Soçidə Qarabağ danışıqları – gizlində nə var?

11.08.2014 - 13:19

Münaqişənin nizamlanmasına
yönəlik Rusiya təşəbbüsü baş tutdu; Azərbaycan və Ermənistan
prezidentləri 9 aylıq fasilədən sonra Putinin vasitəçiliyi ilə bir araya
gəldilər; görüşdə hər hansı sənəd, birgə bəyanat qəbul edilmədi; İlham
Əliyev Kreml başçısının hüzurunda Sərkisyana “İşğalçı qoşunlar
ərazimizdən çıxmalıdır” dedi; ekspert: “Savaş ehtimalı əvvəlki tək
qalır…” 

Avqustun 10-da Soçidə Azərbaycan
prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan
prezidenti Serj Sərkisyan arasında üçtərəfli Qarabağ danışıqları
aparılıb. President.az saytında gedən qısa məlumatda danışıqlar Rusiya
prezidentinin Soçidəki “Boçarov ruçey” iqamətgahında baş tutduğu qeyd
olunub.
Görüşlə bağlı yayılan xəbərlərə görə, Rusiya prezidenti bildirib
ki, Qarabağ probleminin həllini tapılması üçün səbir, müdriklik və
bir-birinə qarşılıqlı hörmət lazımdır. Hər iki prezidentin problemin
sülh yolu ilə həll eləmək istəyinə müsbət yanaşdığını vurğulayan Pitin
daha sonra bildirib: “Mən böyük məmnuniyyətlə bəyan edirəm ki,
Azərbaycan prezidenti problemi dinc yolla həll etməyin vacibliyinə
diqqət yetirdi. İndi isə siz (Ermənistan prezidenti Serj Sərkisyanı
nəzrədə tutaraq-red.) bu haqda öz fikrinizi dediniz. Bu, əslində ən
başlıca məsələdir. Çünki insanların ölümündən böyük faciə ola bilməz.
Xoş niyyət varsa, istənilən mürəkkəb məsələni həll etmək olar. Mənə elə
gəlir ki, belə bir xoş məram həm Azərbaycan, həm də erməni xalqlarında
var”.
Kreml başçısının sözlərinə görə, Qarabağ problemi keçmişdən, Sovet
İttifaqından miras qalıb və onun həll yolunu tapmaq üçün təmkin və
müdriklik göstərilməli, bir-birinə hörmətlə yanaşılmalıdır. V.Putin onu
da xatırladıb ki, üç dövlət başçısı srağagün axşam sambo yarışlarına
baxmağa gedəndə üçlükdə qeyri-rəsmi şəkildə də danışıblar. Onun dediyinə
görə, bu da ən ağır mövzularda açıq, səmimi söhbət etmək üçün müəyyən
pozitiv atmosfer yaradır.
Rusiya lideri eyni zamanda münaqişənin həlli ilə bağlı beynəlxalq
formata üstünlük verdiklərini söyləyib. Sitat: “Rusiya Dağlıq Qarabağ
münaqişəsinin həllinin beynəlxalq formatlarına hörmətlə yanaşır və həmin
danışıqlarda bundan sonra da iştirak edəcək. Amma Rusiya Azərbaycan və
Ermənistanla ikitərəfli münasibətlərinin xüsusi xarakterindən münaqişəni
həll etmək üçün yararlanmağı da planlaşdırır”.
Rusiya dövlət başçısı münaqişənin həli istiqamətində danışıqların
davam edəcəyini deyib: “Biz bütün beynəlxalq formatlara ehtiramla
yanaşırıq və bütün həmkarlarımızla birgə Qarabağ məsələsinin həlli
üzərində işləməkdə davam edəcəyik. Bizim xüsusi və yaxın
münasibətlərimiz var, keçmiş münasibətlərimizin tarixi uzağa gedir. Bu
da bizə hazırda harada olmağımız və irəli getmək, keçmişdən miras qalan
problemləri həll etmək üçün nə etmək lazım olması barədə açıq və səmimi
fikir mübadiləsi aparmağa imkan yaradır”.
Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki,
münaqişə çox uzanıb və həlini tapmalıdır: “Bu münaqişə çox uzandı,
inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni
təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll
edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT
Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul
edib. Orada dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın
işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüf olsun ki, artıq 20
il keçib, ancaq qətnamələr kağız üzərində qalıb”.

“Putin
onu da xatırladıb ki, üç dövlət başçısı srağagün axşam sambo
yarışlarına baxmağa gedəndə üçlükdə qeyri-rəsmi şəkildə də danışıblar”

Ermənistan prezidenti isə növbəti dəfə təxribatçı mövqedən çıxış
edərək Azərbaycanı ittiham edib. O, münaqişənin ATƏT prinsiplərinə
əsasən həll olunmalı olduğunu söyləyib: “Mən hesab edirəm ki, münaqişə
həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər
əsasında həlli mümkündür. Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik
Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin
hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun
olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə
qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis,
bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu
münaqişə öz həllini tapmayacaq”.
Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Danışıqlar 3 prezident arasında aparılsa da, sonradan heyətlərin də
qatıldığı bildirilirdi. Təxminən 2 saata yaxın davam edən görüşdən
sonra müzakirələr hər hansı sənəd və ya birgə bəyanat qəbul edilmədən
yekunlaşıb. Virtualaz.org saytı BBC-nin rus xidmətinə istinadən xəbər
verib ki, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan
sonda belə ümumi qənaətə gəliblər ki, Qarabağ problemi yalnız dinc
danışıqlar yolu ilə həll edilməlidir.
***
Soçi görüşünün yekunlarını “Yeni Müsavat”a şərh edən Atlas
Araşdırmaları Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu görüşün
proqnozlaşdırıldığı kimi bitdiyini bildirdi. Onun sözlərinə görə, Putin
Ermənistanın maraqlarının ziddinə addım atmadı: “Yəni nə münaqişənin
həllinə yönəlik ciddi addımlar atıldı, nə də ki, bəzilərinin ehtimal
etdiyi kimi Putin erməni həmkarı Sərkisyana təzyiq etdi. Hətta belə
deyənlər var idi ki, guya Kreml sahibi Sərkisyanı Dağlıq Qarabağ
ətrafındakı 2 və ya 5 rayonu azad etməyə müvəffəq olacaq. Bunların heç
biri baş vermədi. Putinin Ermənistan hakimiyyətinin maraqlarına zidd
addım atmayacağı bəlli idi. Çünki o, Qarabağ münaqişəsinin ədalətli
həllinə təkan verməklə Sərkisyanın mövqelərinin zəifləməsini istəmir”.
E.Şahinoğlunun qənaətincə, Sarkisyanın Putinin Azərbaycanı qazanmaq
məqsədilə qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların
boşaldılmasına razılıq verməsi onun siyasi sonunu gətirə bilər: “Ona
görə də Soçi görüşünün nəticəsiz qalması Sarkisyanın maraqlarına uyğun
idi. O ki qaldı Azərbaycana, Soçi görüşünü növbəti nəticəsiz görüşlərdən
biri kimi unudacağıq. Putinin məqsədi sadəcə prezidentlərdən atəşkəsə
riayət edəcəklərinə dair təminat almaq idi ki, Ukraynadan sonra Cənubi
Qafqazda da özünə problem yaratmasın. Atəşkəs təminatı Sarkisyanın
maraqlarına uyğun idi. Atəşkəsin davamı status-kvonun davamı deməkdir.
Azərbaycan isə bununla barışmır. Deməli, cəbhə bölgəsində atəşkəsin
pozulması halları davam edəcək. Bu, elə Soçidə görüş keçirilərkən də
davam edirdi. Demək, savaş ehtimalı əvvəlki tək qüvvədə qalır”.
Qeyd edək ki, Soçi təması ötən ayın sonunda Ermənistan-Azərbaycan
cəbhəsində gərginliyin artması fonunda gündəmə gəlib. Cəbhədə baş verən
toqquşmalar zamanı 14 Azərbaycan əsgəri şəhid olub. Erməni tərəfi
itkilərinin sayını gizlətdiyi iddia olunsa da, ən azı 5 hərbçisini
itirdiyini bəyan edib.
Ötən 10 gün ərzində cəbhədə atəşkəs hər gün pozulub. Son olaraq
avqustun 9-da – məhz Soçi görüşlərinin başlandığı gün ermənilərin
atəşkəsi pozması nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Tovuz
rayonu ərazisində, qoşunların təmas xəttində, 1995-ci il təvəllüdlü,
Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim
oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Yekunda bir xüsusi məqamı vurğulayaq ki, danışıqların rəsmi
hissəsindən əvvəl onun qeyri-rəsmi fraqmenti də olub! Bu barədə kiçik
ipucunu V. Putin çıxışında deyib. 3-lü format masa arxasına oturub,
qəzet və televiziyalara poz vermədən öncə öz aralarında bu mövzuda
müzakirələr aparıblar. Bizə görə bütün detallar və (əgər varsa) gizli
gündəm həmin gün və həmin danışıqlarda yer alıb. Rusiya da problemin
həllinə dair planının startını orada başladıb. Danışıqların rəsmi
hissəsindən, prezidentlərin bəyanatlarından bəlli olur ki, onlar Rusiya
planından narazı deyillər və gedişatdan məmnundurlar. “Yeni Müsavat”a
bəzi ayrıntılar da məlumdur; lakin onun yazılması üçün daha ciddi
dəqiqləşdirmələrə ehtiyac var. Yalnız onu deyə bilərik ki, işğal
altındakı torpaqlarımızın bir qisminin qaytarılması ilə barışmaq
zərurəti yönündə Ermənistan cəmiyyətinə kompromis aşılamaq üçün müəyyən
fəaliyyətlər dərhal başlayacaq…

Short URL: http://www.cumhuriyyet.net/?p=10818

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31