Prezident orduya ərazilərimizi qaytarmaq haqqında əmr verdi

07.08.2014 - 14:13

Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyev Ağdama
səfəri zamanı orduya torpaqlarımızı azad etmək haqqında əmr verdiyini
bildirdi

“Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə
cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə
təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə
qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar
verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Bizim
ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil
var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir,
möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli
torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və
yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı
Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq
Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt
imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti
yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında
yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt
etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi
iddiaları davam etmişdir.

Əfsuslar olsun ki, 1990-cı illərin
əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu vəziyyətə
gətirib çıxarıb. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür.
Ancaq, eyni zamanda, Füzuli istiqamətində bir neçə kəndi geri qaytara
bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri
aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan
sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik”.

“Gələcək
perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə
gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran
yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik
məkanıdır, sabitlik adasıdır. Biz hazırda işğal altında olan torpaqlara
qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini bərpa
edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və
yerlə bir edilib. Bizim tarixi abidələrimiz, məscidlərimiz,
əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıbdır. Biz,
Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara
qayıdacağıq. Azərbaycan xalqı – həm yaşlı nəsil, eyni zamanda, gənclər
bu arzularla yaşayır. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə
vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə
bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz
arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün
bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac
yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş
qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək
səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir.
Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə
vətəndaşları kimi vasitəçilərin fəaliyyətindən narazıdırlar. Biz də
narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir.
Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad
tədbirlərinin gücləndirilməsi deyil. Onların içində ən böyük etimad
tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər
halda, bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar
prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim
qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə,
düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və
vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində
yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı
dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son
qoyulmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31