"Ordumuz ağır artilleriyadan istifadəyə keçməlidir"
“11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Ordumuz ağır
artilleriyadan istifadə etməklə hücuma keçməli, kəskin şəkildə cavab
verməlidir”.
Bu sözləri axar.az-a
millət vəkili Qüdrət Həsənquliyev cəbhənin təmas xəttində 11 əsgərimizin şəhid
olması ilə bağlı informasiyanı şərh edərkən bildirdi.
Millət vəkili qeyd etdi ki, 11 əsgərimizin şəhid olmasına qarşılıq matəm
elan etmək yox, ciddi cavab vermək lazımdır:
“Müharibə davam edir və müharibədə baş verən hərbi itkilərə görə matəm elan
etmək yox, cavab vermək lazımdır. Bu, artıq kiçik insident deyil, Azərbaycana
qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir. Ordumuz ağır
artilleriyadan istifadə etməklə, hava hücumuna keçməklə kəskin şəkildə cavab
verməlidir. Ordumuz torpaqlarımızı azad etmək gücündədir və ermənilər heç də
atəşkəsin pozulması kimi qiymətləndirilməsi mümkün olmayan, əsl döyüş sayılan
bu hücumun qarşılığını, müdafiə nazirinin dediyi kimi, on qat artıq almalıdır”.
Q.Həsənquliyevin fikrincə, bu atışmalar müharibənin başlaması üçün bir
qığılcımdır:
“Ancaq səbəbkar biz deyilik. Belə bir şəraitdə bu qədər əsgərimizin
öldürülməsi ilə Azərbaycan barışa bilməz. Bu bizim növbəti dəfə Ermənistana
uduzmağımız kimi qəbul ediləcək və onların daha da harınlamasına səbəb olacaq.
Bu gün hansı istiqamətdə atəşkəs pozublarsa, ordumuz da bütün imkanlardan
istifadə edərək o istiqamətdə hücuma keçməli, düşməni darmadağın etməlidir. Bu
o demək deyil ki, atəşkəslə bağlı imzalanmış protokolu pozuruq, sadəcə, 11
əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Bizim cavabdan sonra onların atacağı
addımla anlaşılacaq ki, atəşkəs tamamilə pozuldu, ya hələ də problemin sülh
yolu ilə həllinə ümidlər var”.
Q.Həsənquluyev baş verən hadisəyə səbəb kimi iki versiya irəli sürdü:
“Rusiyaya qarşı sanksiyalar qüvvəyə minir. Bu, təxribat da ola bilər. Rusiya Avropaya
göstərmək istəyir ki, regionda yenidən sabitlik pozulacaq. Bir başqa səbəb isə
Ermənistanda daxili vəziyyətin kifayət qədər acınacaqlı və kritikliyi ilə
bağlıdır. Ermənistanda gərginlik, hökumət əleyhinə narazılıq artıb. Ölkə
sürətlə boşalır. İğtişaşlar artmaqdadır. Hökumət əhalinin diqqətini sosial
narazılıqdan yayındırmaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Əlbəttə,
başqa səbəblər də istisna deyil”.
Qeyd edək ki, cəbhənin
Ağdam istiqamətində ermənilərin hücumu nəticəsində 11 əsgərimiz şəhid olub.
Müdafiə Nazirliyi məlumatı təsdiqləsə də, ölənlərin sayı barədə konkret məlumat
verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10397