Bəxtiyar Sadiqovun yeznəsi, Ələkrəmin əlaltısı və… AMEA-nın əməkdaşının macəraları

08.08.2014 - 14:22

 
 
 

Heydər Əliyevi “priznavat” eləməyən GDU-nu rüşvətxor dekanı Həsənbala Sadıqov İlham Əliyevə məddahlıq edir 

 

 
 
 
Məlum olduğu kimi, bir ay öncə Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) həqiqi üzvlüyünə seçilmək üçün 43, müxbir üzvlüyünə seçilmək üçün
isə 265 nəfər alimin namizədliyi irəli sürülmüşdü. Bu yerlərdən üçü
AMEA-nin Gəncə Reqional bölməsi ayrılmışdı-bu bölgədən akademiyaya
kimya- biologiya və tarix ixtisası üzrə bir həqiqi və iki müxbir üzv
seçilməliydi. …Seçki artıq başa çatıb, nəticələr də məlumdur-AMEA-nın
Gəncə bölməsindən sözügedən quruma üç yox, iki nəfər seçilmişdir. Yəni
üzvlüyə təqdim olunan üç nəfərdən birinin namizədliyi, yumşaq desək,
rədd edilmişdir.
Həqiqi
üzvlük yerini Gəncə Regional bölmənin akademik katibi, kimya elmləri
doktoru, professor Fuad Əliyev tutmuş, Azərbaycan Dövlət Aqrar
Universitetinun rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor
İbrahim Cəfərov isə biologiya ixtisası üzrə AMEA-nın müxbir üzvü
seçilmişdir. Tarix ixtisası üzrə ayrılan digər müxbir üzv yeri boş
qalmışdır. Qeyd edək ki, AMEA-nın Gəncə regional bölməsinə tarix
ixtisası üzrə müxbir üzvlüyə seçkidən keçə bilməyən namizəd Gəncə Dövlət
Universitetinin (GDU) professoru, hal-hazırda tarix-coğrafiya
fakültəsinin dekanı vəzifəsində çalışan Həsənbala Sadiqov olmuşdur.
Seçilənlərlə bağlı sözümüz yox, sözümüz seçilməyən haqqındadır. Ən
azından “NİYƏ” sualına cavab axtarmaq zorundayıq. Ki, Həsənbala Sadıqov
üçün yandırılan bu “qırmızı işığın” nədəninə aydınlıq gətirək. Aydınlığa
cəhd üçün isə təbii olaraq uğursuz namizədin personasına nəzər salmaq
lazım gəlir. O personasına ki, onu yaxından tanıyanları istisna etsək,
qalanları üçün alaqaranlıqdır. Odur ki, biz indi Həsənbala Sadixovun
indiyədək yaşadığı mübhəm həyatının öz əli ilə üstünə sərilmiş o qara
örtüyü çəkməyə çalışacağıq ki, bu başabəla alimin akademiyanın müxbir
üzvlüyünə namizədliyinin üstündən niyə qara xətt çəkildiyinə aydınlıq
gəlsin. Axı kimdir bu Həsənbala Sadıqov?
Ona
yaxın insanlar, iş yoldaşları adamın həyat yolunu və şəxsini belə
xarakterizə edir: Həsənbala Sadıqov pedaqoji sahədə piyada olduğunu dərk
edincə, siyasi arenaya transfer edib və Xalq Cəbhəsinin dönəmində
meydan hərəkatına qoşulub. O, “meydan hərəkatı”nın liderlərindən olan,
daha doğrusu, Bakıda Nemət Pənahovun yerinə yetirdiyi missiyanı Gəncədə
həyata keçirən, o zamanlar qəbir daşlarından tutmuş qəbirdəki ölülərin
dişinə qədər çıxarıb satmaqdan belə çəkinməyən, Xalq Cəbhəsinin Gəncə
təşkilatının sədri Rasim Mürsəlovun tarixçi kimi məsləhətçisi, eyni
zamanda onun yaxın sirdaşı, sağ əli olmuşdur. Maraqlı və həm də
düşündürücüdür ki, Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevə
qarşı siyasi, ideoloji mitinqlər keçirərək meydanlardan yığılmayan bu
elmi işçinin doktorluq müdafiəsi də həmin illərə təsadüf edir (yeri
gəlmişkən deyək ki, vaxt baxımindan doktorluq işinin yazılmasının
mümkünsüzlüyü onun doktorluq elmi dərəcəsini şübhə altına salir-müəllif
).
Daha sonra o, 1992-ci ildə Xalq Cəbhəsinin aparıcı liderlərindən
sayıldığından Gəncədə fəaliyyət göstərən Pedaqoji İnstituta məhz meydan
hərəkatı üzvlərinin köməkliyi, yəni təzyiq və təkidi ilə rektor təyin
olunur. Onun universitetdə rektorluq fəaliyyəti isə tam bir il sürür. O
dövrdə Gəncə Şəhər İcra Hakimiyyətinə yeni icra başçısı Elsevər
İbrahimov təyin olunandan sonra onu, yəni Həsənbala Sadıqovu
antidövlətçilik siyasəti yürütməkdə, Gəncədə milli azlıqlar arasında
ədavət toxumu səpməkdə (qeyd edək ki, Həsənbala Sadıqov ölkəmizin cənub bölgəsindəndir-müəllif),
milli zəmində yeni bir hərəkat yaratmaqda, artıq hakimiyyətə gəlmiş
Heydər Əliyev siyasətini, o dövrün Azərbaycan reallığını sinirə
bilməməkdə suçlayaraq dərhal rektorluq vəzifəsindən uzaqlaşdırmağa nail
olurlar. Ortaya təkzibolunmaz və danılmaz faktlar qoyulur-Həsənbala
Sadıqovun universitet auditoriyalarında, ictimaiyyət arasında açıq-aşkar
dövlətçilik əleyhinə apardığı təbliğat hökm kimi üzünə oxunur və o,
Gəncədən qaçmağa məcbur olur. Bundan sonra isə YAP Gəncə şəhər
təşkilatının o vaxt sədri olan mərhum akademik Məmmədtağı Cəfərov
Həsənbalanın iqtidara qarşı apardığı təxribat xarakterli mübarizəsini
partiyanın idarə heyətinin iclasına çıxarmış, onun dövlət əleyhinə,
Heydər Əliyev siyasətinə qarşı yürütdüyü aşkar qərəzli mövqeyini
müzakirə etmiş və pisləmişlər. O zaman əməlləri şəhər ziyalılarının
qəzəbinə tuş gələn Həsənbala Sadıqov beləcə Gəncəni tərk etməyə məcbur
olmuşur. Bununla barışmayan mənsəbpərəst, fitnə-fəsad mənbəyi olub da
milli məsələlərdən kart kimi istifadə edən, istənilən siyasi manevrə
məqsəd və mənfəəti üçün qol qoyan və tamahının quluna çevrilmiş bu
başabəla elm adamı “rektorluqdan qovulma” ilə bağlı dəfələrlə
Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edir. O özünün
antidövlətçilik siyasətinin, ideoloji sərsəmləmələrinin, xalqlar
arasında milli ədavət yaratma cəhdlərinin üstünü çənub bölgəsi
vətəndaşlarının Gəncədə, ümumiyyətlə isə Azərbaycanda sıxışdırılması
kimi utopik fərziyyələrlə malalayaraq gəlir mənbəyi kimi baxdığı
rektorluq vəzifəsinə qaytarılmasına cəhd göstərir. Bu demoqogiyanın baş
tutmayacağına əmin olunca, yəni rektor vəzifəsinə qaytarılmayacağını özü
üçün yəqinləşdirəndən sonra isə bir müddət Masallı rayonunun o vatxkı
icra başçısı Teymur Yəhyayevin himayəsinə sığınır. Baxmayaraq ki, adı
Gəncə Pedaqoji İnstitutunda işçi kimi saxlanılır, amma o, ayın, ilin çox
vaxtını doğulduğu Masallı rayonunda keçirir (yeri gəlmişkən qeyd edək
ki, bu məsələ olduqca təəccüb doğurur: o, indiyədək bir neçə il
Türkiyədə yaşasa da, nədənsə və ya hansı gücün təsirindənsə qanunlar
gözardı edilərək adı elə o zaman da fasiləsiz olaraq GDU-da işçi kimi
saxlanılıb-müəllif). Bu isə… düşmən dəyirmanına su axıdaraq ölkəmizin
cənub bölgəsini “Talış-Muğan Respulikası” (TMR) elan edən separatçı,
satqın Ələkrəm Hümbətovun at oynatdığı dövrə təsadüf edir. Bəli, rektor
vəzifəsi, Həsənbala Sadıqovun xülyasınca isə yağlı tikə ağzından
çıxdığından, bu dəfə o… bəli, yanılmadınız, məhz satqının qanadı
altına girir, məhz vətən xaininin sağ əlinə çevrilməsi ilə təskinlik
tapır. “Su axar, çuxurunu tapar” deyiblər. Əxlaqı və mənəviyyatı
pozuqlar da beləcə birləşirlər. Həsənbala müəllim də axır, Ələkrəmin
yanında çuxur tapır. Daha dəqiq desək, “TMR”-in təhsil naziri
vəzifəsinin behini verib erməni xislətli Ələkrəmdən vədini alan
Həsənbala bəy bu dəfə arxasına birdəfəlik tüpürərək siyasi arenaya
atılır. Fəaliyyətini Ələkrəm Hümbətovun simasız simasında, onun
personası üzərində qurur, onu təbliğ edir, cənub bölgəsini “TMR”-in
tərkibində birləşməyə, həmyerlilərini müstəqil dövlət qurmağa səsləyir.
Bu gün inamla demək olar ki, onu bu dönüklüyə, vətən xaininə yoldaş və
sirdaş olmağa, onun əlində alətə çevrilməyə, tapşırıqlarına “bə çeşm”
deməyə bircə faktor vadar edib: Tamahı və var-dövlət düşkünü olması.
Nədi-nədi, adam təhsil naziri olacaqmış (Ələkrəm və onun özü kimi
ünsürlərin ideyası iflasa uğrayandan sonra məlum olacaq ki, xülyada
qurulan dövlətdə nazir kimi kimlər təmsil olunacaqmış və haqqında bəhs
etdiyimiz Həsənbalanın da adı o siyahıda əksini tapır. Bundan başqa,
cənub bölgəsində “TMR”-çilərin bir mitinqində Ələkrəmin və Həsənbalanın
Heydər Əliyev haqqında nalayiq ifadələr işlədərək ölkəmizin
parçalanmasına yönəlik çıxışlarının videogörüntülərinin yayıldığı və bu
günün özündə də saxlandığı fakt olaraq qalır-müəllif
). Həm də bu
dəfə o daha yüksək vəzifəyə təyin olunacağına qəti əmin olur. Məhz bu
əminlik hissi onu düşmən əlində alət olan Ələkrəm Hümbətovun əlində alət
olmağa, onunla cütləşməyə, siyasi kataklizmlərdən, vətəndaş
qarşıdurmasından sonra Heydər Əliyevin dirçəltməyə çalışdığı üzgün
dövləti parçalamağa, dağıtmağa, çevrilişlə hədələməyə içində cürət
yaradır, onu bu sərsəm iddiaya düşməyə sövq edir. Amma bu dəfə də bu
bədbəxtin bəxti gətirmir-Həsənbalanın qanadı altına sığındığı Ələkrəm
meşələrdə kol-kosa sığınandan, nəhayətdə isə qandallanandan, ətrafındakı
dəccallar pərən-pərən salınandan, mübhəm arzuları dövlət səviyyəsində
puç edilərək gözlərində qoyulandan sonra Həsənbala bəy Sadıqov
müəllim… dabanına tüpürüb “asta qaçan namərddi” deyərək Türkiyəyə
qaçmaq zorunda qalır. Uzun illər, daha dəqiq desək, nə az, nə də çox,
düz 10 il Van vilayətində mühacir həyatı yaşamağa məcbur olur.
Mənsəbpərəst, əlləri pulla oynamağa alışan, sərvətə sonsuz sevgisi və
hərisliyi olan, dünyaya qarnının gözü ilə baxan, elə bu eşqlə də alışıb
yandığından taleyinə və ömrünə sərgərdan illər yazan bir adamın qardaş
ölkə olsa da, qəribçilik həyatı yaşamağı sizcə asan ola bilərdimi? Bizim
onun yaxınlarından əldə etdiyimiz dəqiq məlumata görə, cəlayi-vətən
olmaq asan olmasa da, o qədər çətin də olmayıb. İndi olduğu kimi, elə o
zaman da ona Gəncədəki həmfikirləri dayaq olublar (deyilənə görə,
Həsənbala bəy orda ticarətə qurşanıb və vaxtilə onunla universitetdə
birgə çalışan və ona yaxın olan bir müəllimənin göndərdiyi yunu orada
xırıd etməklə məşğul olub-müəllif)
. Başlıca yardımı-üstün maddi və
mənəvi dayağı isə ona həyat yoldaşının qohumları, göstərib. Bu yerdə
yəqin ki, oxucunu maraq hissi bürüdü, deyilmi? Əcəba, bu qohum kim ola
ki, sıradan adamlar özünə normal yaşayışı təmin etməkdə çətinlik çəkə, o
isə vətən xaininin dəsmal tutanı olan və bu səbəbdən də sərgərdan olan
qohumuna maddi yardım göndərə, onu Türkiyədə heç nədən korluq çəkməyə
qoymaya?
Bəxtiyar Sadiqovun yeznəsi, Ələkrəmin əlaltısı və... AMEA-nın əməkdaşının macəraları Bu, bu gün Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçdirilən,
həmçinin həmin qurumun orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru
Bəxtiyar Sadıqovdur. O Bəxtiyar Sadıqov ki, illərdir rəhbərlik etdiyi
qəzetdə separatçıları, vətən xainlərini, siyasi və şəxsi rəqibləri, öz
ağlınca ölkəmizin qəsdinə duranları, bir sözlə, istər ölkədən kənarda,
istərsə də bu ölkədə bu hakimiyyətin cızığından çıxanları palaz-palaz
materiallarla “ifşa” edir, onları o ki var qamçılayır, hərbə-zorba
gəlir, hədələyir, necə deyərlər, bu zaman “ağzına çullu dövşan sığmır”,
amma… bu boyda zırıltıya imza atmış, yəni vətən xaini Ələkrəm
Hümbətovun ortağı olmuş, mitinqlərdə Heydər Əliyevin kölgəsini
qamçılayan bacısının əri, yəni yeznəsi Həsənbala Sadıqov haqqında nəinki
bircə kəlmə yazmış, əksinə, ağzına su alaraq heç mıqq da eləməmişdir (Fikir
verin, yeznə-qayın eyni soyadın daşıyıcısıdır. Babalı deyənlərin
boynuna, bu gün GDU-nun dekanı olan Həsənbala bəy bu gün Milli Məclisin
deputatı və “Azərbaycan” qəzetinin baş redaktoru olan Bəxtiyar Sadıqovun
bacısı Rəfiqə (bu xanım da “Gəncənin səsi” qəzetinin baş redaktorudur-müəllif)
ilə evlənən zaman öz soyadından imtina edərək arvadının familiyasına, yəni Sadıqov soyadına keçmişdir). Sual oluna bilər: Bu nə baş redaktorluq, bu nə jurnalistika, bu nə
tendensiya? Deyilənləri kənara qoysaq, bəlkə Bəxtiyarın bu boyda
zırıltıdan, yəni yeznəsinin macəralarından xəbəri olmayıb (Ondan nə desən çıxar, hətta bu sualı təsdiqləyib özünə tutalğac da edə bilər-müəllif)?
…Çox yersiz sual oldu, eləmi? Əlbəttə! Çünki əlimizdə bircə dənə
tutarlı və yetərli fakt var ki, bunu inkar edəni havadan asılı qoyar.
Qayın Bəxtiyar Sadıqovun yeznə Həsənbala Sadıqovun bütün işləklərindən
nəinki xəbəri olub, hətta ona imkanı çatdığı qədər dəstək də verib. Əks
təqdirdə, Həsənbala Sadıqovun Türkiyəyə qaçdığı və 10 il Azərbaycanda
olmadığı, zorən miqrant ömrü sürdüyü halda onun adının Gəncə Dövlət
Universitetində elmi işçi kimi ştatda saxlanması möcüzəsini kimin
ayağına yazaq? Bunu bütün Gəncə bilir ki, əqidə yoldaşı Ələkrəm həbs
olunandan sonra Həsənbala Türkiyəyə qaçmış və 10 il orada yun alveri ilə
məşğul olmuş, yalnız “sular durulandan” sonra Gəncəyə qayıtmışdır.
Ancaq sonra məlum olmuşdur ki, o bu illərdə həm də… guya GDU-da
işləmişdir. Başqa cür desək, saxtakarlıq qanuni qüvvəyə minmişdir. Bu
maxinasiyanı, bu fırıldağı, bu saxtakarlığı kim edib, kimin tapşırığı
ilə kimin nəyi edib, bu aşkar cinayətə kim imza atıb, bax bunlar ortaya
çıxarılmalı, bunu edənlər cəzalandırılmalıdır. Z.Hacının təbirincə
desək, qanuni qüvvənin belinə minən saxtakarlığı qanunun belindən
düşürmək lazımdır. Əks təqdirdə gəncəlilər də, elə başqaları da düşünə
bilər ki, sadıqovlar Azərbaycanda xüsusi statusa malik adamlardır.
Həsənbala Sadıqovun antiəliyevçi olması onun xarakterinin gözlə
görünən ştrix-cizgilərindən biridir. Heydər Əliyevin sağlığı dönəmində o
bunu, yuxarıda qeyd etdiyimiz kimi, dəfələrlə büruzə vermişdir-bəzən
gizli, bəzən də açıq. Sadəcə olaraq bu, zamandan, məkandan və məqamdan
asılı olub. Sözümüzə söykək üçün bir haşiyəyə çıxaq: Vaxtilə Həsənbala
Naxçıvan Milli Elmlər Akademiyasının idarə heyətində Şura üzvü olarkən
doktorantlardan biri müasir Azərbaycanın qurucusu, fenomen şəxsiyyət və
masştablı siyasətçi olan Heydər Əliyev haqqında yazdığı doktorluq işinə
onun opponentlik etməsini istəyir. Qeyri-adi heç nə baş vermir-Həsənbala
Sadıqov ona müraciət edən müəllifin istəyini heç düşünmədən rədd edir.
Yəni adam mövzu suyektinə içindəki nifrətini gizlətmir: H.Əliyev
haqqında müsbət rəy verməkdən imtina edir. Bundan sonra da qeyri-adi heç
nə baş vermir-onu Naxçıvan MEA-dan həmən qovurlar. Yəni demək istəyirik
ki, adam bütün zamanlarda antiəliyev siyasəti yeritsə də,
antiazərbaycan düşüncəli, şovinist əhval-ruhiyyəli olsa da və necə
deyərlər, “quyruğu qapı arasında qalanda” bunu gizlətmədən zaman-zaman
büruzə versə də, nə sirri-xudadırsa hələ də elmi pillələrlə irəliləmək,
elmi vəzifə tutmaq və daha yüksək elmi titul qazanmaq iddiasındadır və
yenə nə sirri-xudadırsa, adamın alim adına ləkə olduğunu, adamın
rüşvətxor, fırıldaqçı, saxtakar olduğunu Gəncədə hamı bilsə də, bir
kimsə bu haqda bir kəlmə kəsmək istəmir. Görünür, insanlar onun
ruporundan çəkinirlər. Bəs necə, adamın arvadı “Gəncənin səsi”ndə, qaynı
isə “Azərbaycan”ın başında oturub.
…Az
əvvəl biz yuxarıda suların durulmasından yazmışdıq. Bəli, Həsənbala
Sadıqov üçün Türkiyədə keçən könüllü sürgün həyatı 10 ildən sonra, yəni
2006-ci ildə bitmiş, sular onun üçün məhz 2006-cı ildə- qaynı Bəxtiyar
Sadıqov Milli Məclisə deputat seçiləndən az sonra durulmuş, Həsənbala
da Gəncəyə bundan sonra qayıtmışdır. Qayıdan kimi də, 10 il Türkiyədə
yaşamasına baxmayaraq saxtakarlıq edilərək adı GDU-nun əməkdaşı kimi
ştatda saxlanıldığından, az sonra nə qədər qəribə və təəccüblü olsa
da… universitetin ümumi tarix kafedrasına… müdir seçilmişdir (?!) Bu
mərhəmət və nəvazişi ona həmin universitetin sabiq rektoru, adı bədnam
“Nicat”çıların sırasında hallandırılan Elman Məmmədov göstərmişdir. Bu
ərəfədə E.Məmmədov bütün pedaqoji əndazəni aşaraq, layiq olmadığı halda
hətta ona əməkdar müəllim adı verilməsinə də nail olmuşdur. Məhz bu
şəxsin köməyi sayəsində vətən xaininin silahdaşı olan keçmiş separatçı
Həsənbala Sadıqov özünə bəraət qazanmaq, kirlənmiş reputasiyasını təmizə
çıxarmaq imkanı qazanmışdır. Keçmişi çirkli olan bu adamın adının saxta
yolla 10 il universitetdə əməkdaş kimi saxlanması isə güman ki,
qaynının-Bəxtiyar Sadıqovun ağlının və onun himayədarlarının əməyinin
məhsuludur. Görün proteksiya hansı amplitudada olmuşdur ki,
Həsənbalada-xainin dünənki əlaltısında özünəinam və iddia yaranmış, adam
tarix kafedrasının müdirliyindən daha yüksək vəzifəyə-tarix-coğrafiya
fakultəsinin dekanı vəzifəsinə gətirilmişdir. Bu formal seçki isə
2011-ci ildə baş vermişdir və adam o vaxtdan indiyədək bu vəzifədə
çalışır (son sözü “özü üçün çalışır, doymaq bilmədən rüşvət yığır” kimi oxumaq daha doğru olardı-müəllif).
GDU-da 1 ştat vahidi ilə dekanlıqdan başqa o, 0,5 ştat vahidi ilə
adıgedən fakultədə dərs deyir, 1 ştat vahidi üzrə isə AMEA-nın Gəncə
Reqional Bölməsində tarix şöbəsinin müdiri vəzifəsini tutur. Bu hələ
harasıdır? Gəncəlilər bilir, amma bilməyənlər inanmaya bilər: kor-kor,
gör-gör faktdır ki, ölkə başçısı da daxil olmaqla indiki iqtidarla,
onların siyasəti ilə heç vəchlə barışmayan, bu iqtidara içində kin və
nifrət gəzdirən bu xıltlı adam bu ilin yanvar ayında Gəncəyə gələn
Prezident İlham Əliyevi qarşılayanların ön sırasında, daha dəqiq desək,
dövlət başçısını Gəncə ziyalıları adından salamlayan şəxs oldu.
Gəncəlilər adından yaltaqcasına irad etdiyi nitq Gəncə ziyalılarının və
gəncəlilərin əlini üzündə qoymuşdu, bu həyasızlıq onları
təəccübıəndirmişdi: Necə yəni, bu dövlətin müasir qurucusu olan Heydər
Əliyevi, ruslar demiş, “priznavat” eləmə, amma onun siyasətinin
davamçısı olan oğluna, İlham Əliyevə mədh söylə?! Ələkrəm Hümbətovun
əlaltısının, əməllərinin cəzasından qorxub da cəlayi-vətən olan dünənki
“dissidentin”, şantaj katalizatorunun, iddiası ağlından qat-qat yekə
olan bu kentavrın (başı adam, bədəni at olan bu mifik canlıya bənzətmənin mənasını yəqin ki, anladınız-müəllif)
hünərini görürsünüzmü? Razılaşın ki, bütün bunlara görə onun
müəlliminə, qaynı-Bəxtiyar Sadıqova “bərəkallah” düşür. O Bəxtiyar
Sadıqova ki, qulbeçəsi olduğu iri ranqlı dövlət adamlarının adından
“saman altından su yeridəcək” qədər məharətlə istifadə edir (Bu
şəxsin özünün də həyatının bir çox məqamları ictimaiyyət üçün
qaranlıqdır və yeri gələndə biz bu müəmmalara da aydınlıq
gətirəcəyik-müəllif
).
Yazıya
yekun vurmazdan öncə çox önəmli bir məsələyə də toxunmaq istərdik.
Görəsən Həsənbala Sadıqovla yaxın və sıcaq münasibətdə olan AMEA-nın
Gəncə Reqional bölməsinin direktoru Fuad Əliyev bu məsələlərə nədən göz
yumur? Yəni doğrudanmı Həsənbalanın əllamə işləklərindən onun xəbəri
yoxdur? Bu, inandırıcı deyil axı. Çünki ola bilməz ki, bu macərapərəst
adam haqqında külli Gəncə camaatı, bəzi əlaqədar dövlət qurumları hər
şeyi bilsin, ancaq ona yaxın olan bir adam barədə, onun bu qədər
səs-küylü, ziqzaqlı gedişləri barədə Fuad Əliyev məlumatsız olsun. Bəlkə
onu da susmağa vadar edən kimsə və ya nəsə var? Axı alimlər elmin
güzəştsiz olduğunu deyirlər. Elə isə Həsənbala kimi riyakarlara, gündə
yüz rəngə girən buqələmunlara nədən güzəşt olunur ki, bir neçə elm
ocağında yer tutmağı bəs etmirmiş kimi, sonra daha yekə iddialarda
bulunur? Axı Fuad müəllim bilməyə bilməz ki, hələ ta əvvəldən Həsənbala
Sadıqovun alimliyinə şübhə ilə yanaşılıb? Dərd bu olsa yarıydı, dərd
ondadır ki, bütün bunları bütün Gəncə ziyalıları bildiyi halda, onlar da
susmağa üstünlük verirlər, nədənsə çəkinirlərmiş kimi, heç kim bu elm
gənəsi haqqında danışmaq istəmir.
Bəxtiyar Sadiqovun yeznəsi, Ələkrəmin əlaltısı və... AMEA-nın əməkdaşının macəraları …Heç kim danışmaq istəmir… siyasətçi-alim Həsənbala da əvvəlki
cildini dəyişərək bu sükutdan öz xeyrinə bəhrələnməkdə, arın-arxayın
rüşvət yığmaqda, yığdıqca da şişməkdə, bir siyasətçi kimi bütün
zamanlarda bu iqtidarla barışmaz olduğunu açıq-aşkar deyə-deyə eyni
zamanda bu iqtidarın hesabına gözəl günlər yaşamaqda, firəvan həyat
sürməkdə davam edir. Özünün və ailə üzvlərinin (arvadı haqqında qeydimiz var, oğlu isə Ağcabədi rayon hərbi komissarıdır-müəllif)
tam təminatlı və təmtəraqlı yaşaması bunun tam sübutudur. Özünün isə…
az öncə dediyimiz kimi, fakültə dekanı olduğu GDU-da tələbələri aylığa
və ya illiyə buraxmaqla, semestr imtahanları zamanı aldığı pulların,
yəni yığdığı rüşvətin miqdarı astronomik həddə çatıb. Həsənbalanın hər
semestrdən sonra idarə etdiyi xarici markalı avtomobilini dəyişdirməsi
də bunun tam sübutudur. Əks təqdirdə, adi müəllim maaşına bu bahalı
avtomobillərin alınması absurd olardı. Maraqlıdır ki, bunu əllərinin içi
kimi bilən tələbələr demoqoqiya və yeznəsinin arxasında gizlənərək,
necə deyərlər, bir əldə üç qarpız tutub (adamlar bir iş yeri tapmır, bu bədbəxt bəxtəvərin üç iş yeri var-müəllif)
min bir oyundan çıxan bu hoqqabaz haqqında bu gün bütün gəncəlilərin
dillər əzbəri olan və onu xarakterizə edən nəzm nümunəsi yaradıblar.
Xalq yaradıcılığından yadımızda qalan bəndləri təqdim edirik ki, siz də
oxuyub feyziyab olasınız:

Həsənbala,
Sən kimsən, nəsən bala?
Arvadı arxa durmasa
Yarpaq kimi əsən bala.

Həsənbala,
Pul üstündə əsən bala.
Kisəsini doldurub da
Vana tələsən bala.

Həsənbala,
İqtidardan küsən bala.
Pul verməsə tələbənin
Nəfəsini kəsən bala.

Bəli, xalq öz “qəhrəmanlarını” heç vaxt unutmur, yeri gəldikcə onları bax belə bədii, poetik dillə vəsf edir.
Bizcə
yazıya nöqtə qoymaq olar, ancaq tək bir sual cavabsız qalır ki, ona da
siz oxucularla birlikdə cavab aramaq zorundayıq. Qoy o cavabı da
əlaqədar instansiyalarda oturan əlaqədar şəxslər versin: Həsənbala
Sadıqovun AMEA-nın həqiqi üzvlüyə seçilməməsinin səbəbi nə olub: Onun
vətən xaininə dəstək verməsi, siyasətçi kimi bu iqtidarla heç vaxt
barışmayıb ideologiyaları tərs-mütənasib olması, yoxsa… əməlləri ilə
alimdən daha çox tacirə bənzəməsi? Yəqin ki, hamı üçün maraqlı sualdır,
deyilmi? Hətta Həsənbalanın özü üçün də.
Son
olaraq isə Həsənbala bəyə bir balaca xatırlatma etməyi özümüzə caiz
bildik. Xeyri olar ki, ziyanı olmaz: İxtisasca tarixçi olan Həsənbala
Sadıqov, bizcə tarixi unutmamalıdır. Axı tarixçilərin öz sözüdür ki,
tarix unudulmur. Həm də özünün öz bioqrafiyasına yazdığı, özünün öz
taleyinə qara hərf və böyük şriftlərlə qazıyaraq müəlliflik etdiyi,
ləkəli olan bir tarixi.(m-media.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=10711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31