İki gün qabaq Tovuza erməni kəşfiyyatçısı keçib
“Bizim kəndimiz demək olar ki, hər gün saatlarla atəşə tutulur, camaat çölə-bayıra çıxa bilmir”.
“Bizim kəndimiz demək olar ki, hər gün saatlarla atəşə tutulur, camaat çölə-bayıra çıxa bilmir”.
Azərbaycanın Ermənistanla həmsərhəd Tovuz rayonunun Koxanəbi kəndinin
sakini, keçmiş polis əməkdaşı Ələsgər Məmmədov son günlər üzləşdikləri
vəziyyəti “Azadlıq” radiosuna belə təsvir edir.
Ə.Məmmədov sözünə belə davam edir:
– İyulun 30-da kəndə Ermənistan ordusunun kəşfiyyatçısı keçmişdi,
həyəcan siqnalı verilmişdi, bütün ordu və kənd sakinləri ayağa
qalxmışdı. Amma heç kimi tapa bilmədilər.
– Kəndinizin atəşə tutulması nə vaxtdan başlayıb?
– Çoxdan belədir. Amma haradasa 20 gün olar ki, kəndimiz hər gün
atəşə tutulur. Burda bir dənə də olsun salamat ev yoxdur, hamısının dam
örtüyü, divarları deşik-deşikdir. Camaat evindən bulağa su gətirməyə
gedəndə gözü erməni postunda qalır, qaça-qaça gedib-gəlir. Ermənistan
əsgərlərinin postuna ən yaxın bizim kənddir. Ona görə kəndi hər gün
saatlarla atəşə tuturlar.
– Kəndə atəş açılan postları, səngərləri aydın görmək olurmu?
– Əlbəttə, Ermənistan ordusunun postu bizdən hava yolu ilə 400-500
metr məsafə ola, ya olmaya. Mən evimizdən çıxanda piyada 10 dəqiqəyə
həmin postlara çatırdım. Hazırda Koxanəbinin atəşə tutulduğu 3 səngəri
vaxtilə biz qazmışıq. Mən polis olmuşam, o vaxtlar 5 polis hərbçilərlə
birgə həmin postlarda dururduq. Evdən ora hər gün piyada qalxırdım.
– Bəs necə oldu ki, həmin postlar Ermənistan ordusunun əlinə keçdi?
– Haradasa 1992-93-cü illərdə. O vaxt bizim briqada komandirimiz var
idi – Murad Əliyev. O, zorla bizi həmin postlardan aşağı düşürdü. Dedi
kəndinizdə komandir işləmək istəyən adam var, mən silah-sursat verərəm,
qoy o, kənd camaatını başına yığıb kəndi qorusun. Ondan sonra biz
yüksəklikdəki postu tərk etdik.
– Ondan sonra kəndi atəşə tutmağa başladılar?
– Bəli, bir neçə gün sonra həmin səngərlərdə bir Ermənistan əsgəri
gördük, daha sonra yavaş-yavaş artmağa başladılar. Təsəvvür edirsiniz,
iki il əvvəl Ermənistan ordusu vaxtilə bizim dayandığımız səngərlərdə,
mənim dayımın ot biçdiyi yerdə açıq-aşkar, heç nədən çəkinmədən
gecə-gündüz betondan istehkamlar qurmağa başladı. Ora işıq çəkmişdilər,
qaynaq aparatı gətirmişdilər. İşləri ağpaltarlı fəhlələr görürdü. Hətta
deyirdilər ki, guya işləyən ağpaltarlılar azərbaycanlı əsirlərdir. İndi
həmin yerdən kəndimizi hər gün atəşə tuturlar. Həmin vaxt kənd camaatı
komandirə yalvardı ki, heç olmasa, həmin istiqamətə bir-iki güllə atın
ki, onlar orda açıq-aşkar iş görə bilməsinlər. Komandir camaata qulaq
asmadı, Ermənistan əsgərləri də orada rahat iş apardı. Həmin səngərlər
kənddən 500-600 metr yüksəklikdədir. Hansı ki, vaxtilə həmin səngərin
ikisini mən özüm qazmışam.
– O, postlardan kəndinizə güllə atanları görə bilirsinizmi?
– Orada 20-yə yaxın əsgər və mülki adamlar dayanır. Həmin adamlar
səngərdə hər gün görünmürlər. Həftədə iki-üç dəfə görünürlər və onda da
dayanmadan atəş açırlar. Kəndi atəşə tutanlar daha çox mülki adamlardır.
Ermənistan əsgərlərini hərdən görürük, onlar mülki adamlar kimi o qədər
də fəal deyillər.
– Həmin ərazidə Azərbaycan ordusunun əsgərləri və postları yoxdur?
– Onların sağında da, solunda da Azərbaycan əsgərləri var. Bizim
postlardan həmin səngərlərin içərisi və Ermənistan kəndləri aydın
görünür.
– Onda niyə kəndinizi atəş altında saxlayan həmin nöqtələrə müdaxilə olunmur?
– Bilmirəm. Onu deyim ki, ötən il Qırmızı Ayparadan nümayəndələr
Ermənistan tərəfi ilə görüşmək üçün həmin postlara qalxmışdılar. Bizdən
briqada komandiri də orda idi. Ermənistan hərbçiləri ora gəlmədilər,
dedilər o postlar Azərbaycan əsgərlərinindir. Belə idisə, niyə elə həmin
an Azərbaycan əsgərlərini o postlara qaldırıb həmin səngərləri
götürmədilər? Ermənistan hərbçiləri demir post onların deyil, onda
bizimkilər niyə o səngərləri tutmadılar, aydın deyil.
– Deyirsiniz, həmin postlardan Azərbaycan kəndləri hər gün atəşə tutulur. Onlara Azərbaycan ordusu cavab verirmi?
– Son günlər cavab verilir. Ermənistan ordusunun əsgərləri atəş
açmağa başlayan kimi bizimkilər cavab atəşi açır və bununla da onlar
atəşi dayandırırlar. Ermənistan əsgərləri əsasən günortadan sonra kəndi
atəşə tutur və haradasa iki saat davam edir. Əsasən iriçaplı silahlardan
atəş açılır. Bir dəfə kəndimizə qumbaraatandan atəş açmışdılar. Bu
günlərdə Azərbaycan ordusunun postu yandırıldı.
– Güllə altında kənd camaatının əhvalı necədir, necə yaşayırlar, kəndi tərk edənlər varmı?
– Hər gün atəş altında olan kənddə yaşayış necə ola bilər? Kənddə
20-25 ev varsa, onun 15-də yaşayış var, adamlar hara gəldi köçüblər.
Rayon mərkəzinə, qonşu kəndlərə köçənlər də var.
Short URL: http://www.cumhuriyyet.net/?p=10394