Diqqət! Bunu mütləq oxuyun!
Müasir
zamanda kompüterdən nə böyüklər yan keçə bilir, nə də uşaqlar.
Kompüterdə işləyərkən isə ən çox gözlər əziyyət çəkir. İnformasiyanı
nəzərdən keçirir, mətn oxuyur, video və şəkillərə baxır. Bütün bunları
edərkən linza taxmaq və hər gün linza ilə işə getmək görmə qabiliyyətinə
öldürücü zərbəni vurur. Lakin bəzi məsləhətlərə əməl etməklə, ziyanı
minimuma endirmək olar.
Oftalmoloq Rübabə Vəliyevanın
sözlərinə görə, linzaların eynəklərə nisbətən bir sıra üstünlükləri
var. Belə ki, insanın xarici görünüşünü gözəl göstərir, soyuq yerdən
isti yerə daxil olduqda şüşələri tərləmir, yıxıldıqda kəsilib insanı
zədələmir. Rəngli linzalarla həm də insanın görünüşünü dəyişmək,
istədiyin göz rənginə sahib olmaq olur. Bu səbəbdən də linzalara üstünük
verənlərin sayı günü-gündən artır. Lakin əksəriyyət gözündə linza ilə
kompüterdə işlədikdə özünü narahat hiss edir. Həmsöhbətimizə görə, bu,
ona görə baş verir ki, göz bəbəyi linza ilə birbaşa əlaqəli olur. “Linza
ilə kompüterdə işlədikdə nəzərə çarpacaq qədər gözlərdə quruluq, yanma
və ağrı olur”.
Həkim
kompüterdə işləyərkən linza taxmağı məsləhət görmür: “Optik linzalara
ehtiyac duyursunuzsa, kompüterdə işləyərkən optik eynəklərdən istifadə
edə bilərsiniz. Gözləri qorumaq üçün kompüter üçün xüsusi eynəklərdən də
istifadə etmək olar. Əgər kompüterdə işləyərkən də linza taxmaq
istəyirsinizsə, bəzi təhlükəsizlik tədbirlərini əvvəlcədən görməlisiniz.
İlk növbədə oftalmoloqla məsləhətləşmək lazımdır. Həkim hər kəsin
gözünə uyğun linzanı seçməyə kömək edəcək. Oftalmoloq həm də kompüterdə
işləyərkən az zərəri olan linzalar seçməkdə məsləhət verməlidir”.
Müsahibimiz
bildirib ki, linza taxıb kompüterdə işlədikdə otaqda ventilyator və ya
kondisioner işləməməlidir: “Bu cür qurğular işləyən zaman gözün selikli
qişasının suyu buxarlanır. Gözdə quruluq yarananda gözlər ağrımağa
başlayır. Əgər otaq çox istidir və ventilyatorsuz mümkün deyilsə,
ventilyatoru elə quraşdırmaq lazımdır ki, hava axını sizdən əks tərəfə
doğru hərəkət etsin”.
Kompüterlə
işlədiyiniz müddət ərzində gözlərinizdə narahatlıq keçmirsə, xüsusilə
də, gözlər qızarır və ya quruyursa, gözlər üçün damcılardan istifadə
etmək olar. Satışda bu cür damcıların müxtəlif çeşidləri var. Onların
bəziləri bitki mənşəlidir və gözlərdəki yorğunluğu qısa müddət ərzində
götürür. Göz üçün damcı almazdan əvvəl mütləq oftalmoloqla
məsləhətləşmək lazımdır. Ona görə ki, hər göz üçün damcını linza
taxtıqda istifadə etmək olmaz. Elə göz damcıları var ki, onlar linzadan
istifadə etdiyiniz üçün görmə qabiliyyətinə əksinə mənfi təsir göstərər.
Vəliyevanın
sözlərinə görə, gözlər linzadan yorulur və yanmağa başlayırsa, göz
bəbəklərini asta massaj etmək lazımdır. Bunun üçün orta barmağı yüngülcə
göz qapağında dairəvi hərəkət etdirin: “Ən əsası isə linza taxıb günün
çox hissəsini kompüter arxasında keçirəcəksinizsə, linza aldıqda qənaət
etməyə çalışmayın. Bahalı və keyfiyyətli linzlara üstünlük verin. Ucuz
linzaları isə müvəqqəti, harasa qonaqlığa və ya dincəlməyə getmək üçün
taxa bilərsiniz”.
Oftalmoloq
qeyd edib ki, linza ilə kompüterdə işləyərkən monitorun parlaqlığını
azaltmaq lazımdır: “Gözlərdə narahatlıq çoxalmasın deyə kompüteri
pəncərə ilə üzbəüz qoymaq olmaz. Belə ki, kompüterin parlaqlığı ilə
pəncərədən gələn işıq görüntüyə rahat baxmağa imkan vermir. Kompüterdə
işləyərkən gözləri quruluq yaranmasın deyə tez-tez qırpmaq lazımdır.
Ekran gözlərlə paralel olmalı və hər 20 dəqiqədən bir istirahət etmək
lazımdır”.
Həkim
onu da əlavə edib ki, linza taxmaq və uzun müddət fasiləsiz linza ilə
kompüter arxasında işləmək korluğa gətirib çıxarır: “Linzaları gün
ərzində 8 saatdan çox taxmaq olmaz. Amma çoxları bu məsləhətə əməl
etmir, linzanı bütün günü taxır, yatanda və kompüterdə işləyəndə belə
çıxarmır. Uzun müddət linzadan istifadə isə oksigen azlığına gətirib
çıxarır. Belə ki, gözün buynuz qişası oksigeni havadan deyil, qandan
alır. Bu problem hiss olunmur. Yalnız, həkim müayinə etdiyi zaman aşkar
edə bilər. Buynuz qişada oksigen çatışmırsa, orqanizm bununla müstəqil
mübarizə aparmağa çalışır. Buynuz qişada qan damarları yaranır. Nəticədə
buynuz qişa şəffaflığını itirir və insan görmə qabiliyyəti çətinləşir
və tam itə bilər. Ümumiyyətlə, kompüterdə işləmək üçün oksigen keçirən
və suyu çox olan linzalar taxmaq lazımdır. Bu növ keyfiyyətli linzalar
kompüterdə zərəri minimuma endirir”. (ekspress.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=10733