Əli Kərimlidən hakimiyyətə narkotika ittihamı

16.08.2014 - 01:34

“Narkobiznes cinayəti də mandat alveri, adam oğurluğu, korrupsiya, insan alveri cinayətləri kimi inhisardadır”

“Narkobiznes cinayəti də mandat alveri, adam oğurluğu, korrupsiya, insan alveri cinayətləri kimi inhisardadır”
AXCP sədri Əli Kərimli ötən ayın ortalarında təxminən 3 ton heroinin
Azərbaycandan keçirilib Gürcüstanda həbs edilməsi hadisəsinə yenidən
toxunub. AXCP sədrini bu məsələni xatırlatmağa vadar edən isə bu
günlərdə daha bir fəalın, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq
Ədilovun qardaşı Murad Ədilovun narkotiklə şərlənərək həbs edilməsidir.
Beləliklə, Əli Kərimli facebook səhifəsində yazır:

“Bəli, bu ölkədə narkotiki qramla, bəzən hətta kiloqramla satanlar,
tranzitini təşkil edənlər həbs olunur, tonlarla satanlar, tranzitini
təşkil edənlər isə yox. İrandan Azərbaycana keçirilmiş, Azərbaycanda
yenidən emal olunaraq qablaşdırılıb Gürcüstana keçirilmiş 3 tona yaxın
heroinin qonşu ölkədə tutulmasından bir aydan artıq vaxt ötür. Nəinki bu
nəhəng cinayətdə iştirak edən bir nəfər belə həbs edilməyib, heç xalqa
izahat da verilməyib.
Necə olub ki, bir dəfəyə 3 ton heroin ölkəyə
daxil olub, amma heç bir dövlət orqanı bunu “görə bilməyib”;
Azərbaycanda emal olunub (deməli, ölkəmizdə, müvafiq sex də fəaliyyət
göstərir), yenə heç bir dövlət orqanı “xəbər tutmayıb”; Yenidən
Gürcüstan sərhədindən keçirilib, yenə heç kim “görməyib”. Necə ola bilər
bu? Hanı bizim möhtəşəm sərhəd xidməti? İnhisarçının razılığı olmadan
ölkəmizə 3-5 kq. yağı, əti, bananı, xurmanı və s. belə buraxmayan “iti
gözlü” gömrük xidməti necə oldu ki, bu böyüklükdə yükü görmədi? Xaçmazın
kəndində Cəmil Həsənliyə dəstək vermiş gəncin “cibindəki” narkotiki
Bakıdan “görüb”, xüsusi əməliyyat qrupu ilə gedib həbs edən DİN-nin
nəhəng narkotiklərlə mübarizə ordusu hara baxır? Yəni doğrudanmı milli
“KQB”mizi müxalifətçiləri güdmək o qədər məşğul edib ki, bir həftə
ərzində ölkənin içində o tərəf-bu tərəfə hərəkət edən tonlarla
narkotikdən xəbər tutmayıb?
YAP-çıların və dostlarının “narkotik
alveri və tranziti Qərb dövlətlərində də baş verir” arqumenti qəbul
olunmur. Onu hamı bilir. Lakin onu da hamı bilir ki, həmin ölkələrdə
hökumət bu bəla ilə ciddi mübarizə aparır. Narkomafiyanın başçıları həbs
olunur, silahlı müqavimət göstərənlər hətta məhv edilir, tonlarla
narkotik müsadirə olunub məhv edilir, bu mübarizədə bacarıqsızlıq edən
vəzifəli şəxslər isə vəzifəsindən azad olunur. Əhalinin narkotikə
bulaşmaması üçün, artıq bu bəlaya düçar olmuşların isə dövlət hesabına
müalicəsi ilə bağlı nəhəng dövlət proqramları həyata keçirilir. Bizim
ölkəmizdə belə bir mübarizəni görən oldumu? Tam əksinə, BMT-nin
hesabatına görə təkcə ötən il 308 ton narkotik ölkəmizdən “sabitlik və
əmin-amanlıq” şəraitində keçib digər ölkələrə daşınıb. Aydındır ki, bu
cnayət də mandat alveri, adam oğurluğu, korrupsiya, insan alveri
cinayətləri kimi inhisardadır. Dövlət hakimiyyətinin himayəsində
olmasaydı, bu qədər iri miqyasda və cəzasız şəkildə narkotik satışı və
tranziti mümkün olmazdı.
“Cinayət törədib, pul qazanırlar, mənə nə?”
deyib keçməyin. Bir tərəfdən tam günahsız adamlar narkotiklə şərlənib
həbsə atılırsa (siyasi məhbusların 13 nəfəri bu ittihamla həbs edilib),
digər tərəfdən ölkə əhalisi arasında narkotikin daha da geniş yayılması
üçün əlverişli şərait yaradılır. Yenə də BMT hesabatlarına görə,
ölkəmizdə narkotik istifadəçilərinin sayı 500 min nəfərə yaxındır,
inyeksiya (iynə vurmaq) yolu ilə narkotik istifadəsinə görə ölkəmiz qısa
müddətdə dünya birincisi olub. Ölkəmizdə cəmi 2 milyondan bir az artıq
ailə olduğunu nəzərə alsaq, deməli, hər 4-5 ailənin birində artıq
narkotikə qurşanmış kimsə var. Bu isə millətin tədrici məhv edilməsidir.

“Nə edə bilərik ki?” deyib də keçməyək. Millət özü özünə sahib çıxmalıdır.

P.S. Bu yazını 2 həftə əvvəl yazmışdım. Sonra
ermənilərlə atəşkəs pozuldu, daha sonra da hökumətin demokratik
düşərgəyə qarşı savaşının növbəti mərhələsi başlandı və beləliklə, 3 ton
heroin söhbəti gündəmdən düşdü. Bu günlərdə Bakıdan gedən
əməliyyatçıların Sabirabadda AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq”
qəzeti və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Ədilovun
qardaşı Murad Ədilovu narkotiklə şərləyib həbs etmələri narkotik
söhbətini ölkə gündəminə yenidən qaytardı. Xeyli adam bu mövzunu az qala
unutmuşdu. Özünüzdən küsün”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10864

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31