Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyə başlayandan bəri tutulanlar
Azərbaycan Avropa Şurası Nazirlər
Komitəsinə sədrliyə başlayandan bəri 2 hüquq müdafiəçisi, 2 seçki
eksperti, 4 “facebook” fəalı həbs edilib.
Bu həbslərdən ən hay-küylüsü iyulun
30-da baş verib. Həmin gün Sülh və Demokratiya İstitutunun direktoru
Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq
İdarəsinə aparılıb. Bir neçə saatlıq sorğu-sualdan sonra ona qarşı
dövlətə xəyanət ittihamı da daxil, Cinayət Məcəlləsinin 6 maddəsi ilə
itiham irəli sürülüb və Leyla Yunus üçaylıq həbs edilib. Onun həbsindən 6
gün sonra, avqustun 5-də həyat yoldaşı, politoloq Arif Yunus
təcridxanaya yemək apararkən saxlanıb.
İyulda tutulan iki “facebook”
fəalından biri Müsavat Partiyasının üzvü, partiyanın internet
səhifəsinin idarəçisi bloqqer Fərəc Kərimli, digəri Şəmkir rayonunda
yaşayan “facebook” fəalı İlham Muradovdur. Araşdırma zamanı üzə çıxıb
ki, narkotik ittihamı ilə həbs olunanadək mediada İlham Muradovu kosmik
sənaye mütəxəssisi, ixtiraçı kimi tanıdan xəbərlər yayılıb. Ailə
üzvlərinin dediyinə görə, onun həbsindən 8 gün sonra xəbər tutublar.
Həmin müddətədək onun harada olması bilinməyib. Sosial şəbəkələrdə İlham
Muradovun həbsi onun yüksəkvəzifəli dövlət məmurlarının
karikaturalarını yayması ilə də əlaqələndirilir.
AXCP FƏALI “FACEBOOK”DA EVENT YARADANDAN SONRA SAXLANIB
İyul ayında Müsavat partiyasının daha
bir üzvü, Tərtər rayon təşkilatının sədri Xəqani Məmmədli həbs edilib.
Xuliqanlıqda ittiham edilərək, barəsində 2 aylıq həbs qətiimkan tədbiri
seçilib.
Fərəc Kərimlidən əvvəl onun böyük
qardaşı Sirac Kərimli həbs edilib. Hər iki fəala narkotik ittihamı irəli
sürülüb. Atası Raqif Kərimli narkotik ittihamını rədd edir, hər iki iki
oğlunun həbsini onların və özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.
Hüquq müdafiəçisi Rəsul Cəfərov həbs
edilənlər siyahısındadır. Bank hesabları dondurulan hüquq müdafiəçisinin
daha sonra ölkədən çıxması yasaqlanıb. Gürcüstana tədbirə çağırılan
Rəsul Cəfərov sərhəddən geri qaytarılıb. Ona deyilib ki, Baş Prokurorluq
onun ölkədən çıxmasına qadağa qoyub.
Daha bir məhbus AXCP üzvü, “facebook”
fəalı Ruslan Nəsirlidir. O, cəbhə xəttində baş verən hərbi itkilərə görə
“facebook”da “Ali Baş Komandan, xalqa cavab ver!” dəvəti ucbatından
tutulduğunu iddia edir. O bu iddiasını həbsindən az əvvəl
AzadlıqRadiosuna müsahibəsində dilə gətirib. Dediyinə görə, ondan
“facebook”dakı həmin dəvəti silmək tələb olunub. Bu tələbi yerinə
yetirməyincə, atası Şamil Nəsirov saxlanılıb və ondan oğlunun polisə
gəlməsi istənib.
Xırda xuliqanlıqda və polisə
müqavimətdə suçlanan AXCP fəalının harada saxlandığı açıqlanmayıb.
Avqustun 4-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzadlıqRadiosuna AXCP fəalının inzibati xəta törətdiyi üçün məhkəməyə
aparıldığı deyilsə də, partiya onun hansı məhkəməyə aparıldığını hələ
müəyyənləşdirə bilməyib.
“”FACEBOOK” SƏHİFƏMƏ GİR, SƏHİFƏNİ SİL”
“Facebook” fəalı Kamran İsmayılzadə də
həbs olunub. Yaxınlarının dediyinə görə, o, avqustun 2-də naməlum
istiqamətə aparılıb və harada olduğu bəlli deyil. Onlar ehtimal edirlər
ki, Kamran İsmayılzadə “facebook”da yaratdığı “Vətən, başın sağ olsun”
dəvətinə görə həbs olunub. Yenə yaxınları bildirir ki, həbsindən az öncə
ondan da “facebook”dakı dəvətini silməsini istəyiblər. Daha sonra
əlaqə kəsilib.
Kamranla yazışan “facebook”
istifadəçisi Nəzrin Nağdəliyeva deyir ki: “Kamran avqustun 2-də mənə sms
yazdı ki, “facebook” səhifəmə gir, səhifəni sil. Zəng elədim, zəng
çatmadı, yazdım ki, haradasan? Yazdı ki, Nərimanov məhkəməsinə
apardılar. Yazdım ki, gəlim? Yazdı ki, artıq buraxdılar, fb-də yaz mənə.
O gündən nömrələrinə zəng çatmır … nə məsələdir, bilmirəm”.
Bütün bu həbslərin fonunda
Azərbaycanda fəaliyyət göstərən xarici və yerli QHT-lərdə aparılan
yoxlamalar da diqqət çəkir. Mediada 15-dən çox QHT və ictimai fəalın
bank hesablarının dondurulması və bir neçə QHT rəhbərinin ölkəni tərk
etməsi barədə xəbərlər yayılıb. Hesabı dondurulanlar arasında “IREX
Azərbaycan” və “Internews-Azərbaycan” təşkilatlarının adları da çəkilir.
Azərbaycan hüquq-müdafiə
təşkilatlarının monitorinq qrupu bildirir ki, Əfv Komissiyasına müraciət
etsələr də, siyasi məhbus özəlliklərinə sahib 29 məhbusdan cəmi 5 nəfər
azad olunub. Sözügedən qrup Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrliyə
başlayandan sonra həmin müraciətlə üz tutubmuş.
Sülh və Demokratiya İnstitutunun
açıqladığı son hesabata görə, hazırda Azərbaycanda 100-dən çox siyasi
məhbus var. Azərbaycan 2014-cü il mayın 14-dən 47 ölkənin üzv olduğu
Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb. Bu səfrlik
ilin sonunadək davam edəcək. (azadliq.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=10582