"Benzin dünyada ucuzlaşır, bizdə qalxır"
“Hökumət büdcə kəsirindən xalqın cibinə girməklə qaçmaq istəyir”

“Dünyada brent benzinin qiyməti son 10-15 günündə sürətlə enir.
Dünənki birja məlumatlarına görə, brent markalı benzinin qiyməti 104
dollar 50 sent olub. Yəni son günlərdə 10 dollara yaxın ucuzlaşma
müşahidə edilib”, – iqtisadçı-ekspert Natiq Cəfərli AzadlıqRadiosuna
müsahibəsində deyir.
O, deyir ki, hazırda bir çox ölkələrdə “Premium Euro-95″in qiymətində ucuzlaşma var:
“Məsələn,
Avropada Norveçdən sonra ən bahalı benzin Türkiyədə satılır. Orda belə
benzinin qiymətində ucuzlaşma müşahidə olundu. Azərbaycanda “Premium
Euro-95″in qiymətinin qaldırılmasını dünya bazarındakı vəziyyətlə izah
etmək məntiqsizlikdir. Birincisi, Azərbaycan neft istehsalçısı olan ölkə
kimi keyfiyyətli benzin istehsalını da təmin etməli idi. Amma hökumət
bu 20 ildə bunu etməyə bacarmadı”.
“BENZİN İDXALINDA RƏQABƏT YOXDUR”
Natiq Cəfərlinin fikrincə, benzin idxalında rəqabət yoxdur, bu da benzinin qiymətinə təsir edir:
“Bu
sahədə rəqabət aparan şirkətlər yoxdur. Belə olsaydı, bir gecəyə bütün
yanacaq doldurma məntəqələrində qiymətlər eyni şəkildə qalxmazdı.
Məsələn, qonşu Gürcüstanda bir neçə pərakəndə yanacaq satan şirkətlər
var, onların yanacaq doldurma məntəqələrində ayrı-ayrı qiymətlərdi, yəni
eləsi var, “Premium Euro-95″-i 2 lari 8 sentə satır, eləsi var 2 lari 3
sentə”.
“HÖKUMƏT BÜDCƏ KƏSRİNDƏN QAÇMAQ İSTƏYİR”
İqtisadçının fikrincə, “Premium Euro-95″in qiymətinin qaldırılmasını büdcə kəsrindən qaçmaq məqsədidir:
“Müstəqillik
dövründə ilk dəfə büdcədə ciddi problemlərin yaşanması müşahidə olundu.
Büdcə kəsiri birdən-birə 3 dəfədən çox artdı, büdcə gəlirləri 4 faiz
azaldı. Dövlət müxtəlif yollarla büdcə kəsrini qapatmağa çalışır.
Hökumət islahatlar aparmaq əvəzinə camaatın cibinə girməyə üstünlük
verir”.
Azərbaycanın rəsmiləri bildirirlər ki, ölkədə istehsal
olunan 92 markalı benzin tələbatı tam ödəmir, onun da idxalına ehtiyac
var. Bu bəyanatlara görə, gözləmək olar ki, hökumət 92 markalı benzinin
qiymətini qaldırsın,- Natiq Cəfərli deyir. Onun sözlərinə görə, benzinin
qiymətindəki son artımlar nəticəsində büdcəyə 300 milyon manata yaxın
əlavə vəsait daxil olacaq:
“Bu da kifayət edəcək ki, hökumət büdcə kəsrinin bir hissəsini bağlasın”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10651