Mikayıl Cabbarov Misir Mərdanov dövrünü ifşa etdi
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sistemində hökm sürən acınacaqlı vəziyyət barədə faktları açıqlayıb.
Virtualaz.org
saytı xəbər verir ki, nazir rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi
müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla
müəllim işlədiyini deyib. Müsahibə Sapunovun bloqunda (http://sapunov.livejournal.com/) yerləşdirilib.
Nazirin sözlərinə görə, hazırda
Azərbaycanda saxta diplomlu bir neçə min nəfər var: “Hazırda istintaq
gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə
biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən
çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən
respublikanın rayonlarında işləyirlər”.
Mikayıl Cabbarov bildirib ki, saxta
diplomla müəllim işləyənləri adbaad tanıyırlar: “Bütün məlumatları Baş
Prokurorluğa təqdim etmişik, saxta diplomları kimlərin satdığı barədə
məlumatları da vermişik. Bu adamların arasında təhsil sistemində rəhbər
vəzifə tutanlar da var”.
M.Cabbarov deyib ki, nazirlik saxta
müəllimlərlə bağlı dilemma ilə üzləşib. Çünki diplomu saxta olan 2
mindən çox müəllimin eyni vaxtda işdən çıxarılması təhsildə ciddi
problem yarada bilər, ona görə ki, onları əvəzləməyə adam yoxdur: “Axı
onların çoxu kənd məktəblərində dərs keçir. Nəhayət, bu adamların
arasında dələduzluq qurbanı olanlar da az deyil. Onlar səmimi şəkildə
inanıblar ki, tələbədirlər, dərsə gediblər, sessiyaları veriblər, onlar
üçün xüsusi jurnallar, cədvəllər açılıb. Bundan əlavə bəziləri bizim
test imtahanlarımıza qatılıblar və peşəkarlıqlarını sübut ediblər!
Yalnız araşdırma zamanı məlum olub ki,
onların diplomlarını Təhsil Nazirliyi verməyib. Təhsil sistemində
təmizləmə davam edəcək, ancaq bunu birdən etmək mümkün deyil”.
Xatırladaq ki, Azərbaycanda saxta
diplomlu müəllimlər qalmaqalı hələ bir neçə il əvvəl yaranıb. Keçmiş
təhsil naziri Misir Mərdanovun işdən azad edilməsindən sonra Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı
araşdırma başladıb. Araşdırma zamanı Azərbaycan Müəllimlər İnstitutunun
və Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı
barədə faktlar üzə çıxıb. Mətbuat bu işlə bağlı istintaqda Misir
Mərdanovun da adının bir neçə epizod üzrə keçdiyini yazmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=10687