Avropada anti-yəhudi dalğası

02.08.2014 - 23:11

BERLİN,ROMA,PARİS, VYANA… KÜÇƏLƏRİNDƏ YƏHUDİLƏRİ SÖYÜRLƏR; “HİTLER HAQLI İDİ” KİMİ ŞÜARLAR SOSİAL ŞƏBƏKƏLƏRDƏ DOLAŞIR

“New
York Times” qəzeti Avropada antisemitizmin yeni dalğası ilə bağlı
Berlin, Roma və Parisdəki müxbirlərinin birgə qələmə aldığı məqaləsində
Qəzza olaylarından dolayı ortaya çıxan yeni reallıqlardan söhbət açılır.
Yazıda vurğulanır ki, qoca Avropada yəhudilərə qarşı münasibət kəskin
şəkildə pisləşməyə başlayıb. Ən maraqlısı isə odur ki, Avropa
ölkələrinin rəhbərləri İsrailin Fələstində törətdiyi zorakılığa bəraət
qazandırmağa çəhd edir. Amma xalq kütlələri iri çaplı siyasətçilərin bu
kimi cəhdlərini nifrətlə qarşılayır…

Qəzet yazır ki, Qəzzada baş verən qanlı olaylar bütün Avropada
geniş əks-səda doğurub. Yəhudilərə qarşı münasibət kəskinləşib. İnsanlar
yəhudilər  haqqında nifrətlə danışırlar, hətta onlara qarşı zorakılıqla
müşahidə olunan hücumlar da təşkil olunur. Belə hallar artıq bir neçə
Avropa ölkəsində qeydə alınıb..
Antisemitizmin Almaniyada yüksəlişi isə xüsusilə təəccüb doğurur.
Çünki II Dünya Müharibəsi zamanı Holokost və digər Nasist cinayətlərə
görə ittiham olunmuş Almaniyanın müasir cəmiyyəti də yəhudilər
qarşısında özünü günahkar bilir. Burada kimsə İsrailin dövlət kimi
mövcudluğunu şübhə altına almır. Ona görə də Almaniyanın hər yerində
yəhudilərə münasibətdə keçmişin təkrarının mümkünsüzlüyünü vurğulamaq
üçün “Bir də heç vaxt”  kimi çağırışları səslənir. Uşaqlara ilk məktəb
illərində təlqin olunur ki, nasist keçmişi olan Almaniyada yəhudilərə
olan mənfi münasibət bir daha vüsət almamalıdır. Bütün bunlara
baxmayaraq müşahidəçilər o fikirdədir ki, Qəzzada baş verənlər ölkədə
anti -semit əhvali-ruhiyyəsini  gücləndirib. 
Bu həftə Almaniyanın qərbindəki Vuppertal şəhərində polis iki gənci
həbs edib. Onlar şəhərdə yeni istifadəyə verilmiş sinaqoqa “Molotov
kokteyli”ləri atmaqda ittiham olunurlar. Çərşənbə axşamı erkən baş
vermiş hücum binada dağıntılara səbəb olub. Elə həmin gün Frankfurtda
polis bəyan edib ki, ant-semitizmin tanınmış tənqidçilərindən birinin
evinin pəncərəsinə pivə butulkası çırpılıb. Həmin xanım balkonunun
qarşısında davamlı anti-yəhudi bağırtıları eşitməli olub. Bu barədə
yerli  ” Frankfurter Rundschau” dərgisi də xəbər yayıb. 
Yəhudi ravvinə anonim zəngdə isə fələstinli deyib ki, əgər Qəzzada
onun ailəsinə bir şey olsa, o, da intiqam məqsədi ilə Frankfurtda 30
yəhudi öldürəcək. Bu barədə də yerli polis idarəsi məlumat verib.
Almaniya kansleri Angela Merkel Fələstin tərəfdarları olan mitinqdə
antisemit şüarlarının səslənməsinə etiraz etdikdən sonra bu kimi hallar
daha da çoxalıb. Almaniya prezidenti Yoaxim Qauk  (Joachim Gauck)
 almanlara müraciətlə deyib:”Əgər küçələrdə yeni antisemit çağırışları
səslənirsə, buna öz etirazınızı bildirin”.
Ancaq antisemitizm təkcə Almaniyada güclənməyib. Digər Avropa
ölkələrində də vəziyyət ürəkaçan deyil. Fransada yaşayan bir çox
yəhudilər son ayda ölkəni tərk ediblər. Səbəb isə antisemit çıxışlar
səslənən mitinqlərin küçələrdə çoxalmasıdır. Düzdür, fələstinlilərin
keçirdiyi kütləvi tədbirlər sakit şəkildə baş tutub, ancaq gənc ərəblər
Fransada olan yəhudi biznes mərkəzlərinə hücum ediblər, sinaqoqlar da
hücumlardan kənarda qalmayıb….
Fransanın rəhbər orqanları bu kimi zorakılıqları ən kəskin
ifadələrlə qınayıb, ictimai təhlükəsizlikdən dolayı yarana biləcək
gərginlikdən narahatlıqlarını dilə gətiriblər. Hətta fələstinlilərə
kütləvi tədbir keçirmək üçün icazə verməkdən belə imtina ediblər.
Bəziləri isə ölkədə yaşayan gənc müsəlmanlar arasında antisemitizmə
meylləri nəzarətə götürməyi tövsiyə edib.
Fransanın baş naziri Manuel Valls ötən həftə  Milli Assambleyada
 “yeni” və  “normal” antisemitizmdən danışıb. Cihad istəyində olan
fələstinlilərin İsrailə nifrətindən söhbət açıb. Bildirib ki, bu nifrət
həm də Fransaya və onun dəyərlərinə qarşı yönəlib…
İş o yerə çatıb ki, tarixən tolerant olan İtaliyada da antisemit
çıxışları güclənib. Roma küçələrində bu daha aydın görünür. Bir çox
yəhudilərə məxsus mağazaların şüşələrinə anti-yəhudi xarakterli şüarlar
yazılıb. Romada “Sinaqoqları oda verin” və  “Yəhudilər, sizin axırınız
çatıb” kmi şüarlara rast gəlmək olar. Polis bu işlərə görə yerli sağ
radikallardan və Fələstinə meylli fəallardan şübhələnir. 
Roma ravvinlərinin rəhbəri Rikardo Di Segni deyir ki, bu
hədə-qorxular Yaxın Şərqdə baş verən gərginlikdən irəli gəlir. Bu da
antisemit hərəkətlərə təkan verir. 
Ötən həftə Avstriyada isə İsrailin futbol komandası Makkabi Hayfa
ilə Almaniyanın Paderborn futbol klubu arasındakı oyun maneələrlə
üzləşib. Bu komandaların ötən oyununda bir qrup gənc Fələstin və Türkiyə
bayrağı ilə  futbol meydançasına daxil olmuş və oyunçulara hücum
etmişdi. Elə bu səbəbdən də oyun daha təhlükəsiz yerə keçirmək lazım
gəlmişdi. 
Avstriyanın və Almaniyanın nüfuzlu qəzetləri, siyasətçiləri və
səhnə ulduzları “Səsini ucaltmaqla etiraz et” kompaniyası keçirməklə
ölkələrində baş verən antisemit çıxışları qınayır və yerli yəhudi
icmasının yanında olduqlarını nümayiş etdirirlər. Ancaq Höttingen
Universitetinin professoru Samul Salçborn deyir ki, o, bu cəhdlərin
yəhudilərə qarşı yönəlmiş ictimai rəyi dəyişə biləcəyinə inanmır:
“Almaniya hökumətinin antisemitizmə münasibəti birmənalıdır,aydındır,
amma bu müsbət nəticə üçün çox azdır. Hökumətlə Almaniya ictimaiyyəti
arasında antisemitizmdən dolayı dərin uçurum var”.
Almaniyada yaşayan 100 min yəhudi arasında Fələstində baş verən son
olaylar ağrılı tarixi həqiqətləri yaddaşlara qaytarıb. Almaniyanın
Yəhudi Mərkəzi Şurasına yüzlərlə zəng daxil olub. Yerli yəhudilər
soruşurlar ki, biz “camadan”larımızı götürüb ölkəni tərk etməliyik,
yoxsa qalmaq da olar…
Adı çəkilən yəhudi təşkilatının sədri Diter Qraumann deyir ki, mən
belə sözləri son illərdə heç eşitməmişdim: “Almaniya küçələrində
yəhudiləri qazla zəhərləməyə, yandırmağa və öldürməyə  çağırışlar
səsləyirlər. Halbuki, bu ölkənin İsrailin Qəzzada yeritdiyi siyasətlə
heç bir əlaqəsi yoxdur. Biz hazırda antisemitizmin daha iyrənc forması
ilə üz-üzə gəlmişik”…
Antisemitizmi araşdıranlar  qeyd edirlər ki, yaxşı təhsil almış
orta təbəqə arasında yəhudilərə münasibət xüsusilə pisləşib. Sosial
şəbəkələrdə “Hitler haqlı idi” kimi şüarlar daha çox yayılmaqdadır.
Yəhudiləri aşağılayan çağırışlar sürətlə çoxalır…
Texniki Universitetin aparıcı alimlərindən olan Monika Şvarç-Frisel
ömrünün 10 ilini ali təhsilli almanların məktublarında, İnternetdəki
çat-otaqlarda və digər sosial şəbəkələrdəki antisemit fikirləri
araşdırmağa həsr edib. O, deyir ki, zorakılıq öncə düşüncələrdə özünə
yer edir və oradan başlayır. Vuppertalda baş verənlər təsadüfi hadisə
hesab oluna bilməz. 
Berlindəki orta məktəblərin birinin direktoru Karola Melxert-Arlt 3
uşaq anasıdır. O, deyir ki, Almaniyada yaşadığı on illər ərzində ilk
dəfədir ki, qorxu içindədir. Anası ona deyib ki, sən David ulduzunu
(yəhudilərin boyundan taxdığı dini rəmz) bir daha taxma. Bu nişansa ona
ulu nənəsindən yadigar qalıb…
Xanım Melxert-Arlt deyir ki, onlar Almaniyada gizli şəkildə mövcud
olan antisemitizmdən həmişə xəbərdar olublar: “Ancaq son həftələrin
təcrübəsi deməyə əsas verir ki, anti-yəhudi əhvali-ruhiyyəsi təkcə
Almaniyanın deyil, bütün Avropanın küçələrində özünə yer edib”…
Elbəyi Həsənli, (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=10444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31