Aslan İsmayılov Qaralov və Usubova müraciət etdi

05.08.2014 - 20:31

Tanınmış vəkil Aslan İsmayılov baş prokuror Zakir Qaralovla daxili
işlər naziri Ramil Usubova müraciət edib. Aslan İsmayılovun müraciəti
facebook səhifəsində də yayıb. Vəkilin müraciətində deyilir: “Artıq uzun
müddətdir ki, Sizə “Baku Steel Company”nin Müşahidə Şurasının sədri
Rasim Məmmədovun silahlı dəstələri və bu dəstələr vasitəsilə iş
adamlarının əmlaklarının zorla əllərindən alınması barədə müraciət
edirəm. Tərəfinizdən heç bir tədbir görülməyib, əvəzində isə mən 30 may
2013-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə
aparılıb fiziki zorakılığa, təhqirə məruz qalmış və ölümlə təhdid
edilmişəm. Bu barədə də Sizə yazılı müraciət etmişəm. Yenə heç bir
tədbir görməmisiniz. 

2010-cu ildən başlayaraq bu silahlı dəstələrin basqınları nəticəsində
onlarla iş adamlarının mülkləri zorakılıqla əllərindən alınıb. Bir
müddət əvvəl isə öz səhifəmdə Rasim Məmmədova məxsus avtomobil
kolleksiyasının şəkillərini paylaşmışdım. 

Şəkillərdən birində isə məhz illərdir dediyimiz bu quldur dəstəsinin
bir üzvü, Uğur Atakişiyev adlı birisi təhqir yazaraq məni açıq-aşkar
təhdid etmişdir. Sübut kimi isə onun mənim ünvanıma yazdığı təhdid
məktubunu və Rasim Məmmədova məxsus avtomobillərlə şəkillərini bu yazıya
əlavə edirəm. Digər şəkillərdən isə bu insanların hansı işlərlə məşğul
olduqlarını və ən ağır cinayətlər törətməyə qadir olduqlarını həmin an
sezmək olar. Mənə qarşı son bir neçə ildə olan qanunsuzluqların (8 may
2013-cü il tarixdə vəkillikdən xaric edilməyim, 16 may 2013-cü ildə
zorla Nərimanov rayon polisinə aparılmağım, 30 may 2013-cü ildə ölümlə
təhdid olunmağım) başında Rasim Məmmədov və onun havadarlarının olduğu
mənim kimi Sizə də bəllidir. Niyə tədbir görmürsünüz, o da mənə
bəllidir. Özümlə bağlı hər məsələni qoyuram kənara. Hərçənd ki, mən də
Azərbaycan vətəndaşıyam, mənim də haqlarımın qorunması Sizin vəzifə
borcunuzdur. Mənə maraqlı olan başqa məsələdir. Axı Siz ildə bir neçə
dəfə başçılıq etdiyiniz kollektivin qarşısında çıxış edib bildirirsiniz
ki, ölkədə cinayətkarlıqla amansız mübarizə aparırsınız. O vaxtlar heç
bu hallar yadınıza düşmürmü? Bakıda bu cür idmançılardan istifadə edib
əllərində avtomat öz vətəndaşlarımıza hədə-qorxu gələrək mülklərini
əllərindən alırlar, torpaqlarımızı işğal etmiş düşmənlərə qarşı isə
18-20 yaşlı gənc uşaqlarımızı ön cəbhəyə göndərirsiz.

P.S. Bu yazının da nəticəsiz qalacağına və həyatda qalmağıma təhlükə
yaradacağını bilməmiş deyiləm. Ancaq bildiyim bir şey var ki, həyat
ədalətlidir və hər kəs gec-tez öz əməlinə görə cəzasını alacaqdır. Mən
vətəndaş borcumu yerinə yetirdim. İndi söz Sizindi”.

Aslan İsmayılovun paylaşdığı fotoları da təqdim edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=10601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31