Soçidən öncə Ağdama!

07.08.2014 - 13:15

Prezidentin cəbhə bölgəsinə
səfərinin pərdə arxası

Prezidentin cəbhə bölgəsinə
səfərinin pərdə arxası

 

Azərbaycan ictimai rəyinin müharibəyə
kökləndiyi bir zamanda dövlət başçısının hərbi geyimdə ön xəttə getməsi
savaşın anonsu ola bilər; dövlət başçısı Ağdamda hərbiçilər qarşısında
işğalın uzun müddət davam etməyəcəyini dedi; onun illərlə apardığı döyüş
ritorikası… 

Prezident İlham Əliyev avqustun 6-da
 son günlər cəbhənin ən qaynar nöqtələrindən olan, qızğın döyüşlərin
getdiyi Ağdama səfər edib. İ. Əliyev səhər saatlarında Ağdam rayonunun
müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsində yerli sakinlərlə
görüşüb. Prezident Ağdam ərazisində hərbi uniformada olub.
Daha sonra prezident ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış
olub, hərbçilərlə görüşüb. APA-nın məlumatına görə, müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.
Əliyevə raport verib. Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlət
başçısını  məlumatlandırıb. Sonra prezident xidmətdə fərqlənən bir qrup
hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər
həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında
Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab
verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün
uzaqda olmadığını bəyan edib. 
Daha sonra  İ.Əliyevin iştirakı ilə operativ hərbi müşavirə
keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə
edilib. 
Qeyd edək ki, ermənilərin Azərbaycan ordusunun mövqelərinə hücumu
ilə başlayan gərginlik davam edir. Azərbaycan cəmiyyətində elan
olunmamış səfərbərlik əhval-ruhiyyəsi yaranıb. Ölkə ictimaiyyəti dövlət
rəhbərliyinə işğal olunmuş torpaqların geri qaytarılması istiqamətində
addımlar atmasına çağırışlar edir. Bir sıra ekspertlərə görə,
prezidentin döyüş əməliyyatlarının baş verdiyi Ağdama getməsi ictimai
rəydə savaş ovqatının daha da yüksəlməsinə xidmət edir. İ. Əliyevin
döyüş bölgəsində etdiyi çıxışı zamanı işğal şəraitinin uzun zaman davam
etməyəcəyi ilə bağlı açıqlaması və hərbçilərlə keçirdiyi operativ
müşavirə həm də Ermənistan rəhbərliyinə mesaj kimi dəyərləndirilir.
Ancaq hər şey dövlət rəhbərliyinin bundan sonra atacağı addımlardan
asılı olacaq.  Hələliksə ölkə rəhbərliyi ictimai rəyin
Azərbaycan-Ermənistan cəbhəsindəki vəziyyətə həddən artıq həssas
reaksiyasını nəzərə alaraq savaş tələb edən Azərbaycan xalqına ön
nöqtədən mesaj verməyə çalışdı. Bu mesajın arxasında hansı addımların
olacağı isə yaxın zamanlarda bəlli olacaq.
Ekspertlər hesab edirlər ki, prezidentin birbaşa son günlər ağır
döyüşlərin getdiyi bölgəyə getməsi və səngərə girərək operativ hərbi
müşavirə keçirməsi hərbçilərimizə ruh verəcək. Bu isə olası növbəti
hərbi əməliyyatlar zamanı Azərbaycanın üstün mövqe qazanmasına,
ordumuzun ortaya daha yüksək səviyyəli döyüş qabiliyyəti qoymasına səbəb
olacaq.
Xüsusi qeyd olunmalıdır ki, böyük itkilərə baxmayaraq, Silahlı
Qüvvələrə və hakimiyyətə cəmiyyətdə tam dəstək ifadəsi də mövcuddur. Bu
cür unikal vəziyyət həm də iqtidarın, prezidentin üzərinə müəyyən
vəzifələr qoyur.  Əminliklə demək olar ki, xalqın Qarabağ müharibəsinə
münasibəti cəbhədəki son hadisələrə qədərki və ondan sonrakı dövrə
bölünüb. Keyfiyyətcə yeni ovqat yaranıb. Bu ovqatın yaranmasında son
illər prezident İlham Əliyevin özünün aparıcısı olduğu döyüş
ritorikasının rolu həlledicidir. Torpaqların işğaldan mütləq azad
ediləcəyi barədə bəyanatlara geniş kütlələrin inanması dərəcəsi elə bir
həddə çatıb ki, burdan geriyə qayıtmaq artıq mümkün görünmür.  Bu yeni
ruh, ovqat proseslərdə müstəqil faktora çevrilib. 
Hətta son günlər cəmiyyətin cəbhədəki olaylara münasibəti açıq  –
aydın iqtidar dairələrindəki bəzi çevrələri də şaşırtmış kimi görünür.
Təhlilçilər iddia edir ki, komandada yeni nəsil  hərbçi zabit heyətinin
ton verdiyi əhval  – ruhiyyə ilə status- kvonun pozulmasının siyasi
fəsadlarından ehtiyatlanan mötədillər arasında yanaşma fərqləri hiss
olunur; proseslərin taleyini isə bu yanaşmaların hansının prezidentə
daha inandırıcı görünməsi müəyyən edəcək. Faktiki olaraq,  hansı yol
seçiləcəyi bütünlüklə İlham Əliyevdən asılı hala gəlib.  Prezidentin
Ağdam səfərinin mahiyyəti də son götür –  qoy və qərarqabağı yerində
baxış kimi dəyərləndirilə bilər. Bu həm də prezidentin Soçiyə hansı
qərarla gedəcəyi  baxımından əhəmiyyətli olacaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10678

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31