Bakı dairəvi yolun bağlanması kimlərinsə qazanc mənbəyinə çevrilib
“Sədərək”də işi olmayan sürücülər hər dəfə girişə 50 qəpik ödəməli olur
Məcburi tətbiq olunan qaydanın məsuliyyəti kimin üzərinə düşür?

Məcburi tətbiq olunan qaydanın məsuliyyəti kimin üzərinə düşür?
Ölkədəki azalmayan problemlərin fonunda əhali indi də başqa bir
çətinliklə üzləşib. Rayonlara gedən avtomobillər Bakı dairəvi yolun
təmir olunması ucbatından hazırda “Sədərək” ticarət mərkəzinin içiylə
keçməli olub.
Bəlli olduğu kimi, ticarət mərkəzinə girən bütün nəqliyyat vasitələri
hər dəfə 50 qəpik ödəyirlər. Bu hesabla, rayonlara işləyən avtomobillər
ticarət mərkəzində işi olmasa da məcburi surətdə ordan keçdiyi üçün
digərləri kimi, 50 qəpik verməlidir. Təmir olunan yolun bağlanması
ucbatından çətinliyə düşən sürücülərə əlavə maddi problem yaradılmasının
məsuliyyəti kimin üzərinə düşür?
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, “Sədərək” ticarət mərkəzinin
ərazisinə daxil olmaq üçün kimlərdənsə pul almaq özü qanunsuzluqdur.
Həmsöhbətimiz qeyd edir ki, ölkədəki qanunların pula tabe olması heç də
müsbət hal deyil: “Ticarət mərkəzinin yerləşdiyi torpaq dövlət
mülkiyyətindədir. Həmin torpaq sahəsi dövlətin mülkiyyətində olduğuna
görə ora elə məhdudiyyətlər qoyula bilməz. Yolun bağlanması və ticarət
mərkəzinin içindən keçildyi üçün hər gün minlərlə manat yığılır. Bu da
əsassız varlanmadır. Həmçinin qanunsuz yolla insanların cibinə
girməkdir. Dərindən düşünəndə həmin şəxslər aldatmaq və etibarından
istifadə etməklə vətəndaşların külli miqdarda əmlakını ələ keçiriblər.
“Sədərək” ticarət mərkəzinin rəhbərliyi barədə CM-nin müvafiq maddəsiylə
məsuliyyət nəzərdə tutulur. Əfsus ki, orada işləyən şəxsləri ən yüksək
səviyyədə müdafiə edirlər və buna görə də onlar öz qanunsuz
hərəkətlərini davam etdirirlər”.
M.Baxışov qeyd edir ki, hakimiyyət orqanlarının burada çox böyük
məsuliyyəti var. Çünki, həmin yolu bağlamışdılarsa, orada hərəkət üçün
alternativ yol müəyyən etməliydilər. Lakin alternativ yol
düşünülmədiyindən “Sədərək” firmasının rəhbərliyi də bu imkandan
istifadə edərək etibardan sui-istifadə ilə, insanların cibinə girməklə
dələduzluq yoluyla onların əmlakına qəsd edir. Bunun üçün isə firma heç
bir vergi ödəmir və əsassız varlanmaya yol verir: “Düşünürəm ki, bütün
bunlar barəsində mütləq tədbirlər görülməlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10810