Xocavənd təhsilində korrupsiya dosyesi
Yeni təhsil naziri Mikayıl Cabbarovun vədlərinə baxmayaraq təhsilin səviyyəsində nəinki gözlənilən irəliləyişlər müşahidə
olunmur, əksinə bir çox bölgələrdə bu səviyyə getdikcə
daha da aşağı düşür. İşğal altında
olan rayonlarımızın təhsilində isə korrupsiya faktları hədsiz dərəcədə çoxdur. Təhsil
Nazirliyinin rəhbərliyi isə islahatların reallaşmasını əngəlləyən səbəbləri
aradan qaldırmaqda acizlik nümayiş etdirir. Bu səbəblər isə ilk
növbədə təhsil sisteminin bütün strukturlarında yaşanmaqda olan ciddi kadr
problemləri ilə bağlıdır. Xüsusilə respublkanın rayon və bölgələrində fəaliyyət
göstərən əksər təhsil şöbə və idarələrinin işi bu günümüzün tələblərinə
qətiyyən cavab vermir. Bu idarələrdə hökm sürən özbaşınalıq, rəhbərliyin tətbiq
etdiyi avtoritar idarə üsulu və səriştəsizliyi bütün yeniliklərin və inkişafa
aparacaq başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur.
Cumhuriyyet.az-a daxil olan çoxsaylı
məlumatlarda isə korrupsiyaya uğramış təhsil şöbələrindən biri kimi Xocavənd
RTŞ-nin adı çəkilir. Həmin məlumatlarda bildirilir ki, Xocavənd Rayon Təhsil
Şöbəsinin müdiri Şəfahət Yusifovun öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən bu gün işğal
altında olan bu rayonun təhsili uçuruma yuvarlanmaqdadır.
Narazı sakinlər tərəfindən müxtəlif instansiyalara ünvanlanan şikayət
ərizələrində rayon təhsilində vəziyyətin dözülməz həddə çatdığı göstərilir.
Mənbələrin bildirdiyinə görə, Xocavənd Təhsil Şöbəsinə kadrların seçilməsi
zamanı heç bir qanuna riayət olunmur. Belə ki, təhsil sistemindən anlayışı
olmayanlar hazırda təhsil şöbəsində bəzi mühüm vəzifələri tutublar. Aşkarcasına
ölkə qanunlarını pozan RTŞ müdiri isə son vaxtlar hətta Xocavənd RİH başçısı
ilə əlbir olaraq ayrı-ayrı müəllimlərə qarşı təqiblərə də başlayıb. Məlumatlarda Şəfahət Yusifovun qazanc
məqsədilə yalnız kağız üzərində fəaliyyət göstərən bir neçə məktəb açmasından,
özünün və RİH başçısı Eyvaz Hüseynovun yaxın qohumlarını həm real, həm də
“virtual” məktəblərdə rəhbər vəzifələrə təyin etməsindən, saxta diplomla
“müəllimlik” etmək həvəsində olan şəxsləri işlə təmin etməsindən, peşəkar və
təcrübəli müəllimləri müxtəlif bəhanələrlə işdən azad edərək öz yaxınlarını
eyni zamanda iki məktəbdə işə götürməsindən və digər yolverilməz qanun
pozuntularından bəhs edən faktlar təqdim olunur.Redaksiyamıza
daxil olan son məlumatlara görə, bütün bu qanunsuz əməllərində ona himayədarlıq
edən Rayon İcra hakimiyyəti başçısı vəı onun humanitar işlər üzrə müavini ilə
aranı pozan Şəfahət Yusifov çox çətin vəziyyətə düşüb.
Belə ki, bütün cinayətkar əməllərində ortaq olan İcra başçısının
humanitar işlər üzrə müavini və təhsil şöbəsinin müdiri kreslo üstündə savaşa
qalxıblar . Vəzifədən kənarlaşdırılan humanitar məsələlər üzrə müavin Təhsil
şöbəsi sədrliyinə ən uğurlu namizəd olacağını düşünüb. Bu da iki “dostun”
arasında münaqişəyə səbəb olub.İş böyüyərək məhkəməyə doğru gedib çıxıb.
Bir-birinin cinayətkar əməllərinə, korrupsiya fəaliyyətinə şahid olan “dostlar”
dara düşəndə bir-birini satmaqdan çəkinmiyiblər. Azərbaycan prezidenti İlham
Əliyevin Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 24 iyul sərəncamından,Tərtər,
Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında
Tərtər Regional Təhsil İdarəsinin yaranmasından sonra belə, bu iki məmurun
kreslo davası davam edir. Lakin Cumhuriyyet.az-a daxil olan məlumatlara görə,
onların ikisi də bu savaşdan məğlub çıxacaq.
Son
olaraq bir faktı da qeyd etmək lazımdır ki, Xocavənd Rayon Təhsil Şöbəsi,
fəaliyyətindəki nöqsanlar barədə ölkə mətbuatında ən çox yazılan qurumlardan
biri olsa da, Şəfahət Yusifovun yuxarı dairələrdəki havadarları yol verdiyi
bütün qanun pozuntularına rəğmən bu günə qədər onun toxunulmazlığını təmin
etməyə elə də çətinlik çəkməyiblər. Lakin görünür ki, artıq Xocavənd təhsilinin
də Şəfahət Yusifovun işğalından azad olunacağı vaxta sayılı günlər qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10801