Cəbhədə döyüş gedir, paytaxtda "döyüşçü alveri"

02.08.2014 - 01:30

Qarabağ müharibəsi iştirakçısı, vaxtilə Laçın polisində xidmət
etmiş Mehman Behbudov müharibə veteranı statusu almaq məqsədilə Daxili
İşlər Nazirliyinə müraciət edib. Lakin arxiv sənədlərində şəxsi işinin
olmadığı əsas gətirilərək nazirlikdə bundan imtina edilib. Mehmanın
döyüşdüyünü sübuta yetirməsi müşkülə çevrilib. Vaxtilə Laçının polis
rəisi olmuş, hazırda rayon Qarabağ müharibəsi əlilləri, veteranları və
şəhid ailələri İctimai Birliyinin sədr müavini Çingiz Abbasovun
sözlərinə görə, Mehman polisin tərkibində xidmət edib. Sonradan
döyüşlərin birində kontuziya alıb, səhhətinə görə polisdən uzaqlaşıb. 
Sabiq
polis rəisinin fikrincə, elə o vaxt döyüşçüyə veteran statusu verilməli
idi: “O zamanlar Laçına gəlib evləri köçürən sürücülərə də status
verilirdi ki, onlar döyüş bölgəsində işləyiblər. Mehman isə həqiqətən
döyüşmüşdü. Bəhanə gətirirlər ki, Mehmanın şəxsi işi arxivdə yoxdur. Mən
isə deyirəm ki, şəxsi işi yoxdursa, bu insanın əlində döyüşdüyünə görə
maaş aldığını təsdiqləyən sənədlər var. İşə qəbulu ilə bağlı əmrin
əsasında ona əməkhaqqı verilib. Mehman 1993-cü ildə müharibə zonasında
vuruşub. Bilmirəm, onlara daha nə sübut lazımdır. Əsas sənəd burdadır.
Mehman kolxozda işləməyib ki, “gedib kolxozdan bir sənəd alıb gətirdi”
desinlər. O, bir nazirliyin strukturunda işləyib və işə götürülmə barədə
də əmri vardı. Arxivdə əmr kitabında onun surəti mütləq qalmalıdır.
Daxili işlər nazirinin əmri əsasında hər dəfə 400 nəfərə əməkhaqqı
verildiyini mən özüm imzalayırdım. O da maliyyə sənədlərinə əlavə
olunurdu. Mehman Bakıda oturmurdu, cəbhədə vuruşaraq maaş alırdı”. 
Veteran siyahısına uşaqlar da düşüb
Ç.Abbasov
deyir ki, status ala bilməyən tək Mehman deyil, 4-5 il düşmənlə
vuruşub, indiyə qədər veteran ola bilməyənlər var: “O vaxt Laçın
polisində 413 nəfər şəxsi heyət var idi. Amma ordu yaranmamışdı. İcra
hakimiyyətindən hər kənddə olan döyüş qabiliyyətli kişilərə silah
verilirdi ki, kəndləri öz qüvvələri ilə müdafiə etsinlər. Əllərində
silah onlar da postlara çıxırdılar. Ermənistanla həmsərhəd olan kəndləri
özünümüdafiə dəstələri qoruyurdu. Adətən hücum təhlükəsi olanda bir
polis gedirdisə, yanında da 10 özünümüdafiə dəstəsindən döyüşçü olurdu,
ordu sonradan yarandı. Amma özünümüdafiə dəstəsində olanların, ya da
polisdə işə götürülənlərin yarısı indiyə qədər Qarabağ veteranı statusu
almayıb. Polisə gəlib-gedənlər də vardı, yaralanırdılar, kontuziya
alırdılar, yerlərinə başqaları gəlirdi. 10 nəfər çıxanda o qədər də işə
götürürdük. 1992-1995-ci illərdə Laçın polisində 700 nəfərdən çox
döyüşçü olub. Hesab edirəm ki, o vaxt döyüşən oğlanlar indi o zamankı
maaş kartlarını götürüb DİN-ə müraciət etsələr, bu sənəd veteran statusu
almağa yetərlidir. Hər kəsin arxivdə şəxsi işi vardı, çoxunu özləri
ləğv ediblər. Arxivə baxsalar, çoxunu da tapa bilərlər. Özlərinə əziyyət
verib axtarmırlar, camaatı başlarından edirlər. Veteran vəsiqəsini o
vaxt satdılar. Vəsiqələrin 50 faizi pulla satın alınıb. Elə ailələr var
ki, üzvlərinin biri də döyüşdə olmayıb, amma qadından uşağa hamısının
cibində veteran kitabçası var. Əgər onlara status verilibsə, cəbhənin
mərkəzində olan, döyüş bölgələri əhalisinin hamısına veteran statusu
düşür, hətta kiçik yaşlı körpələrə də. Çünki onlar da güllə altında
olublar. O vaxt 2 yaşında uşaqlar indi 24-25 yaşında gənclərdir. Amma
körpəlikdən müharibəni yaşayıblar. Bütün bunlar dövlət səviyyəsində həll
edilməlidir, əlavə imtiyazlar olmalıdır. Laçında tək laçınlılar
döyüşməyib, sonradan ordu da gəldi. Laçının özünün döyüşçülərindən 336
şəhidi var, 1000-ə qədər də ordu mənsubu Laçın uğrunda döyüşlərdə şəhid
oldu. Biz demirik ki, hamıya milli qəhrəman adı verilsin. Faktiki
döyüşənlərin o statusu ala bilməmələri ədalətsizlikdir. Heç olmasa vətən
uğrunda vuruşanlara layiq olduqları adı versinlər. Döyüşdə olmayanların
status alması əsl döyüşçülərin qüruruna toxunur. Hərbi komissarlığın
siyahısını qarşınıza qoyun, görün orada nə qədər qadın, uşaq var. Biz
əlimizdə olan siyahını Müdafiə və Daxili İşlər nazirliklərinə
göndərmişik, veteran statusunu verməkdən imtina ediblər. Zabitlər üçün
asandır, çünki onların şəxsi işləri burada arxivdədir, polislərinki isə
şöbədə qalır. Batalyon ləğv olunandan sonra çoxlarının şəxsi işləri
itib-batıb, amma maliyyə sənədləri əldədir. Əmr əsasında onlar polisdə
işləyib, əməkhaqqı alıblar. Biz onlara maaşı “çöldən-çölə” verməmişik
ki. Maliyyə sənədi onların döyüşdüklərini təsdiqləyən başlıca sübutdur.
Laçından çıxanda sənədlər çıxarılmamışdı. Lakin sonradan mən onların
çoxunu bərpa elədim, daha sonra nə olduğunu bilmirəm. Çünki Laçında bir
neçə polis rəisi dəyişib”.   
“Kürək-kürəyə döyüşdüyüm yoldaşlarımdan utanıram”
Ç.Abbasov
polis rəislərinin tez-tez dəyişməsini insanların məqsədləri ilə izah
edir: “Biri vəzifə üçün gəlir, o biri rütbə üçün. Hər kəs aldı-getdi.
Döyüşənlərin isə əməyi görünmür. Veteran statusunun verilməsi
məsələsinin dayandırılmasının müdafiə və daxili işlər nazirlərinin
göstərişi ilə olduğu deyilir. Halbuki Prezidentin fərmanını heç bir
nazir ləğv edə bilməz. Prezidentin Dağlıq Qarabağda döyüşənlərə veteran
statusunun verilməsi ilə bağlı fərmanı yerinə yetirilmir. Hərə bir əmr
verir. Bu yaxınlarda tanıdığım yoldaşlardan biri həmin vəsiqəni Daxili
İşlər Nazirliyindən dava-dalaşla, ora-bura şikayət etməklə alıb. Heç
məhkəməyə də müraciət etməsinə gərək qalmayıb. O da polis idi, sıravi
döyüşçüydü. O gün yasda görüşdük, dedi “gedib vur-çatlasınla aldım”.
Belə çıxır ki, status almaq üçün müharibədə vuruşanlara burada da
dalaşmaq lazımdır. Veteran statusunun verilməsinin dayandırılması ilə
bağlı hətta Prezident fərmanının əksinə, müdafiə və daxili işlər
nazirlərinin hər hansı bir qərarı varsa da, şəxsən mən heç biri ilə
tanış deyiləm. Nə əsasa görə verilmədiyini deyən də yoxdur. Laçının
polis rəisi Məmməd Kərimovla danışdım, dedi ki, nazirlikdə status
verilməsinin dayandırılması ilə bağlı qərar var. Amma o “qərarı” mən
axtarıramsa da, heç yerdə tapa bilmirəm. Fərqi yoxdur, insanlar o vaxt
almaq istəyib, ya indi. O vaxt bəlkə ehtiyacı yox imiş. Amma indi
veteran statusuna ehtiyac hiss edir. Hazırda Qarabağ döyüşü
veteranlarının müavinəti 45 manatdır. Bundan başqa, statusu olmayan
işləyən veteranlardan vergi tuturlar. Bu məsələlər mənim üçün mənəvi
problemlər yaradır. Yanıma gəlib yardım istəyənlər döyüş yoldaşlarımdır.
Amma boynumu büküb üzlərinə baxmağa utanıram. Mən demirəm yanıma
Kəlbəcərdən, Şuşadan, Ağdamdan gəlirlər. Kürək-kürəyə döyüşdüyüm
yoldaşlarımdır. Mən o insanları döyüşən görmüşəm. Bu gün onları ehtiyac
içində görmək ürəyimi ağrıdır. Əlimdən isə heç nə gəlmir”. 
12 ermənini əsir götürən könüllülərin  mükafatı nə oldu? 
Müsahibimiz
deyir ki, Laçının Mişni kəndindən Fikrət düşmənlə döyüş zamanı
yoldaşları ilə bərabər 12 ermənini əsir götürüb. Lakin o da status ala
bilməyənlərdəndir: “Erməni əsirlər bizim əsir düşən, qətlə yetirilən
azərbaycanlılarla dəyişdirildi. Bu dəqiqə onun da, həmin döyüşlərdə
iştirak edən başqa döyüşçülərin çoxunun da cibində veteran vəsiqəsi
yoxdur. Qardaşı da status ala bilmir. Halbuki, həmin 12 ermənini əsir
götürənlər arasında o da var idi. Bəzilərinə əsassız bəhanə gətirirlər.
Başqa bir döyüşçü Füzuli istiqamətində xidmət edib. Deyirlər ki, o vaxt
müharibə getməyib, atəşkəs olub, ona status verilməsi mümkün deyil. Bu
dəqiqə də həlak olan əsgərlərimiz, dinc vətəndaşlarımız var. Bu o
deməkdirmi ki, müharibə qurtarıb? Belə çıxır ki, atəşkəsdə şəhid olanlar
şəhid statusu almamalıdır? Əgər belədirsə, bu camaat sərhədboyu niyə
dayanıb? Hamısı gedib otursun evində. 14 gün mühasirədə qalıb döyüşərək
itki verən 12 nəfərdən cəmi 7-si Laçından piyada Daşkəsənə gəlib
çıxmışdı. Onları mən qarşılamışdım. Ordunun əsgəri olsalar da,
aralarında status almayanlar var. Adamlara layiq olduqları statusu
vermirlər, fərari adı qoyduqlarını da həbs eləmirlər. Rayon hərbi
komissarına da irad bildirirəm ki, onlar özbaşına getməyib, səfərbərlik
elan edib bu insanları siz orduya göndərmisiz, indi qarşılarına düşüb
sənədlərini almağa kömək edin. Üzərindən atır, “bizim işimiz deyil,
Müdafiə Nazirliyinə gedin” deyir. Belə söz-söhbətlərdən sonra onunla
əlaqə saxlamıram. Gördüm ki, bu işə görə münasib bir adam deyil. Adətən
döyüşən polislərin siyahısı nazirliyə göndərilirdi, oradan veteran
vəsiqəsi verilirdi”. 
“Ordunu tərk edən döyüşçü” 2 ay sonra  mühasirədən çıxıb 
Əli
Əliyev 1991-ci ildə Laçının könüllü özünümüdafiə qüvvələrində döyüşüb,
bir il sonra isə hərbi hissəyə keçib: “Laçının Oğuldərə kəndində
yaşayırdım. Hərbdən maaş almırdım, əməkhaqqım məktəbdən idi. 1993-cü
ildə Kəlbəcər işğal olunanda ailəmlə Laçında idim. Kənddə 20-yə yaxın
ailə qalmışdı. Ordu geri çəkiləndə 19 nəfər 54 gün mühasirədə qaldıq,
sonra Güləbird kəndinə gəlib çıxdıq. 57 gün sonra da uşaqlarımı tapdım. O
zamanlar Tahir adlı bir nəfər mənim hərbi biletimi alıb götürdü. Bir
neçə il sonra bileti polisdən aldım. Heç bir qeydiyyat aparılmamışdı.
2004-cü ildə veteran statusu almaq istədim. Rayon icra hakimiyyətindən
lazım olan arayışı, sənədləri verdilər. Laçın hərbi komissarlığında
Bahadır Əsədov bu işi uzun müddət yubatdı və bir gün statusun
verilməsinin dayandırıldığını dedi. Hərbi komissarlıq arxivə müraciət
edəndə haqqımda yazmışdılar ki, “1992-ci ildə orduya qəbul edilib,
sıravidir, həmin ilin dekabr ayında hərbi hissəni özbaşına tərk etdiyinə
görə ordu sıralarından azad edilib”. Halbuki, mən həmin ilin may-avqust
aylarını Murovda olmuşam, ondan sonra 1993-cü ilin mart ayının 31-nə
qədər kənddə qalmışam. Ailəm, uşağım, malım orada, mən hərbi hissəni
necə tərk edə bilərdim? Sonralar statusla bağlı müraciət etdiyim
məhkəmədə hakim də komissarlığın nümayəndəsinə sual verdi ki, “əgər
hərbi hissəni özbaşına tərk etmişdisə, fərariydi. Fərariydisə, niyə ona
qarşı cinayət işi qaldırılmadı?”. Sonra 2250-dən çox döyüşçü siyahısında
xeyli sayda qadının adını görən hakim komissara irad bildirdi. Dedi ki,
“bir hakim bu siyahını o üz, bu üzə çevirsə, özün də bilirsən, buradan
ortalığa nələr çıxacaq”. Komissarı məzəmmət eləsə də, hakim qərar
vermədi. Əvvəlcə Xətai Məhkəməsində iddia qaldırdım. Orada iddiam rədd
edildi. Apellyasiya şikayətim də rədd olundu. Döyüşlərdə iştirak
etdiyimə şübhələrinin olmadığını deyirdilər, amma statusu verə
bilmədiklərini söyləyirdilər. Səbəbini isə açıqlamadılar. Sonradan bir
vəkil məni Gəncəyə göndərdi. 5-6 dəfə də Gəncə İqtisadi-İnzibati
Məhkəməsinə getdim, gah hakimlər dəyişdilər, gah iş təxirə salındı,
axırda da ora qanunsuz göndərildiyimi dedilər. Bizim zona Şirvana tabe
imiş. 3-4 məhkəmə də Şirvanda oldu. Məlum oldu ki, rayon icra
hakimiyyətində sonradan tərtib olunan əlavə siyahıda mənim adım var.
Həqiqətən orduda olduğum barədə də arayış verirlər. Milli Təhlükəsizlik
Nazirliyi də mənim mühasirədə qaldığım barədə arayış verib. Sənədlər
hamısı var. Status isə verilmir”.    

Ç.Abbasov
da deyir ki, əslində Ə.Əliyevi hərbçilər tək buraxıb gediblər ki, o, 54
gün mühasirədə qalıb, əks halda döyüşçü ordudan qabaq çıxardı.
Özünümüdafiə dəstəsi bir də xəbər tutub ki, ordu çıxıb, Laçın işğal
olunub. Onlar da geri çəkiliblər, o qalan qalıblar. Sonradan Güləbird
kəndindən çayboyu 2 aya yaxın yol gəliblər…(bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=10418

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31