Avtoparklardan yığılan pul kimin cibinə gedir?
Nemət Əliyev: “Hökumətin dayanacaqlarla bağlı gördüyü iş öz çevrəsinin vəziyyətini yaxşılaşdırmağa xidmət edir”
Ölkənin taleyüklü problemləri fonunda əhali indi başqa bir çətinliklə
üz-üzədir. Əvvəllər dayanacaqlarda avtomobillərin təhlükəsizliyinə
nəzarət edən və bunun müqabilində cəmi 20-30 qəpik alan vətəndaşlar
Ilham Əliyevin məlum çıxışından sonra həmin gəlirdən də məhrum
edildilər. Parkinqlərdə xüsusi aparatlar vasitəsilə bu məsələni həll
edən hökumət görüntüdə tıxac problemini həll etdiyini qabardıb.
Əslində isə vəziyyət tamam başqa cürdür. Parkinqlərə daxil olan külli
miqdardakı vəsaitlərin hara, kimin cibinə getdiyi açıq qalan
suallardandır.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, paytaxtda
dayanacaqların vəziyyəti və idarə olunması sahəsindəki durum çox bərbad
haldadır. Ekspertin sözlərinə görə, insanlar iş yeri tapa bilmədikləri
üçün ümidini gündəlik 20 qəpiklərdən yığılan pula dikmişdilər. Hökumət
isə bunu həmin insanlara da çox gördü: “Indi müəyyən yerlərdə aparatlar
quraşdırılaraq vəsaitlər yığılır. Yəqin ki, ora gələn vəsait Bakı Şəhər
Icra Hakimiyyətinin xəzinəsinə daxil olur. Pərakəndə halda olan
dayanacaqlarda işləyənlər az gəlirlə dolana bilirdi və bu, daha çox
insanı əhatə edirdi. Hazırda isə bu dayanacaqlar ləğv edilərək müəyyən
yerlərdə avtoparklar şəklində yaradılıb. Məqsəd tıxac problemini həll
etmək idisə, bu məsələ hələ də həllini tapmayıb. Eləcə də, məsələni
hökumət səviyyəsinə qaldırmağın heç bir əhəmiyyəti yoxdur. Diqqət
edəndə, hökumətin nə qədər xırda məsələlərlə məşğul olduğu üzə çıxır.
Köklü problemlərdən yayınıb xırda məsələlərlə manipulyasiya etmək
kimsəyə başucalığı gətirməz”.
Ekspert binaların altında yaradılmış avtodayanacaqların xüsusi
təyinatlı olduğunu deyərək məsələnin digər tərəfindən bəhs edir. Belə
ki, kütləvi dayanacaqları ləğv etməklə sürücüləri xüsusi daynacaqlara
yönləndirmək ora pul ödəmək məqsədinin aydın olduğunu göstərir: “Nəticə
etibarilə, ora axan pullar da yenə xüsusi ciblərə gedir. Azərbaycanda bu
sahədə böyük problem var. Gəlirlərin böyük bir hissəsi gizlədildiyi
üçün vergidən yayınmalar da külli şəkildə olur. Hökumətin dayanacaqlarla
bağlı həyata keçirdiyi bu məsələ yenə də özünə bağlanan çevrənin
vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Avtoparkların yaradılması
sadə xalqa xeyir gətirmir. Çünki hər bir insan maşınını bir saatlıq
avtoparka qoymaq üçün xeyli vəsait ödəməlidir. Bu isə az bir qismin
maraqlarına xidmət edir. Avtodayanacaqlardan gələn gəlirin kimin cibinə
getməsi isə hamıya bəllidir. Vəsaitlərin xüsusi ciblərə axması üçün sadə
vətəndaşlara çətinlik yaradan bu məsələ hökumətin səhv addımıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10811