Yeni Qarabağ savaşına hazırıqmı?

04.08.2014 - 08:27

 

 
 

Azərbaycan – Ermənistan sərhədində
son günlər baş verənlər sıravi vətəndaşların “Qarabağ mövzusu”na nə
qədər həssaslıqla yanaşdığını bir daha sübuta yetirdi. 20 ildə
hakimiyyətin Qarabağı unutdurmaq cəhdləri heç bir nəticə verməyib. Son
günlərin hadisələri də sübuta yetirdi ki, Azərbaycan insanı üçün Qarabağ
müqəddəsdir.

Lakin problemin ciddiliyi soyuqqanlı
yanaşmanı tələb edir. Bir-sıra suallara emosiyasız cavab vermək son
dərəcə vacibdir. Qarabağ cəbhəsində irimiqyaslı savaş başlaya bilərmi?
Azərbaycan və Ermənistan hakimiyyətləri yeni müharibədə maraqlıdırmı?
Yeni Qarabağ savaşına Qərb və Rusiyanın münasibəti necə olacaq? Savaş
başlayarsa, bu, Azərbaycana, Ermənistana, Rusiyaya, Qərbə, bölgəyə nə
edir? Bütün bu suallara birmənalı şəkildə cavab tapmasaq Ermənistanla
sərhədlərimizdə son günlər baş verənlərin mahiyyətini dərk edə
bilməyəcəyik.

Birincisi, öncələr də vurğulamışıq ki,
yaranmış vəziyyət irimiqyaslı hərbi əməliyyatların başlanmasına imkan
vermir. Ən yaxşı halda, söhbət lokal döyüşlərdən gedə bilər. İkincisi,
yeni savaşda nə rəsmi Bakı, nə də ki İrəvan maraqlı görünmür. Savaş yeni
iqtisadi, sosial, siyasi problemlər deməkdir. Yeni riskdir. Yalnız
iqtidarının müddətini düşünən heç bir hakimiyyət isə belə riskə getmək
istəməz.

Digər tərəfdən, savaşa başlayan
istənilən hakimiyyət ölkə daxilində vətəndaş birliyinə nail olmağa cəhd
edir. Milli birlik və vətəndaş sülhü olmadan, yeni savaşa başlamaq
məntiqsizdir. Son günlər Azərbaycanda müxalifət fəallarının, hüquq
müdafiəçilərinin həbsi, tənqidçi medianın susdurulması adi hala
çevrilib. Savaşa hazırlaşan hakimiyyət belə bir sərt siyasi kurs
seçməzdi. Bu birmənalıdır. Təqibə məruz qalanların daha çox Avropa ilə
inteqrasiya tərəfdarları olduğunu nəzərə alsaq, sərhəddə baş verənlərdə
Rusiyanın kölgəsini açıq şəkildə görə bilərik.

Proseslərin
bu səpkidə inkişaf edəcəyini aylar öncə vurğulamışdır. Bədbin
proqnozlar doğrulmağa başlayıb. Proseslərin gələcək inkişafının
konturları da artıq cızılmaqdadır. Kənar baxışla görünən budur ki, Kreml
Azərbaycanı yeni aralıq savaşa şirnikləndirir və işğal olunmuş
torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət”
verir. Bu  məsələdə rusların səmimiliyinə inananlar unudurlar ki,
Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı
savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi. 

 Görünən
budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni aralıq savaş
lazımdır.  Aydın məsələdir ki, savaş başlayarsa, ruslar öz tarixi
müttəfiqləri olan ermənilərə yardım edəcəklər.

 Bu
isə yeni torpaq itkisi təhlükəsi yaradır. Ruslar yeni ərazilərimizi
işğal edib, ermənilərə təhvil verə bilərlər. Bu ölkədə narazılığın
artması ilə sonuclana bilər və nəticədə rəsmi Bakı Kremlin Gömrük
İttifaqı layihəsinə razılıq verə bilər.

Qərb də
Azərbaycanın savaşa başlamasını arzu etmir. Nəzərə alsaq ki, 2015-ci
ildə Bakıda Yay Olimpiya Oyunları keçiriləcək, ehtimal edə bilərik ki,
yeni savaş arzu edilən deyil. Nə Bakı bu beynəlxalq tədbirdən imtina
etmək niyyətindədir, nə də ki Qərb Azərbaycanı ruslara təhvil verməyə
hazırlaşır. 

İstisna deyil ki, sərhədlərimizdə gərginlik artacaq.

Lakin
söhbət iri miqyaslı savaşdan deyil, qısa müddətli döyüşlərdən gedə
bilər. Ən yaxşı halda Azərbaycan bir-iki kəndi geri qaytara bilər.
Əməliyyatların miqyası genişlənərsə, sülhə vadar etmək planı da işə düşə
bilər. Yaranmış vəziyyətdə Qərb ən optimal yol kimi zorən sülhə nail
olmağı nəzərdən keçirə bilər. Azərbaycan-Ermənistan arasında hərbi
əməliyyatların yenidən başlaya biləcəyi zorən sülh variantını aktual
edir. 

Görünən budur ki, dalana dirənən
danışıqlar prosesi yenidən canlana bilər. Lakin Cənubi Qafqazla bağlı
tərəflərin qarşıdakı dövr üçün razılığa gələ bilməsi ehtimalı inandırıcı
deyil. Geosiyasi maraqlar müxtəlif olduğundan bunu etmək imkansız
görünür. Supergüclər Azərbaycandan yeni geosiyasi mübarizədə birmənalı
seçimini müəyyən etməyi tələb edəcəklər. 

Maraqlısı
odur ki, xalq diplomatiyası tərəfdarlarını təqib edən Bakı “hərbi marş”
oxuyur, lakin eyni zamanda danışıqlara hazır olduğunu nümayiş etdirir.
 “Danışıqlarda kim aparıcı mövqeyə malik olacaq” sualı da
düşündürücüdür. Ukraynadakı acınacaqlı məğlubiyyətindən sonra Rusiya
zədələnmiş imicini sağaltmaqdan ötrü belə bir addım ata bilər.

Proseslər
gərginliyə doğru inkişaf edir. Savaşın qarşısının alınması üçün
danışıqlar prosesinin bərpa olunacağı vacib görünür. Lakin bu dəfə
danışıqlar Azərbaycanın maraqlarına xidmət etməlidir.  Ən azı son günlər
verdiyimiz şəhidlərin qanı bunu tələb edir. Ən başlıcası isə odur ki,
bu vətən hamınındırsa, yalnız kasıb təbəqənin övladları deyil, eyni
zamanda ölkənin sərvətlərini mənimsəyən məmurların harın övladları da
döyüşlərdə iştirak etməlidir. Başqa yol yoxdur…(musavat.com)

 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10515

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31