Əli Kərimlidən orduya tam dəstək, hakimiyyətə ciddi suallar

04.08.2014 - 00:52
Biz Qarabağı azad etmək əməliyyatına başlamışıqsa, niyə avqustun
8-də, Soçidə İlham Əliyev Putinin vasitəçiliyi ilə Sarkisyanla görüşür?

 
AXCP sədri Əli Kərimli şəhidlərlə bağlı Facebook səhifəsində daha bir status paylaşıb:   

“Hər bir əsgərimizin, zabitimizin şəhid olması şübhəsiz ki, bütün
vicdanlı həmvətənlərimiz üçün dəhşətli acıdır. Allah onlara rəhmət
eləsin. Nə qədər çalışsaq da, şəhid ailələrinin hüznünü təsəvvür edə
bilmərik. Atasız qalmış şəhid övladları üçün, oğul itirmiş ata, ana üçün
bu acı bütün həyatları boyu davam edəcək. Onlara təsəlli yalnız
torpaqlarımızın işğaldan azad edilməsi ola bilər. Onların kədərini
paylaşırıq. İndi onlar bizim hamımızın əziz adamlarıdır.

Ordumuza, əsgər və zabitlərimizə dəstəyimiz tam və birmənalıdır. Bir
zamanlar – nizami ordumuz hələ formalaşmadığı vaxtlarda vətən
torpaqlarını əksəriyyəti AXC üzvləri olmuş könüllülər qoruyub.
Ermənistanla savaşda AXC öz sıralarından minlərlə şəhid verib. Özləri
şəxsən səngərlərdə vətən torpağının keşiyində dayanmış insanlar hər bir
halda həmin savaş zamanı fərarilik etmişlərdən daha yaxşı dəyər verə
bilər əsgər və zabitlərimizə. Əminliklə deyirəm ki, nə zamansa Qarabağı
azad etmək üçün böyük savaş başlasa, yenidən minlərlə cəbhəçi könüllü
olaraq orduya yazılacaq. Artıq gənclərimizdən hərbi komissarlıqlara
müraciət edənlər var. Bu vətən də, onun uğrunda gedən savaş da, şəhidlər
də bizimdir. Ona görə də bizim etiraz etmək, suallar vermək haqqımız
var.

Yazmışdım ki, necə olur, bizə, ölkə ictimaiyyətinə deyirsiz hücum
edən ermənilərdir, amma dünya ictimaiyyətinə bu barədə heç nə demirsiz?
Xarici İşlər Nazirliyimiz, dövlət rəhbərliyi niyə susur? Həm bizim
balalar şəhid olur, həm də ermənilər bütün dünyaya hay salıblar ki,
hücum edən, atəşkəsi pozan Azərbaycan tərəfidir. Nəhayət, əməliyyatlar
başlayandan 4 gün sonra Xarici İşlər Nazirliyimiz sükutu pozub, bazar
günü gecə saat 3-də də olsa, bəyanat verdi. Və mənim iradımın haqlı
olduğunu qəbul etdi. Normaldır. Müxalifət gördüyü çatışmazlıqları
deməli, hökumət də hərəkətlərinə düzəliş etməlidir. Mənim indi də
etirazlarım və suallarım var. 

Mən hökumət muzdlularının düşmən tərəfi yox, hətta beynəlxalq aləmi
də yox, öz xalqımızı aldatmağa hesablanmış əttökən yalanlarına,
dezinformasiyalarına etiraz edirəm. Gürcüstan-Rusiya savaşı zamanı
çəkilmiş videoları bugünlərdə Qarabağda gedən savaş kimi xalqımıza
sırımaq cəhdlərini qınayıram. Erməni saytını sındırıb, ora saxta məlumat
yerləşdirib, sonra da həmin saxta informasiya ilə xalqımızın
aldadılmasına etiraz edirəm. İki günün ərzində 16 şəhid vermiş ölkənin
başçısının tətilini yarımçıq kəsməməsinə, baş verənlər haqda nə öz
xalqı, nə də beynəlxalq aləmlə danışmasına etiraz edirəm. 

Mən başa düşürəm ki, savaşda qurban verilər. Mən yaxşı bilirəm ki,
torpaq uğrunda ölən varsa, vətəndir. Amma indi cəbhədə nə baş verdiyini
inanın ki, xeyli adam başa düşə bilmir. Biz həqiqətənmi elan olunduğu
kimi, səngərdə oturduğumuz yerdə hücuma məruz qalmışıq? O halda niyə bu
qədər itki vermişik? Müdafiəmizin təşkilində səhlənkarlıq və ya səhvmi
olub? Gələcəkdə belə halların olmaması üçün tədbir görülürmü? Bəlkə,
hökumət həqiqətən də Qarabağı azad etmək fikrinə düşüb? O halda niyə
daha ciddi səfərbərlik aparılmır, xalqa müraciət edilmir, az da olsa
torpaq azad olunmur?

Biz Qarabağı azad etmək əməliyyatına başlamışıqsa, niyə avqustun
8-də, Soçidə İlham Əliyev Putinin vasitəçiliyi ilə Sarkisyanla görüşür?
Sonda elə olmayacaq ki, Qarabağı azad etmirik, hərə öz müvqeyində qalır,
sadəcə Putinə müdrük görkəmdə, sülhpərvər ədası ilə Əliyevi və
Sarkisyanı atəşkəsə əməl edilməli, savaşmağın yolverilməz olduğunu “başa
salmasına” şərait yaradılır, dünyaya da “Qarabağda hərb də, sülh də
onun nəzarətindədir” mesajı verilir?

P.S. Bəzi dostlar təklif edirlər ki, şəhidlərin yas məclislərinə
gedək. Görürlər axı Türkiyədə hökumət və müxalifət liderləri necə
birlikdə şəhidlərin yas mərasimində iştirak edirlər. Görünür, hələ də
Azərbaycan hakimiyyətini tanıya bilməmisiniz. Təəssüf ki, bizim hökumət o
qabiliyyətin sahibi deyil. Bizim şəhidlərin yas mərasimlərinə
getməməyimiz üçün şəhid ailələrinə təzyiq olunur. Ceyhun Qubatovun 3
mərasimində yoldan qayıtmalı oldum. Ailəyə güclü təzyiq edib, hətta
xeyir-şər çadırını belə sökdürdülər ki, mən orada iştirak edə bilməyim.
Sonra daha bir şəhid ailəsinə də təzyiq olunduğunu eşitdim və qərara
gəldim ki, onsuz da dəhşətli kədər içində olan şəhid ailələrinə təzyiq
üçün bəhanə verməyim, onları çətin seçim qarşısında qoymayım”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31