Mətbuat Şurası cəbhədən yalan xəbərlər yayan saytlarla bağlı bəyanat yaydı

03.08.2014 - 14:19


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.
Bizimyol.info həmin bəyanatı təqdim edir:
“Fikir,
söz və ifadə azadlıqları şəraitində məsələyə xüsusi diqqət göstərilməsi
anlaşılandır. Torpaqlarının 20 faizini itirmiş, 1 milyondan artıq
vətəndaşının qaçqın həyatı yaşadığı ölkənin kütləvi informasiya
vasitələrinin həssas mövzuya üz tutması da qəbul ediləndir. Təəssüflə
bildirməliyik ki, cəbhə xətti ilə əlaqədar xəbərlər yayan bir çox
internet media resurslarının tutduqları dəst-xətt onların həssas mövzuya
peşəkar münasibət meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü
yaratmaq istəklərini aşkar şəkildə göstərməkdədir. Mətbuat Şurasının
monitorinqinin nəticələri də bunu təsdiqləyir.
Mətbuat Şurası
müəyyənləşdirib ki, cəbhədə gərginliyin artdığı gündən başlayaraq
mövzuya dair məlumat yayan internet media resurslarının sayında dinamizm
yaranıb. Söz azadlığı şəraitində cəmiyyətə informasiya yaymağa məsul
media vasitələrinin sayının çoxalması müsbət hal sayılsa da, qeyd
etdiyimiz kəmiyyət artımının keyfiyyətlə uzlaşmadığı konkret nəticələrdə
əksini tapmaqdadır. Şura cəmiyyətin yanlış yönləndirilməsinin
qarşısının alınmasının vacibliyini rəhbər tutur. Buna görə də həmin
nəticələri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara təqdim
edəcək. Qurum nəzərə alır ki, sırf cəbhə ilə əlaqədar məlumatlara
kökləndiyi aşkar görünən, fəaliyyəti yalnız mövcud müstəvidə nəzərə
çarpan internet media resurslarının qeyri-peşəkarlığı vətəndaşlar
arasında qəsdən yanlış təəssürat yaratmaq niyyətinə də söykənə bilər. Bu
isə yolverilməzdir. Qloballaşma şəraitində istənilən müharibədəki
qələbənin informasiya müstəvisində qazanıldığı reallığını nəzərə alsaq,
ictimai rəyi formalaşdırmaq missiyasını üzərinə götürmüş Azərbaycan
jurnalistikası bu müharibədən qalib çıxmaq üçün media adına iddialı olan
kənar, xoşagəlməz təsirlərdən uzaqlaşmalıdır”.
Mətbuat Şurası
hazırkı şəraitdə tanınan, ictimai rəyə real təsirə malik KİV-ə xüsusilə
həssas olmağı tövsiyə edir. Qurum hesab edir ki, indiki vaxtda
cəmiyyətin obyektiv və operativ informasiyalara ehtiyacı daha böyükdür.
Bu ehtiyacın ödənilməsi üçün hər bir jurnalistin işinə məsuliyyətlə və
vicdanla yanaşması şərtdir. Daha çox rəsmi dövlət orqanlarımıza istinad
olunmalı, əldə edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.
“Siyasi
partiyalara yaxınlığından, tutduğu mövqeyindən və baxışından asılı
olmayaraq, hər bir KİV-in dövlətçiliyə sədaqət, milli mənafe
prinsipiallığı ruhunda fəaliyyət göstərməsi müstəsna önəm daşımaqdadır.
Mətbuat Şurası tarixin müxtəlif dövrlərində aktual olan bu məqama,
həmçinin böyük ənənələrə malik Azərbaycan jurnalistikasının mühüm tarixi
proseslərdəki səfərbəredici funksiyasına söykənir. Şura inanır ki,
həqiqi qələm sahibləri cəbhədəki vəziyyətlə əlaqədar materialların
təqdimatında qüdrətli ordu qürurumuzun formalaşdırılmasını başlıca
vəzifə kimi müəyyənləşdirəcək, hadisə və proseslərin doğuracağı effekti
peşəkar şəkildə dəyərləndirəcək, praktik müstəvidə meydana çıxması
mümkün olan məqamlara dair düzgün qərarlar verəcəklər. Qurum
Azərbaycanın KİV təmsilçilərinin üzərilərinə düşən missiyanı ləyaqətlə
yerinə yetirəcəyinə, Vətənə və dövlətçiliyə əməli xidmət baxımından
örnək səciyyə daşıyan nümunələr ortaya qoyacaqlarına əmindir”, – deyə
bəyanatda bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10487

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31