Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi danışdı
Bu
gün günorta saatlarında “Qarabağ qaziləri” Birliyinin sədri Etimad
Əsədov bir qrup Qarabağ qazisi ilə birgə Elçin Həsənovu ziyarət ediblər.
Onlardan yalnız E. Əsədov palataya buraxılıb. Birliyin sədri Elçin
Salahovun yanında olarkən onlarla əlaqə saxladıq.
Durumu ilə
bağlı olaraq, çox danışa bilməsə də Elçin Salahov vəziyyətinin ağır
olduğunu bildirdi: “Burada bizə yardım edirlər, müalicəmizi aparırlar.
Dünən Prezident Administrasiyasından nümayəndə gəldi, görüşdük və
müalicəmizi öz üzərlərinə götürdülər. Söz veriblər ki, ev məsələsini də
bizim xeyrimizə həll edəcəklər.”
39 yaşlı Qarabağ qazisinin
sözlərinə görə, evdə onları 5 yaşlı qızları gözləyir. 33 yaşlı həyat
yoldaşı Jalə Salahovanın vəziyyəti isə daha ağırdır, hələ də
reanimasiyadadır.
Etimad Əsədov da təsdiqlədi ki, hazırda Elçin
bəyin vəziyyəti normaldır: “Ağır dərəcəli yanıq xəsarəti var. Beli,
ayaqları yanıb. Yoldaşının vəziyyəti yaxşı deyil, reanimasiyaya
yerləşdiriblər. Bu addımı atmalarına səbəb məhkəmənin çıxardığı qərar
olub. Azərbaycan məhkəməsi çox ədalətsiz qərar verib, onları öz pulu ilə
aldıqları evdən çıxarıb”.
Etimad Əsədov Qarabağ qazilərinə olan
laqeyd münasibətdən narazılığını bildirib: “Gərək bütün Qarabağ qaziləri
özünü yandırsın ki, onların probleminə kimsə baxsın? Cənab Prezident
hər görüşündə deyir ki, Qarabağ qazilərinə, əlillərinə, şəhid ailələrinə
qayğı göstərilməlidir, hər kəs onlara hörmətlə yanaşmalıdır. Bütün
bunları bilə-bilə məhkəmələrdə, dövlət qurumlarında Qarabağ
veteranlarına çox aşağılayıcı, ögey münasibət var. Bunun da nəticəsi
odur ki, Qarabağ qazisi ailəsi ilə birgə özünü yandırıb.”
Qeyd edək ki, Elçin Salahov 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10852