Vətən müharibəsi ! – Azərbaycan üçün unikal şans

05.08.2014 - 08:50

Cəbhədəki döyüşlər böyük hərbi
əməliyyata çevrilə bilər

Ölkədə tam bir müharibə ab-havası yaranıb,
insanlar orduya yazılmaq üçün komissarlıqlara axın edirlər; Müdafiə
Nazirliyi döyüş bölgəsinə böyük canlı qüvvə və texnika yığıb; Pənah
Hüseyn: “Son 20 ildə ilk belə hadisədir ki, vətənpərvərlik və döyüş
əhval-ruhiyyəsi yüksəkdir”

Azərbaycan-Ermənistan
döyüş xəttində gərginlik davam edir. Bazar günü cəbhə bölgəsinə gedən
müdafiə naziri, general-polkovnik Zakir Həsənov son iki günü orada
keçirib və dünən Goranboy, Tərtər, Ağdam cəbhələrində olub. Onun şəxsi
heyətlə görüşdüyü və öz tapşırıqlarını verdiyi də bildirilir. Z. Həsənov
düşmənin son günlər intensivləşən hücumlarını dəf edərkən fərqlənən
hərbçiləri bilavasitə təltif edib.

Cəbhənin Ağdam rayonu istiqamətində
şəhid olmuş Biləsuvar sakini Qarayev Anar Vidadi oğlu ötən gün səhər
saatlarında doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndindəki
qəbiristanlıqda torpağa tapşırılıb.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə son
günlər döyüş cəbhəsində baş verənlərdən narahatlığını bildirərək hər iki
tərəfi atəşkəsə çağırıb: “Ümid edirəm ki, Ermənistan və Azərbaycan
prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə
razılıq verəcəklər”.
Qeyd edək ki, cəbhədə baş verən toqquşmalardan sonra Ermənistanın
baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan
sərhədinə gəlib. Anspressin məlumatına görə, Abramyan və Ohanyan gecə
saatlarında Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna səfər edib.
Onlar bir sıra hərbi qulluqçularla görüşlər keçirib. Görüşlərdə son
vaxtlar Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərlə bağlı
məsələlər müzakirə edilib.
* * *
Ermənistan ordusunun cəbhə xəttində Azərbaycan ordusunun
mövqelərinə qəfil hücum etməsindən sonra yaranmış vəziyyət ölkədə geniş
əks-səda doğurub və müharibə çağırışlarını aktuallaşdırıb. Son günlərin
müşahidələri onu deməyə əsas verir ki, Azərbaycan xalqı vətən müharibəsi
ab-havasına köklənib.
Hazırda torpaqlarımızın işğaldan azad edilməsi naminə vətən
müharibəsini başlatmaq üçün unikal şans yaranıb. İlk dəfədir ki, xalq
heç bir təbliğat, çağırış olmadan müharibəyə köklənib. Cəbhə xəttində
baş verənlər ictimaiyyəti silkələyib və gözlənilmədən ölkədə güclü savaş
ovqatı yaranıb. Bazar günü Müdafiə Nazirliyi xalqa müraciət edərək
orduya verilən dəstəyə görə təşəkkür edib. Nazirlikdən deyilir ki, artıq
hər gün yüzlərlə insan MN-ə müraciət edərək orduya yazılmaq istədiyini
bildirir. Müdafiə Nazirliyinə, yerli hərbi komissarlıqlara orduya
yazılmaq üçün müraciətlərin sayı getdikcə artır.
Bundan başqa, siyasi-diplomatik cəbhədə də Azərbaycanın mövqeləri
güclüdür. Artıq hər kəs qəbul edib ki, ilk olaraq erməni qüvvələri
atəşkəsi pozaraq Azərbaycan əsgərlərinə hücum edib, çoxsaylı tələfatla
nəticələnən hərbi cinayət əməli törədib. Bu vəziyyətdə Azərbaycanın
döyüş əməliyyatlarını bərpa edərək işğal altındakı torpaqları azad etmək
haqqı var. Redaksiyamıza yaxın olan siyasi ekspertlər də hesab edirlər
ki, doğrudan da ermənilərin axmaqlıqları ucbatından yaranmış indiki
vəziyyət Azərbaycanın xeyrinədir və ölkəmiz ermənilərə qarşı təmizləmə
əməliyyatlarına başlasa, düşmənin vəziyyəti kritikləşəcək. Ordudakı
qaynaqlarından biri musavat.com rəhbərliyinə deyib ki, hazırda Ağdamın
işğaldakı kəndlərini azad etmək cəmisi 2-3 saatın işidir: “Bütün qüvvə
toplanıb, nazir baxış keçirib. Əmr gözləyirik”.
Musavat.com-un əldə etdiyi məlumatlardan biri də budur ki, yaranmış
vəziyyətdən narahat olan Ermənistan rəhbərliyi Rusiya prezidenti Putinə
müraciət edərək, Azərbaycanı hərbi əməliyyatlardan yayındırmaq
xahişində bulunub. Məsələnin təəccüblü tərəfi də budur ki, mötəbər
qaynaq, Putinin Ermənistan prezidentinə onun ürəyini rahatladacaq heç nə
söyləmədiyini bildirib.
Lakin bizə yaxın ekspertlər hesab edirlər ki, Azərbaycan böyük
ehtimalla Soçi görüşünə qədər ciddi hərbi əməliyyata başlamayacaq. Bu da
o deməkdir ki, artıq Rusiya prosesdə arbitr kimi rolunu ala bilib.
Ancaq bu, ekspertlərin fikirləridir. Cəbhədən gələn hazırlıq xəbərləri
isə göstərir ki, Azərbaycan iqtidarı olduqca ciddi şəkildə müharibəyə
hazırlaşır.
Baş verən situasiyanı “Yeni Müsavat” üçün şərh edən ekspertlərin
fikrincə, Soçi görüşü məhz bu prosesdə Rusiyanın arbitr kimi çıxış
etməsi məsələsini ortaya çıxardı. Çünki daha əvvəl həm ABŞ-da, həm də
Fransada belə bir görüşün keçirilməsi təklifləri olub: “Amma birdən-birə
Soçi məsələsinin meydana çıxması bəzi mətləblərə işarə edir.
Hadisələrin bu şəkildə gərginləşməsi, konkret hansı tərəfin
başlamasından asılı olmayaraq, Soçi görüşünə əsas yaradan addım kimi
görünə bilir. Məsələ ondadır ki, Rusiya Avrasiya İqtisadi Birliyində
Ermənistanla Azərbaycanın bir yerdə təmsil olunması strategiyasında
maraqlı görünür. Rusiya ilə yanaşı Qazaxıstan və Belarus da bu məsələni
ciddi şəkildə qoyurlar. Qazaxıstan hesab edir ki, Azərbaycansız
Ermənistanı AİB-yə qəbul eləmək olmaz. Burda Türkiyə amili də var. Yeri
gəlmişkən, bugünlərdə Soçi görüşündən əvvəl Azərbaycan prezidenti İlham
Əliyevlə Türkiyənin baş naziri Ərdoğan arasında görüş planlaşdırılır.
Belə bir görüşün planlaşdırılması diqqəti cəlb edir, çünki bilindiyi
kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin AİB-yə
assosiativ üzvlüyünə çalışır. İndiki şəraitdə NATO üzvü və Avropaya
qoşulmaq istəyən Türkiyənin bu quruma üzvlüyü praktik görünməsə də, bu
məsələyə diqqətin artması gözləniləndir”.
Ekspertin fikrincə, bu məsələdə daha bir diqqətçəkən məqam
Ermənistan hakimiyyətinin son zamanlar Moskvadan açıq-aşkar
incikliyidir: “Yeri gəlmişkən, bu yaxınlarda Argentinada səfərdə olan
Ermənistan prezidentinin Rusiyadan narazılıq notları üzərində qurulmuş
çıxışı vardı. O, Rusiyanın Azərbaycana silah satması faktının əleyhinə
bəyanat səsləndirmişdi. Daha sonra “DQR” rəhbərliyi rus qoşunlarının
sülhməramlı qüvvələr olaraq Dağlıq Qarabağda yerləşdirilməsinə qarşı
çıxmışdı. Hazırkı situasiya Azərbaycan tərəfinin əlinə müəyyən
kart-blanşlar verir ki, geniş əməliyyatlar keçirsin. Gizli deyil ki,
Azərbaycan ordusunun çox ciddi qüvvələri sərhəd bölgəsinə cəmləşdirilib,
onlar hətta müəyyən qədər nümayiş olunublar. Ancaq hələlik nə iri zərbə
qüvvələrindən, nə də hərbi aviasiyadan istifadə olunub. Bu, bir növ
erməni tərəfinə mesajlardır. Eyni zamanda görünən odur ki, Rusiya
hakimiyyəti də Ermənistanda Moskvaya qarşı olan bəzi dairələrə müəyyən
reallıqları başa salmağa çalışır”.
Daha bir mühüm məqam ondan ibarətdir ki, 1993-cü ildən bəri ilk
dəfə olaraq kənar qüvvələrin, konkret olaraq Türkiyənin bu proseslərə
müdaxilə imkanı yaranıb. Ekspertlərin fikrincə, hazırkı situasiyada
Türkiyənin proseslərə müdaxilə etmək imkanları yaranıb və bu situasiya
Qafqaz üçün yeni bir başlanğıc ola bilər: “Diqqət etdinizsə, Türkiyə
dövlətinin, cəmiyyətin reaksiyası çox operativ və yerində oldu. İlk dəfə
olaraq Türkiyənin dövlət rəhbərliyi tərəfindən bu olaya reaksiyalar
təsadüfi deyil. Elə bir vəziyyət yaranıb ki, Türkiyə bu məsələyə
müdaxilə edə bilər. Bununla bərabər Rusiyanın özü də Ukrayna ilə yanaşı
Cənubi Qafqazda ikinci bir mürəkkəb münaqişəyə qoşulmaqda maraqlı deyil.
Bu, Azərbaycanla yanaşı, Ermənistan və bütün Cənubi Qafqaz üçün bir
şansdır”.
Mövzu ilə bağlı qəzetimizə danışan sabiq baş nazir, AXP sədri Pənah
Hüseyn bildirdi ki, Azərbaycan cəmiyyəti torpaqların azad olunmasını
tələb edir. P.Hüseyn deyir ki, artıq çoxlu sayda insanlar müraciət
edərək orduya yazılmaq istədiklərini bildiriblər: “İndiki status-kvonun
davam etməyəcəyi aydındır. Artıq Azərbaycan cəmiyyəti torpaqların işğal
altında saxlanılmasına dözmək istəmir.
Vəziyyətin dəyişməsindən danışılarkən xalqın torpaqların azad
olunmasını istədiyi nəzərdə tutulur. Ya sülh yolu ilə, bu olmasa,
hakimiyyətdən tələb ondan ibarətdir ki, silahlı qüvvələrdən istifadə
edərək torpaqları azad eləsin. Mən bir unikal məsələyə diqqəti cəlb
etmək istəyirəm. Son günlər çoxlu sayda ehtiyatda olan, xüsusi təlim
görmüş keçmiş əsgərlər, gizirlər hərbi komissarlıqlara müraciət edirlər.
Artıq bununla bağlı müzakirələr aparılır. Bizlərə də müraciətlər olub.
Açığı, bu, son 20 ildə ilk belə hadisədir ki, vətənpərvərlik və döyüş
əhval-ruhiyyəsi yüksəkdir. O cümlədən cəmiyyətin digər təbəqələri,
valideynlər, yaşlı insanlar, qadınlarımız ermənilərin bu həyasızlığından
çox ciddi şəkildə hiddətlidirlər.
Sözün həqiqi mənasında biz vətən müharibəsi astanasına gəlib
çatmışıq. Hətta bir çox yerlərdə təşəbbüs qaldırılıb ki, hansısa siyasi
qüvvənin, o cümlədən hakimiyyətin tədbiri kimi deyil, 100 minlərin
iştirakı ilə ümummilli bir aksiya keçirilsin. Xalqın bu tələbi bütün
dünyaya, o cümlədən Azərbaycanın siyasi qüvvələrinə çatdırılmalıdır. Mən
inanıram ki, belə bir çağırış olarsa, yüz minlərlə insan bu çağırışlara
səs verər”.
P.Hüseyn deyir ki, sadə xalq kimi ölkənin siyasi qüvvələri də
torpaqların azad edilməsinə köklənib və hazırda ölkə daxilindəki
mürəkkəb situasiyadan çıxmaq üçün şans yaranıb: “Mən bunu yalnız fərdi
təhlillərə əsaslanaraq demirəm. Bugünlərdə Müsavat Partiyasının başqanı
İsa Qəmbərin cəmiyyətə çox önəmli mesajları oldu. Milli Strateji Düşüncə
Mərkəzinin Qarabağ münaqişəsinin həllinə dair hazırladığı konseptual
sənəd var. Hətta onun müəyyən, ictimailəşməsi mümkün olan hissəsi
cəmiyyətə də təqdim olunmuşdu. İsa Qəmbərin son mesajları da xeyli
dərəcədə həmin təhlillərdə ifadə olunmuş konsepsiyadan irəli gəlirdi.
Demək istəyirəm ki, bu mövqe indiki konyuktura ilə bağlı deyildi. Amma
əlbəttə ki, son hadisələrlə vəziyyət xeyli dərəcədə aktuallaşıb.
Xarici düşmənlə müharibə etmək üçün daxildə hər hansı bir
ziddiyyət, münaqişə olmamalıdır. Mən İsa bəyin mesajındakı bu məqama
xüsusi diqqət çəkmək istəyirəm ki, indiki məqamda Azərbaycan
cəmiyyətində ümummilli bir barışığa ehtiyac var. Bu da hazırkı məqamda
yaranan unikal şansdır. Əlbəttə, bu məsələdə də atılacaq praktik
addımların yüzdə doxsanı iqtidarın üzərinə düşür. Bunu iqtidar edə
bilər”.
P.Hüseyn deyir ki, mövcud əhval-ruhiyyə, görülmüş işlər və ordunun
potensialı torpaqları azad etmək üçün kifayətdir. Eyni zamanda siyasi
vəziyyətin də əlverişli olduğunu xatırladan təcrübəli siyasətçinin
fikrincə, hakimiyyət hazırda yaranmış şansdan istifadə edib torpaqların
azad olunmasına nail olmalıdır: “Etiraf etmək lazımdır ki, bu vəziyyətə
təsir edən amillər oldu. Əlbəttə, cəmiyyət çox təsadüfi olaraq Ukrayna
hadisələrini maraqla izləmirdi. Orda baş verənlərin də təsiri olub.
Çünki Ukrayna ərazisinin bir hissəsi faktiki olaraq işğal altındadır və
bu işğala qarşı bütün vasitələrdən istifadə olunaraq əməliyyatlar
aparılır. Beynəlxalq ictimaiyyət isə bunun əleyhinə çıxmır, əksinə, bu
əməliyyatları təqdir edir. Bu vəziyyət bizə əsas verir ki, Ukraynadan da
açıq şəkildə təcavüz faktının olduğu ərazilərimizi azad edək. Çünki
bizim ərazilərimiz Ermənistan ordusu tərəfindən işğal edilib.
Bir daha təkrar edirəm ki, Azərbaycanın siyasi müxalifəti bu
məsələdə öz üzərinə düşəni dərk edir. Müxalifətin mütləq əksəriyyəti bu
düşüncədədir və hakimiyyətdən də tələb ondan ibarətdir ki, yaranmış bu
vəziyyətdən istifadə eləsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31