Milli Şura iqtidarı repressiyalara son qoymağa çağırır
Demokratik Qüvvələrin Milli Şurası QHT senktoruna hücumlar və hüquq müdafiəçilərinin həbsi ilə bağlı bəyanat verib.
Bəyanatda bu həbslərin hakimiyyətin birbaşa sifarişi ilə aparıldığı
vurğulanır və tutulanların dərhal həbsdən azad olunması tələb edilir.
Azərbaycan hakimiyyəti öz xalqına qarşı repressiyaları davam etdirir.
Ölkənin ictimai-siyasi fəallarına, qeyri-hökumət təşkilatlarına,
xüsusilə insan haqlarının qorunması ilə məşğul olan qurumlara qarşı
total hücum və repressiyalar davam etməkdədir. Son həftənin elə bir günü
olmayıb ki, tanınmış ictimai xadimlərdən kimsə şərlənərək həbs
olunmasın. 1937-ci ilin qaydalarını və terrorunu işə salan rejim Leyla
Yunusun həbsinin ardınca, tanınmış alim, dünyada yüksək qiymətləndirilən
konfliktoloq Arif Yunusu, həmçinin tanınmış hüquq müdafiəçisi, İnsan
Haqları Klubunun rəhbəri Rəsul Cəfərovu şərləyib həbs ediblər.
8 avqust 2014-cü ildə isə İntiqam Əliyev həbs edilib, söz azadlığının
və jurnalistlərin müdafiəsində böyük xidmətləri olan Reportyorların
Azadlığı və Təhlükəsizliyi İnstitutuna basqılar olub, təşkilatın rəhbəri
Emin Hüseynlinin həbsi barədə xəbərlər yayılıb. Bu silsilədən həbs
olunan və saxlanılan şəxslərin əksəriyyəti siyasi məhbus məsələsi ilə
bağlı razılaşdırılmış birgə siyahını imzalayan adamlardır və həbsin
motivləri də məhz ölkənin içərisindən dolğun siyasi məhbus siyahısının
hazırlanmasının qarşısını almaq, hakimiyyətin Azərbaycanda guya siyasi
məhbusların olmaması barədə iddiaların beynəlxalq təsdiqinə nail olmaq
cəhdidir.
Arif Yunus Dağlıq Qarabağ probleminin tarixi və konfliktin yaranma
səbəbləri, Ermənistanın təcavüzkar siyasəti haqqında müxtəlif dillərdə
nəşr olunmuş onlarla kitab və məqalənin müəllifidir. O, bu problemlə
bağlı son 20 ildə dünyanın ən etibar etdiyi Azərbaycan müəlliflərindən
biridir. Beynəlxalq aləmdə Qarabağ problemi ilə bağlı Azərbaycan
mövqeyini müdafiə edən araşdırmaçılar bir qayda olaraq Arif Yunusun
əsərlərinə istinad edirlər.
Rəsul Cəfərov yerli və beynəlxalq ictimaiyyətə 2012-ci ildə Bakıda
keçirilən “Evrovizion” mahnı müsabiqəsi zamanı diqqəti Azərbaycanda
insan haqlarının kobud şəkildə pozulmasına yönəldən “Demokratiya naminə
oxu” kampaniyasından yaxşı tanışdır. Sözügedən kampaniyanın koordinatoru
olan R.Cəfərov sonrakı illərdə də ölkədə söz, mətbuat və sərbəst
toplaşmaq azadlığının təmin olunması, xüsusən siyasi məhbusların
probleminin gündəmə gətirilməsi, onların siyahısının hazırlanması və
beynəlxalq təşkilatlara təqdim olunması istiqamətində ardıcıl fəaliyyət
göstərib. Məhz son günlər həbsə alınan hüquq müdafiə təşkilatlarının
rəhbərlərinin təşəbbüsü ilə hazırlanan Azərbaycan həbsxanalarında
qanunsuz olaraq saxlanılan 97 siyasi məhbusun siyahısı 12 hüquq müdafiə
təşkilatları, QHT-lər və müstəqil vəkillər tərəfindən imzalanaraq yerli
və beynəlxalq ictimaiyyətə təqdim edilib. Son günlər həbs edilən insan
hüquqlarının müdafiəçiləri bir sıra beynəlxalq konfranslarda, yüksək
tribunalarda ölkəmizdə mövcud olan siyasi məhbus problemini gündəmə
gətirirlər. Məsələn, Rəsul Cəfərov ölkədəki real mənzərəni əks etdirən
video-roliklərin hazırlanmasında yaxından iştirak edib. Onun bu
istiqamətdə ardıcıl və prinsipial fəaliyyəti həm yerli, həm də
beynəlxalq səviyyədə qısa zaman ərzində tanınmasına, etibarlı tərəfdaş
imicinin formalaşmasına səbəb olub.
İntiqam Əliyev ölkənin ən intellektual, ən savadlı və beynəlxalq
etimad qazanmış peşəkar hüquq müdafiəçisidir. Onun Avropa İnsan Haqları
Məhkəməsinə təqdim etdiyi şikayətlər bir qayda olaraq beynəlxalq məhkəmə
orqanının müsbət qərarları ilə nəticələnir. Azərbaycanda hüquq
maarifçiliyi işinin təşkili və təbliğində İntiqam bəyin müstəsna
xidmətləri vardır. Əslində, İntiqam bəyin bütün şəffaf fəaliyyəti onun
haqqında təmiz və xeyirxah adam imicini yaratmışdır.
Emin Hüseynli son bir neçə ildə öz fəallığı, obyektivliyi və
prinsipiallığı ilə seçilən QHT nümayəndəsidir. O, müxtəlif təşkilatların
təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərdə ölkəni layiqincə təmsil
etmişdir.
Milli Şura hesab edir ki, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus,
İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynli və konfliktoloq Arif
Yunusun həbsi hakimiyyətin siyasi sifarişidir və birbaşa onların ictimai
və sosial fəallıqları, demokratiya məsələləri və siyasi məhbus problemi
ilə məşğul olmaları ilə bağlıdır. Milli Şura hakimiyyətdən ictimai
siyasi fəallara, hüquq müdafiəçilərinə qarşı apardığı repressiyalara son
qoymağı, bütün siyasi məhbusların qeyd-şərtsiz azad etməyi tələb edir.
8 avqust 2014-cü il
Short URL: http://www.cumhuriyyet.net/?p=10738