Böyük Millət Mitinqinə ehtiyac var

06.08.2014 - 12:18

 

 

 

 

 

 

 

 

 

Cəmiyyət də son 20 ildə ən
yüksək səviyyədə döyüş ovqatına köklənib; ölkədə savaşa dəstək üçün
böyük xalq yürüşü çağırışları dəstəklənir…

Cəbhə
xəttində gərginlik davam edir. İyulun 31-dən başlayan intensiv
atışmalar ötən gün də davam edib. Müdafiə Nazirliyinin məlumatına görə,
düşmən gülləsindən Biləsuvar rayonundan hərbi xidmətə çağırılmış 29
yaşlı gizir Valeh Xosiyev yaralanıb. Gizirimiz hərbi hospitala
yerləşdirilib. Nazirliyin başqa bir xəbərinə görə isə cəbhə bölgəsində
iki əsgərin “silahla ehtiyatsız davranması” nəticəsində bir hərbçimiz
ölüb, digəri yaralanıb.

Avqustun 5-də gecə saatlarından
etibarən erməni silahlı qüvvələrinin cəbhə xəttində yenidən fəallaşması
qeydə alınıb. Qazağın Kəmərli kənd sakinlərinin verdiyi xəbərə görə,
ermənilər rayonun Qaymaqlı, Kəmərli kəndlərini və üzbəüz mövqelərimizi
iri çaplı silahlardan atəşə tutublar. Atışma 4 saat – gecə saat 2-dən
səhər 6-ya kimi davam edib. Dünən gündüz saatlarında isə erməni
artilleriyası mövqelərimizə top atəşi açıb. Eyni zamanda hərbi
helikopterlər Füzuli istiqamətində uçuşlar həyata keçirib. 

****

Dünya ölkələri isə Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin
artmasından narahatlığını bildirib. ABŞ hökuməti münaqişənin hərbi
həllinin mümkün olmadığını bəyan edib. Dövlət Departamentinin rəsmi
nümayəndəsi Cennifer Psaki keçirdiyi son brifinqdə bildirib ki, bu
münaqişənin hərbi həlli ola bilməz: “Biz ATƏT-in Minsk Qrupunun həmsədri
olaraq Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün bütün tərəflərə
dəstək verməyə çalışmışıq. Mən bu məsələ ilə bağlı komandamızla
danışdım, bizim mövqeyimiz belədir ki, mövcud problemin həlli üçün
dialoqların təşkilində hər cür səy göstərməyə, yardımçı olmağa həmişə
kimi hazırıq”.

NATO da Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş
verən gərginlikdən narahat olduğunu açıqlayıb. “Trend”in məlumatına
görə, bu barədə NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi
Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə,
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam
edəcək. U.Lahue qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll edilməsinin tərəfdarıdır: “Münaqişədə gərginliyin
yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun
sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq
üçün tədbirlər görməlidir”.

****

Bu arada Ermənistan ordusunun iyulun 31-də Azərbaycan səngərlərinə
qəfil hücuma keçməsi və ordumuzun 13 şəhid verməsi xalq arasında ciddi
təpkiyə səbəb olub. Ölkə ictimaiyyəti, siyasətçilər, dövlət xadimləri,
media, mədəniyyət xadimləri, ən mühüm sadə xalq kütlələri döyüş
əməliyyatlarının bərpa olunması, torpaqların düşməndən təmizlənməsi üçün
savaşın başlanması ilə bağlı çağırışlar edir. Eyni zamanda davamlı
olaraq insanların hərbi komissarlıqlara, hərbi hissələrə müraciət edərək
orduya yazılmaq istədikləri bildirilir. Ötən gün Tərtər rayonunda,
eləcədə Ağdam rayonunda yerli sakinlər hərbçilərə müraciət edərək orduya
yazılmaq istədiklərini bildiriblər. Analoji hadisələrin Bakıda və digər
rayonlarda da yaşandığı deyilir. Eyni zamanda keçmiş döyüşçülər ölkə
başçısına müraciət edərək ön cəbhəyə yollanmaq istədiklərini
bildiriblər.

Hazırkı vəziyyətdə söhbət etdiyimiz ekspertlər birmənalı olaraq həm
ordunun, həm də xalqın torpaqların azad edilməsi üçün yüksək
əhval-ruhiyyədə olduğunu deyir. Bunu mediada gedən xəbərlər, sosial
şəbəkələrdəki müzakirələr və son günlərdə keçirilən küçə sorğuları da
təsdiqləyir. Bu mövzuda “Yeni müsavat”a danışan keçmiş baş nazir Pənah
Hüseyn deyib ki, Azərbaycan cəmiyyəti son 20 ildə ən yüksək səviyyədə
döyüş əhval-ruhiyyəsinə köklənib. Sitat: “Açığı, bu, son 20 ildə ilk
belə hadisədir ki, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi yüksəkdir. O
cümlədən cəmiyyətin digər təbəqələri, valideynlər, yaşlı insanlar,
qadınlarımız ermənilərin bu həyasızlığından çox ciddi  şəkildə
hiddətlidirlər”.  

P.Hüseyn təklif edib ki, indiki mərhələdə xalqın birliyini təmin
etmək, o cümlədən xarici düşmənlərə ciddi mesaj vermək üçün Qarabağla
bağlı xalq yürüşü keçirməyə ehtiyac var: “Sözün həqiqi mənasında biz
 vətən müharibəsi astanasına gəlib çatmışıq. Hətta bir çox yerlərdə
təşəbbüs qaldırılıb ki, hansısa siyasi qüvvənin, o cümlədən hakimiyyətin
tədbiri kimi deyil, 100 minlərin iştirakı ilə ümummilli bir aksiya
keçirilsin. Xalqın bu tələbi bütün dünyaya, o cümlədən Azərbaycanın
siyasi qüvvələrinə çatdırılmalıdır. Mən inanıram ki, belə bir çağırış
olarsa, yüz minlərlə insan bu çağırışlara səs verər”. 

Yada salaq ki, Azərbaycanda xalq yürüşü bir dəfə baş tutub və bu
yürüş həm ölkə daxilində, həm də dünyada böyük rezonans doğurub. 2012-ci
ilin fevralında paytaxt Bakıda 100 mindən artıq insan Xocalı faciəsinin
20 ili münasibətilə yürüşə qatılıb. Səssiz yürüş vasitəsilə bütün
dünyaya Xocalıya ədalət mesajı verilib. Həmin yürüşdə ölkə başçısı da
iştirak edib və bu hadisə ciddi rezonans doğurub. 

Müşahidəçilərə görə, hazırkı situasiyada Azərbaycan xalqının
birliyini nümayiş etdirmək, milli birliyi möhkəmlətmək və düşmənlərə, o
cümlədən dünyaya Azərbaycan xalqının torpaq itkisi ilə barışmaq
istəmədiyini nümayiş etdirmək üçün ən uyğun yol milli birlik yürüşüdür.
Görünən odur ki, siyasi qüvvələr, o cümlədən ölkə müxalifəti torpaqların
azad edilməsi naminə siyasi mübarizəni kənara qoymağa hazırdır. 

*   *   *

Milli Məclisin üzvü Vahid Əhmədov deyir ki, hazırda yaranmış yüksək
əhval-ruhiyyə işğal altındakı torpaqları azad etmək üçün fürsətdir:
“Ermənilərin hücumuna məruz qalıb gənc övladlarımızı şəhid verməmizə
baxmayaraq, xalq əzm nümayiş etdirdi, ordu ilə bir yerdə olduğunu
göstərdi. Mediada, internet saytlarında, camaat arasında söhbətlərdə
bunun şahidi olduq. Yəni elə bir dövr yaranıb ki, Azərbaycan öz
torpaqlarını azad etməlidir. Bu əhval-ruhiyyə də çox yüksək
qiymətləndirilməlidir. Mən hesab edirəm ki, nəinki yürüş keçirmək,
ümumiyyətlə, torpaqlarımızın azad edilməsi üçün çox əlverişli şərait
yaranıb. Çünki Ermənistan tərəfi Azərbaycan tərəfinə gözlənilmədən hücum
edib, şəhidlər vermişik. Artıq dünyanın bir çox ölkə və təşkilatları
bunu pisləyib. BMT müəyyən qərarlar verib. Yəni elə bir məqam yaranıb
ki, biz indi istənilən an torpaqlarımızı azad edə bilərik. İkincisi isə
Azərbaycanın hərbi qüdrəti, ordunun hazırlığı yüksək səviyyədə olduğu
göz önündədir. Bu mənada nəinki yürüş, mən belə hesab edirəm ki, artıq
Azərbaycanın öz torpaqlarını azad etmək vaxtı gəlib çatıb. Bilirsiniz,
heç bir beynəlxalq təşkilat torpaqlarımızı almaqda bizə yardımçı
olmayacaq. Tarixdə də elə fakt olmayıb ki, işğal olunmuş torpaqlar sülh
yolu ilə geri qaytarılsın”.  

Vahid Əhmədovun sözlərinə görə, ümumxalq yürüşünün təşkili
torpaqların azad edilməsi istiqamətində bir addım olar: “Lakin eyni
zamanda, fikrimcə, indiki vəziyyətdə, hazırda dünyada gedən proseslər
də, Ukraynada baş verən hadisələr, yeni seçilmiş prezidentin işğal
olunmuş torpaqları azad etməsi bir daha sübut edir ki, beynəlxalq aləmdə
artıq bu yol da qəbul edilir. Azərbaycanın öz torpaqlarını azad etməsi
üçün çox əlverişli imkan yaranıb”.

Deputat Fəzail Ağamalı da torpaqların döyüş yolu ilə azad
edilməsinin tərəfdarı olduğunu bildirdi. Ancaq onun fikrincə, hazırda
beynəlxalq şərait müharibə üçün münasib deyil: “Çünki Rusiya və ABŞ-ın
savaşa hansı reaksiyanı verəcəyi aydın deyil”. Ancaq bütün bunlarla
yanaşı, F.Ağamalı partiya sədri kimi torpaqların hərb yolu ilə geri
qaytarılmasının tərəfdarı olduğunu və bunu hər zaman söylədiyini
bildirdi: “Mən həmişə demişəm, çox təəssüflər olsun ki, Ermənistanın
qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqları bir nəticə
verməyib. Əgər sülh danışıqları nəticə vermirsə, torpaqlarımızı müharibə
yolu ilə azad etməyə məhkumuq”.

 
 
 
 
 
 
 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31