Anar Məmmədovun qlobal biznes imperiyası

05.08.2014 - 01:39

Ziya Məmmədovun oğlunun dəyəri yüz milyonlarla ölçülən biznesini hansı pulla qurduğu, həm də bu biznesin həcmi mümmadır


Ziya Məmmədovun oğlunun dəyəri yüz milyonlarla ölçülən biznesini hansı pulla qurduğu, həm də bu biznesin həcmi mümmadır

Qısa arayış:Məmmədov Anar Ziya oğlu (Azərbaycan Respblikası Nəqliyyat Naziri Ziya
Məmmədovun oğlu). İnfrastruktur, tikinti, neft və qaz hasilatı,
beynəlxalq ticarət, telekommunikasiyalar və mehmanxana xidmətləri
sahəsində şaxələnmiş “Garant” Holdinqin direktorlar şurasının sədri,
Azərbaycan Amerika Aliyansının təsisçisi və Azərbaycan Qolf
Federasiyasının prezidentidir.  
Azərbaycan
Amerika Aliyansının rəsmi web saytında verilən məlumata görə, cənab
Məmmədov ali təhsilini Birləşmiş Krallıqda (Böyük Britaniya) alıb.

Mediada tanıtımı: 

İki
il əvvəl Anar Məmmədovun adı Qəbələdə 1 milyon manata ayı kababı yeməsi
ilə bağlı qalmaqalda hallanıb. Lakin, A. Məmmədov “Bizim Yol” qəzetinə
açıqlamasında bu xəbəri təkzib etmişdi: “Bunlar yalan söhbətlərdir.
Mətbuat istədiyini yazır. Mən belə yazılara əhəmiyyət vermirəm”.
Əhəmiyyət vermədiyini desə də, Anar Məmmədov bu barədə yazılar dərc edən
“Azadlıq” və “Yeni Müsavat” qəzetlərini məhkəməyə vermişdi. 

Bir
neçə il öncə Al Jazeera və Azadlıq radiosu ZQAN Holdinqin nazir Ziya
Məmmədovun ailəsinə məxsus olması və Anar Məmmədov tərəfindən idarə
edildiyi barədə materiallar dərc etmişdi. AzadlıqRadiosunun
OCCRP (Mütəşəkkil cinayətlərin və korrupsiyanın araşdırılması layihəsi)
təşkilatı ilə birgə apardığı araşdırma iş adamı Hafiz Məmmədovun
rəhbərlik etdiyi “Baglan Group” ilə Anar Məmmədovun rəhbərlik etdiyi
holdinq arasında ortaqlığı və bunun sayəsində Bağlan Groupun nəqliyyat
sahəsində imtiyazlı mövqe tuta bildiyini ortaya çıxarmışdı. 

Nəqliyyat
Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov həmçinin ABŞ-da 2012-ci ildə
keçirilən Xocalıya Ədalət Kampaniyasının rəhbrələrindən biri kimi
tanınıb. 

Anar
Məmmədov nazir oğludur. Atasının nazir olduğu nəqliyyat sektoruna
birbaşa aidiyyatı olan sahələrdə biznes qurub. Onun biznesi büdcə
kontraktlarından və atasının verdiyi lisenziyalardan yararlanıb. Məmur
ailəsinin dəyəri yüz milyonlarla ölçülən biznesini hansı pulla qurduğu
müəmmalıdır. İndiyə kimi müəmma olaraq qalan həm də bu biznesin
həcmidir. İctimaiyyətə indiyə kimi Anar Məmmədovun nəzarət etdiyi
şirkətlərin çox kiçik bir hissəsi məlum olub. 

Anar
Məmmədovla bağlı apardığımız araşdırma nəticəsində məlum olub ki, onun
Azərbaycanda, İngiltərədə və Türkiyədə nəqliyyat, tikinti və başqa
sahələri əhatə edən biznesi var.

Nazir oğlunun Türkiyə biznesi:

 

 

 

 

Türkiyədə
Anar Məmmədovun birbaşa adı keçən 2 şirkət mövcuddur. Bunlar,
“Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti”,
“Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”, ”
şirkətləridir. A.
Məmmədov “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim
şirkəti” və “Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim
şirkəti”nin idarə heyətinin əvvəlki üzvüdür. Şirkətlər arasında maraqlı
bağlantı isə indiki idarə heyəti üzvlərinin hər iki şirkətdə eyni
adamlar və orada yer alanların Anar Məmmədova əlaqəli olması ilə
bağlıdır. 

Anar Məmmədovun əvvəlki idarə heytənin üzvü olduğu “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti”nin sərmayə

dəyəri
7.5 milyon TL (təxminən 2.8 milyon AZN) dəyərindədir. Şirkətin
sərmayəsinin ortaqlar arasında necə bölünməsi isə göstərilməyib.
Şirkətin indiki idarə heyətinin üzvləri “Garant” Holdinq Direktorlar
Şurasının üzvü Emil Ələsgərov, Bakı şəhərində ictimai nəqliyyat
sahəsində əsas pay sahibi olan Transaget LTD-nin rəhbəri Xəyal Rəsulov (Vergilər
Nazirliyinin 05 sentyabr, 2011-ci il tarixində yaydığı məlumatda qeyd
olunur ki, Xəyal Rəsulov həmçinin “ZQAN” Holdinqlə birlikdə “Global
Card” LLC-nin də təsisçisidir/ Mənbə: abc.az) və
Anar Məmmədovun babası Arzuman Məmmədovdur. Şirkətin əsas fəaliyyət
istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi
inşaat sahəlirinin memarlıq layihəsinin hazırlamaq və inşa
etməkdir. (Mənbə: Foto 4)

“Avrasiya
İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”nin isə sərmayə
dəyəri 100 milyon TL-dir. Şirkətinin indiki İdarə Heyəti yuxarıda adları
çəkilən Emil Ələsgərov, Xəyal Rəsulov və Arzuman Məmmədovdur. Şirkətin
əvvəlki idarə heyətində isə Anar Məmmədovla yanaşı “Baglan Group”un
rəhbəri Hafiz Məmmədov da var. Bu şirkətin də əsas fəaliyyət istiqaməti
bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat
sahəlirinin memarlıq layihəsini hazırlamaq və inşa etməkdir.

Xəyal
Rəsulov, Arzuman Məmmədov və Emil Ələsgərovu birləşdirən digər bir
şirkət isə “Baltech inşaat sənayə və ticarət anonim şirkəti”dir.
Şirkətin sərmayə dəyəri 51 milyon TL-dir (təxminən 19 milyon AZN).
Şirkət 2011-ci il iyul ayının 7-də qeydiyyata alınıb. Şirkətin əsas
fəaliyyət sahəsi bütün növ inşaat işləri, ofis binalarını, ticarət
mərkəzlərini tikməkdir. 
Adı keçən şirkətlərdə İdarə heyəti üzvü olan Emil Ələsgərov həmçinin Nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. 
Emil
Ələsgərov həmçinin Vircin adalarında da iki şirkətin direktorları
arasındadır: Trans-European Leasing Group Ltd. və Montgomery Industries
Ltd. (Foto 6)
E.Ələsgərovun
direktoru olduğu şirkətlərdən biri olan Montgomery Industries Ltd. həm
də ZQAN Holding Limited-in səhmdarlarında biridir. 
Trans-European
Leasing Group Ltd. və Montgomery Industries Ltd. Şirkətlərinin
direktoru kimi Emil Rafayil oğlu Ələsgərov Bakı şəhəri Ziya Bünyadov
küç. 36A ünvanını qeydiyyat ünvanı kimi göstərib. 
Trans-European
Leasing Group Ltd. həmdə Bakı Beynəlxalq Avtovağzalının sifarişçisi
“Bakı XXI Əsr” MMC-nin təsisçisidir, Böyük “Bakı XXI Əsr” MMC
Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə
ictimaiyyətə məlumat verilmir.
Hansı ki, eyni ünvanda Belux mebel salonu və Azərbaycan at idman federasiyası qeydiyyatdan keçib.

Emil
Ələsgərov bizə 2 jurnalistin – “Yeni Müsavat” qəzetinin reportyoru
Elmin Bədəlovun və “Milli yol” qəzetinin əməkdaşı Anar Əliyevin
(Gəraylı) nəqliyyat naziri Ziya Məmmədovun imarətinin qarşısında
döyülməsi ilə bağlı hadisədən də tanışdır. O zaman Ziya Məmmədova məxsus
olduğu iddia edilən imarəti çəkən jurnalistlərə qarşı şahid kimi
gətirilən şəxslərdən biri də Emil Ələsgərov olmuşdu. Fotoları çəkilən və
Ziya Məmmədova aid olduğu iddia edilən villa ilə qonşu olan E.
Ələsgərov o zaman jurnaslitlərin döyülmədiyini iddia etmişdi.

 

Garant Holdinq biznesi:

 

“Garant
Holdinq” Şirkətinin rəsmi web saytında yerləşdirilən məlumata görə,
şirkətin direktorlar şurasının sədri Azərbaycan respublikası nəqliyyat
naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Şirkət 2005-ci ildən
2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.
Wikileaks-in “kimin nəyi var?” silsiləsindən yaydığı məlumatda qeyd
olunurdu ki, ZQAN Məmmədov ailəsi üzvlərinin baş hərflərini özündə
birləşdirib- ata Ziya, ana Qətibə, oğul Anar və qızı Nigar. Ancaq ZQAN
rəsmisi bunu təkzib etmişdi. 

“Garant
Holdinq”in tərkibinə 17 yerli şirkət daxildir. Bunlar “Qarant Sığorta”
ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English
Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro”
MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, ” Zqan
konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba
Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC-dir.
Holdinqə daxil olan şirkətlər fəaliyyət sahələrinə görə bir birindən
fərqlənir. 

“Qarant Sığorta” ASC-nin rəsmi saytında verilən məlumata görə, şirkətin təsisçisi “Garant Holdinq”dir. Şirkətin nizamnamə kapitalı 4 milyon manat
təşkil edir. Şirkət Həm fərdi, həm də korporativ müştərilərə 18 könüllü
və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Bura avtomobillərin
sığortası, ipotekaların sığortası, tibbi sığorta, əmlak sığortası,
məsuliyyət sığortası, yüklərin sığortası, xaricə səfərə çıxan şəxslərin
sığortası və bir çox digər növləri daxildir. 

“Garant Holdinq”-ə daxil olan “Azbentonit” MMC şirkətinin
əsas fəaliyyət sahəsi ölkədəki mineral qeyri-filiz xammal yataqlarının
kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata
keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif
təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir.

Holdinqin tərkinbinə daxil olan “Royal İsteyt” MMC şirkəti
Bakı Beynəlxalq Avtovağzalının 2-ci mərtəbəsində yerləşir. “Azadlıq
Radiosu”nun “Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı”
başlıqlı araşdırmasında qeyd olunur ki, Bakı Beynəlxalq Avtovağzal
Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu
Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə (“Bakı XXI
Əsr”) təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri
Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib. 
“Royal İsteyt” MMC-nin illik maliyyə dövriyyəsi 6 milyon manat təşkil edir. Şirkətin əsas fəaliyyət sahəsi daşınmaz əmlakın idarə olunmasıdır. 
“Qarant Tour” MMC də
“Garant Holdinq”in tərkibinə daxil olan şirkətlərdəndir. Şirkətin
maliyyə hesabatları barədə dəqiq məlumat olmasa da, əsas fəaliyyət
istiqaməti ölkə daxilində və ölkə xaricində turistik xidmətlərin həyata
keçirilməsidir.

Müxtəlif
zamanlarda mediada yazılan məlumatlarda qeyd olunurdu ki, Quba rayonu
nazir Ziya Məmmədovun nəzarətindədir. 2012-ci ildə Qubada beş verən
üsyan zamanı da xalqın qarşısına məhz Ziya Məmmədov çıxmışdı. Yaranan
problemin nəqliyyatla bağlı olmamasına rəğmən, məhz nəqliyyat nazirinin
orada görünməsi bir çox suallara yol açmışdı. Quba ilə bağlı Anar
Məmmədovun biznesi ilə əlaqədar məqam isə “Quba Olimpiya Kompleksi” MMC-nin
də “Garant”ın tərkibinə daxil olmasıdır. Quba-Bakı magistral yolunun
4-cü km-də yerləşən Olimpiya Kompleksinin hüquqi təmsilçisi İsa Musayev
adlı şəxs olsa da, “Garant Holdinq”in rəsmi saytında bu kompleksin
holdinqin tərkibinə daxil olması qeyd olunur. (Foto 14)

 

 

Anar Məmmədovun Instagramda paylaşdığı Rixos hotel və qolf meydançası

 

Oğul
Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının
(A. Məmmədov AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən
qolf klubudur. Klubun yaradılmasına nə qədər maliyyə xərclənməsi qeyd
edilməsə də Azərbaycan Qolf Federasiyasının menecerlərindən Dominik
Naughton AzadlıqRadiosuna açıqlaçasında bildirib ki, layihə milyonlara
başa gəlib. Ancaq sizə açıqlaya bilmərəm.

Nəqliyyat nazirinin oğlunun nəzarətində olan digər şirkət isə “Avto-Media” MMC-dir.
Şirkətin əsas fəaliyyəti də məhz nəqliyyat ilə bağlıdır. 2008-ci ildə
yaranan “Avto-Media”-nın əsas fəaliyyət sahəsi “London taxi”ləri kimi
tanınan taksilərə, sərnişindaşıma avtobuslarına və yol boyu reklamların
yerləşdirilməsidir. Xatırladaq ki, ölkədə taksilərin fəaliyyət
göstərməsinə lisenziyanı Anar Məmmədovun atasının rəhbərlik etdiyi
Nəqliyyat Nazirliyi verir.

“Garant Holdinq”in bir hissəsi olan “Ucar Aqro” MMC şirkətinin
kəsim sexinin təməli 2012-ci il sentyabr ayında qoyulub. Sahəsi 5
hektar, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla 87
hektar təşkil edən kəsim sexində saatda 6 000 baş quş emal etməsi
planlaşdırılıb. 2012-ci ilin sentyabr ayında “Zqan Holdinq”in yaydığı
rəsmi məlumatda qeyd olunur ki, sexin tikinti müddəti 18-20 ay nəzərdə
tutulub. Bu isə onu deməyə əsas verir ki, sex yaxın günlərdə tam gücü
ilə fəaliyyətə başlayacaq. (Ucar Aqro şirkətinin son 3D görüntüləri ilə
bu keçiddən tanış olmaq olar: http://www.garant.az/html/ucar_aqro.html

Ata və oğulun birgə biznesi

Məmmədova məxsus şirkətlər arasında ən çox diqqət çəkənlərdən biri isə “M -Trans” MMC-dir.
Şirkət Ata Məmmədovla oğul Məmmədovun birgə biznes maraqlarını da üzə
çıxardır. Belə ki, “M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü
il tarixdə 0103-P31-38580в„–-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi
tərəfindən dövlət qeydiyyatına alınıb.
MMC fəaliyyətinin əsas
istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən
“Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin
daşınmalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında
şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

Anar
Məmmədovun bu şirkətinə isə atasının rəhbərlik etdiyi Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə
beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün
müvafiq lisenziyalar verilib.

Şirkətin
rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda beynəlxalq və yerli
sərnişindaşıma xidmətləri həyata keçirir. Bu məqsədlə şirkət 2014-cü
ildə öz texniki bazasını gücləndirmək məqsədi ilə müasir standartlara
cavab verən 5 ədəd Daewoo BH 120F markalı sərnişindaşıma avtomobili
alıb. Bu avtobuslar əsasən Bakı – Naxçıvan və Bakı – Qırmızı Körpü
istiqamətləri üzrə sərnişindaşıma xidmətlərini həyata keçirir.
Yaxınlarda isə şirkət öz bazasına daha 5 ədəd Daewoo FX212 markalı
avtobuslar daxil etməyi planlaşdırır. 
Şirkət Azərbaycanın 62
rayonuna, o cümlədən Rusiya, Türkiyə, Gürcüstan və İranın 28 şəhərinə
sərnişin daşımaları həyata keçirir. 
Tikinti, sərnişin daşıması,
turizm və digər biznes sahələrindən əlavə Anar Məmmədov digər gəlir
mənbəyi Bakıda “İçəri şəhər”də yerləşən Meridian oteldir. Rəsmi olaraq “Ameritex” MMC kimi qeydiyyatdan keçən otel “Garant Holdinq”in tərkibinə daxildir.

“Transevrokom” MMC Anar
Məmmədovun komunikasiya sahəsi üzrə ixtisaslaşan şirkətidir. Şirkətin
əsas fəaliyyət sahəsi fiber optik kabellər vasitəsi ilə
telekommunikasiya xidmətlərinin və genişzolaqlı limitsiz internet
xidmətlərinin təşkilini həyata keçirdir. Şirkətin rəsmi saytında
yerləşdirilən məlumata görə, şirkət bu vaxta qədər Bakı, Gəncə, Yevlax,
Ağstafa, Hacıqabul şəhərlərində və Bakı – Böyük kəsik dəmir yolu boyunca
bu kimi xidmətlərin təşkilini həyata keçirdib. (Rəsmi sayt: http://www.transeurocom.az/az/pages/2/32)

“Garant Holdinq”in tərkibində yer alan “Zqan Konstrakşn” MMC holdinqin
ilk şirkətlərindən sayılır. 2003-cü ildə təsis edilən şirkət bır sıra
dövlət və özlə tikintilər həyata keçirib. Bura Ucar və Zərdab
rayonlarında Heydər Əliyev muzeyinin, Ucar, Yevlax və Quba
rayonlarındakı avtovağzalların, Quba rayonunda SOCAR klinikasının,
Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin binasının (Bakı şəhəri),
“Bank Of Azerbaijan”-nın Yasamal filialı binasının və digər irihəcmli
binaların tikintisi daxildir. 

4
may 2011-ci il tarixində Nəqliyyat Naziri Ziya Məmmədov Yeni Azərbaycan
Partiyasının internet saytına verdiyi müsahibəsində deyib ki,
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sisteminin ümumi qurulmasına
77 milyon dollar vəsait xərclənib. Ancaq bu məbləğin nə qədərinin məhz
mərkəzin binasının tikilməsinə xərclənməsi barədə heç bir məlumat qeyd
olunmayıb.

“Turbo.az” MMC –
“Garant Holdinq”in tərkibində yer alan bu şirkət uzun illərdir ki,
Azərbaycanda avtomobil satışı saytı kimi tanınır. Saytın rəhbəri rəsmi
olaraq təmsilçisi Emin Həsənov adlı şəxsdir. Ancaq saytı Elnur Baimov
təsis edib. Elnur Baimov hətta mediaya açıqlamasında bildirmişdi ki,
turbo.az onun ən sevimli layihəsidir. Qeyd edək ki, Baimov bir müddət
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakı
şəhəri nəqliyyatı idarəetmə üzrə direktoru vəzifəsində çalışıb.

“Garant Holdinq”in tərkibində yer alan digər şirkət isə “Qarant Sığorta Agenti” MMC-dir.
Şirkətin rəsmi təsisçiləri “Qarant Sığorta” MMC və “ZQAN Holdinq
Limited” MMC-dir. Şirkət 2008-ci ildə yaradılıb. Şirkət hazırda
Kaveroçkin 13 ünvanında “Garant Holdinq”in yerləşdiyi binada yerləşir.

“Goranboy Gips” ASC “Garant
Holdinq”in tərkibində yer alan ən qalmaqallı şirkət hesab olunur.
Şirkət Goranboy kəndinin Yuxarı Ağcakənd kəndində yerləşir. 2012-ci ilin
əvvəllərində “Zqan Holdinq”lə “Goranboy Gips” ASC arasında uzun məhkəmə
çəkişmələri olub. “Goranboy Gips” ASC-in ovaxtkı rəhbəri Füzuli Qasimov
2012-ci ilin iyun ayında baş verənlərlə bağlı mediaya bunları demişdi:
“Goranboy-Gips” zəbt olunub. “Bir neçə gün əvvəl obyektimə basqın oldu.
Basqında “ZQAN”ın, “Azbentonit”in nümayəndələri də iştirak edirdi. Həmin
vaxt dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədim.
Basqınçılar yalnız bundan sonra geri çəkildilər. Dünən isə 102-yə
etdiyim zəngə məhəl qoyulmadı. “Goranboy-Gips”ə basqın edib şirkəti
götürdülər. Üstəlik mənim digər əmlakıma “Elmir MMC”-yə də basqın oldu.
Əllərində Goranboy Məhkəməsinin qeyri-qanuni, qondarma qətnaməsi vardı.
Halbuki həmin müəssisəmin “Goranboy Gips”ə heç bir aidiyyatının olmadığı
haqda sənədləri də təqdim etmişdim. Müəssisələrimə əliavtomatlı
adamları qoyub bizim ora girişimizin qarşısını alırlar. “ZQAN” holdinqin
hüquqşünasları atamdan Goranboy polisinə şikayət ediblər. Faktiki atam
bu şəxslərin üzünü görməyib. “Azbentonit”in müdiri də Goranboy polisinə
məndən şikayət edib. Guya onu hədələmişəm”.

Mübahisəli bank

Anar Məmmədovun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də “Bank of Azərbaycan”dir. Azərbaycan
Dövlət teleqraf Agentliyinin 2011-ci ildə yaydığı məlumatda qeyd olunur
ki, bank “Zqan Goldinq”in tərkibinə daxildir. 2013-cü ilinin yanvarın
22-dək Anar Məmmədov Bank of Azerbaijan-ın sənədlərində səhmlərin 81
fazinin sahibi kimi göstərilib. Azərbaycan Respublikası Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış sənəddə qeyd
olunur ki, A. Məmmədov bankın həmtəsisçilərindən biridir. 2012-ci ilin
avqustunda Bakı Valyuta Birjasına təqdim olunan səhm satışı üzrə
emissiya prospektində Bank of Azerbaijan-ın müşahidə şurasının üzvləri
arasında Hafiz Məmmədovun da adı keçib. Hafiz Məmmədovun qardaşı Mübariz
Məmmədov bank səhmlərinin 18 faizinin sahibi olub.

Anar
Məmmədov “Bank of Azerbaijan”nın səhmlərini satandan sonra bank Hafiz
Məmmədov və onun qohumlarının əlində cəmləşib. Bu ilin yanvarına olan
məlumata görə,belə bölünüb – Hafiz Məmmədovun oğlu Kənan -43 faiz; digər
oğlu Sənan – 43 faiz və qardaşı Mübariz -13 faiz. (Foto 17)
2014-cu
il may ayının 22-də isə Bank rəhbrəliyi tərəfindən keçirilən
toplantının nəticəsi olaraq Hafiz Məmmədov bankın müşahidə şurasının
sədrliyindən, qohumları isə müşahidə şurasının üzvlüyündən
uzaqlaşdırılıb.

İclasda
Mehman Məmməd oğlu İsmayılov “Bank of Azərbaycan”ın Müşahidə Şurasının
sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev isə Müşahidə
Şurasının üzvləri seçilib. 
Son dəyişikliyi isə Azərbaycan mediası
tərəfindən Anar Məmmədovun hafiz Məmmədov üzərində qələbəsi kimi
qiymətləndirib. Müşahidə Şurasının sədri və üzvlərinin dəyişməsi bankın
rəsmi məlumatlarında açıq göstərilsə də, yeni səhmdarlar və səhmlərin
bölgüsü hələ ki, açıqlanmayıb. (Foto 18)
Bankla
bağlı bir dəyişiklik də ondan ibarətdir ki, Bankın idarə heyətinin yeni
rəhbəri millət vəkili Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanovdur.
Hazırda bankın əsas binası və faktiki ünvanı nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus Garant Plazadır.
Son məlumatlarda qeyd olunan bankın səhmlərinin dəyəri 50 milyon manat təşkil edir. 

Trump Towers Baku

 

“Garant Holdinq”in rəsmi saytında göstərilməsə də vergilər nazirlinin rəsmi məlumatlarında qeyd olunur ki, Bakı Voleybol Klubunun
rəhbəri də nəqliyyat nazirinin oğlu Anar Məmmədovdur. Klub “Bakı
Voleybol Klubu” MMC kimi qeydiyyatdan keçib. Şirkətin təsisçiləri “ZQAN
Holdinq Limited” MMC və Həsrət Həsrətov adlı şəxsdir. Bakı Voleybol
Klubu ilə bağlı maraqlı məqamlardan biri də ondan ibarətdir ki, klubun
bazasına Anar Məmmədovun atası Ziya Məmmədov bir neçə dəfə baş çəkib.
Ziya Məmmədov Nəqliyyat Naziri olmaqla yanaşı, həm də Azərbaycan
Voleybol Federsiyasının prezidentidir. 
Klubun rəsmi sponsoru isə
“Bank of Azərbaycan”dır. Bu barədə bankın rəsmi saytında yerləşdirilən
məlumatda deyilir ki, sponsorluqla bağlı bankla klub arasında rəsmi
müqavilə imzalanıb. Klubun qanuni təmsilçisi isə Anar Məmmədovun qohumu
Ruslan Məmmədovdur. Anar Məmmədovun bir çox şirkəti kimi Bakı VK-nin də
rəsmi qeydiyyat ünvanı Kaveroçkin küçəsi 13-dür. 
Holdinqdə cəmləşən şirkətlər qrupunda yer alan digər şirkət isə “Real Təmizlik” MMC-dir.
Bu barədə də holdinqin saytında rəsmim məlumat göstərilməyib. Ancaq
vergilər nazirliyinin 2012-ci ildə yaydığı rəsmi məlumatlarda qeyd
olunur ki, şirkətin təsisçisi “ZQAN Holdinqs Limited” şirkətidir. “Real
Təmizlik” Birləşmiş Ərəb Əmirliyində qeydiyyatdan keçib.

Nazir oğlunun Azərbaycandakı beynəlxalq şirkətləri

Nəqliyyat
nazirinin oğlu Anar Məmmədov təkcə ölkə daxilində və bir çox ölkələrdə
şirkətlər yaratmaqla kifayətlənməyib, eyni zamanda bir
 çox
şirkətlərin Azərbaycan üzrə “Françayzinq”ini (təmsilçilik hüququ) də
alıb. Məmmədovun əlində cəmləşən bu formada 5 şirkət və 1 media qurumu
var. Bunlar otelçilik xidməti göstərən “Rixos” Otelinin Azərbaycan
filialı olan “Quba Rixos otel”, qida sektorunda dünyada məhşur olan
KFC-nin Bakıdakı restoranlar şəbəkəsi, Dünyanın məhşur geyim, saat və
bjuteriya markalarından olan Versace-nin Azərbaycan nümaydəliyi, yenə də
dünyanın tanınmış geyim markalarından olan “Giuseppe Zanotti”nin
Azərbaycan mağazaları, dünyanın tanınmış otel şəbəkəsi olan “Trump”un
Bakıdakı oteli “Trump Towers Baku” və dünyaca məhşur “National
Geographic” jurnalının Azərbaycan dili üzrə bölməsi. (Garant holdinqin
rəsmi saytı: http://www.garant.az/az/Fran%C3%A7ayzinq/0330)
Məmmədovun
nəzarətində olan KFC Bakı restoranlar şəbəkəsi rəsmi olaraq AFK MMC adı
ilə qeydiyyatdan keçib. Şirkətin rəsmi saytında yerləşdirilən məlumatda
qeyd olunur ki, KFC-nin Bakıda 4 restoranı mövcuddur. Bunlar Fəvvarələr
Meydanında, Park Bulvar Alış-veriş mərkəzində, “28 mal” alış veirş
mərkəzində və metronun 28 may metrosunun yanında yerləşən tarixi binada
yerləşir.

Bakıdan İngiltərəyə qədər olan biznes əlaqələri

Anar Məmmədovun Böyük Britaniyada da biznesi var. O, “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkətinin təsisçisi və direktorudur. 

Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib. 
Anar
Məmmədov şəxsən ZQAN UK LTD nin təsisçiləri arasında olmasa da,
təsisçilərin arasında onun Böyük Britaniyadakı digər şirkəti olan
“BROOKWOOD INTERNATIONAL lIMITED” də ortağı İngiltərə vətəndaşı Zəfər
Abbasinin adı keçir. 
Eyni zamanda Zəfər Abbasinin bir neçə başqa
şirkəti də var İngiltərədə. İki ortaqlıq bizə digər şirkələrin də Anar
Məmmədovla bağlılıq ehtimalını yaradır. Çünki Zəfər Abbasi digər
şirkətlərində ZQAN UK LTD-nin təsisçilərindən olan İmran İshaqla
ortaqdır. 
ZQAN UK LTD nin təsisçiləri arasında olan Andrey Boris Çuykovun da ingiltərdə qeydiyyatdan keçmiş bir neçə şirkəti var.

Meydan.Tv

Short URL: http://www.cumhuriyyet.net/?p=10555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31