, əsgərlərin erməni mövqelərinə edilən uğursuz
həmlə zamanı həlak olması istisna deyil. Belə ki, təmas xəttinin
Ağdam-Tərtər istiqamətində gedən döyüşlər barədə ilk dəfə iyulun 31-də
erməni tərəfi məlumat yaydı. Qondarma “DQR müdafiə nazirliyinin”
məlumatında bildirilirdi ki, Azərbaycan ordusu təmas xəttinin bu
istiqamətində erməni qüvvələrinin postuna diversiya həmləsi edib. Bu
zaman iki erməni əsgəri ölüb, qarşı tərəf isə çoxsaylı itki verərək geri
çəkilib.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı əvvəlcə təkzib etdi. Daha
sonra günün ikinci yarısında MN bildirdi ki, Ağdam istiqamətində
ermənilər snayperlə bir əsgərimizi vurub. İndi isə MN daha 8 hərbçinin
Ağdam-Tərtər istiqamətində, birinin isə Qazax istiqamətində şəhid
olduğunu açıqlayır.

Beləliklə, iyulun 31-i-avqustun 1-i arası ordumuzun itkiləri azı 10 nəfər təşkil edir. Yaralıların dəqiq sayı isə açıqlanmır.

Qazax istiqamətində gedən döyüşlərdə azı 4 yaralının olduğu, onların
Şəmkir hospitalına aparıldığı bildirilir. Ağdam-Tərtər istiqamətində isə
nə qədər yaralının olduğu məlum deyil.

Tərtər sakinlərindən aldığımız məlumata görə, yerli sakinlər arasında
baş verənlər barədə müxtəlif şayiələr dolaşır. Belə şayiələrdən birinə
görə, ermənilər Azərbaycan ordusunun postuna qəfil basqın ediblər,
nəticədə 6 əsgərimiz şəhid olub. Digər şayiəyə görə, ermənilərin atdığı
minomyot mərmisi səngərə düşüb və daha iki əsgərimiz şəhid olub.

*     *      * 11:32

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin kəşfiyyat-təxribat
qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısının
alınması və şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək
geri çəkilməsi haqda məlumat yayıb.

Nazirlik rəsmi olaraq bir gizirimizin şəhid olduğunu açıqlasa da
digər itkilər barədə məlumat vermir. Mətbuatda Qazax, Tərtər və Ağdam
istiqamətlərində gedən atışmalarada şəhidlərimizin olduğu bildirirlir.

Musavat.com Qazax istiqamətində gedən atışmada Azərbaycan ordusunun
müddətdən artıq hərbi xidmət edən iki hərbçisinin şəhid olduğunu yazır.
ANS isə Tərtərdə şəhid olan iki hərbçimizin adlarını açıqlayıb. Bunlar
müddətdən artıq xidmət edən Vüqar Poladov və Elnur İbrahimovdur.
Məlumatı Qapanlı kənd sakinləri veriblər. Şəhidlərimizin biri Salyan
rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun
valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.

Daha bir şəhid Xaçmaz rayonunun, Yeni Həyat kənd sakini Coşqunov
Mustafa Əhmədcan oğludur. O, 1996-cı ildə anadan olub. Hərbi xidmətə isə
bu ilin yanvar ayında gedib. Faktı Xaçmaz rayon icra başçısının I
müavini Yetkin Mehmanov da təsdiqləyib. O bildirib ki, əsgərin cənazəsi
hazırda rayona gətirilir. 

APA isə şəhid olanların sayını 8 olaraq göstərib. Yerli mətbuatda 4 hərbçimizin yaralanması haqda da məlumatlar yer alır.

Mətbuatda yer alan, nazirlik tərəfindən isə tədqilənməyən məlumatlara görə, ordumuz dünəndən 10-11 nəfər itki verib.

Bu arada dünən gecə saatlarında cəbhənin Ağdam istiqamətində həlak
olan 5 əsgərin meyiti Tərtərə tibbi-ekspertizaya aparılıb. Ağdam
sakinlərinin axar.az-a verdiyi açıqlamada deyilir
ki, tibbi-ekspertizadan sonra meyitlər məscidə yuyulmağa aparılacaq. 

Müdafiə Nazirliyin mətbuat xidmətinin əməkdaşı İsa İsmayılov virtualaz.org saytına açıqlamasında
ordumuzun itikisi ilə bağlı rəsmi məlumatın olmadığını dəqiqləşdirilmə
aparıldıqdan sonra məlumat yayılacağını bildiridi.

Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə getməsi ilə bağlı
yayılan məlumatlara gəlincə isə İ.İsmayılov bildirdi ki, bu barədə rəsmi
məlumat yoxdur.

*      *      * 10:10

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə
cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun
nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə
Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki,
iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları
Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə
cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində
düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək
təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat
20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu
ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il
təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad
oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

Qeyd edək ki, yerli mətbuatda şəhid olan hərbçilərimizin sayı
müxtəlif rəqəmlərlə göstərilir. Nazirliyin mətbuat xidməti isə bu barədə
rəsmi məlumatın olmadığını və dəqiqləşdirildikdən sonra ictimaiyyətə
məlumat veriləcəyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31