Orqan mafiyası və uşaq alverçiləri yenidən iş başında!!!

16.08.2014 - 11:05

Sumqayıtda iki aylıq körpənin
oğurlanmasının müdhiş təfərrüatları…

Sumqayıtda iki aylıq körpənin
oğurlanmasının müdhiş təfərrüatları…
 

 

Aysel Əhmədovanın uşağını ANS-in
“Adam içində” verilişinin iştirakçısı olmuş qadın qaçırarkən
görüntüləndi; polis isə onu hələ də tapa bilməyib; Elgiz Əkbərdən izahat
alınıb: “Dəqiq bilirəm ki, uşağı satıb”

Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30
ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə
oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

 

Sumqayıt şəhər Polis İdarəsində
ananın izahatı alınıb. Uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə
edib.
Bildirilir ki, A.Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün
teleaparıcı Elgiz Əkbərin ANS telekanalında yayımlana “Adam içində”
verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya
gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı
olmadığından bu verilişə müraciət edib. 
Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.
A.Əhmədovanın qonşularından əldə edilən məlumata görə, baş verən
hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı
ilə bağlı istintaqa çağırılaraq dindirilib. 2 aylıq körpəni oğurlayan
qadının görüntüləri isə təhlükəsizlik kameralarına düşüb. Bu görüntüləri
APA.TV 15 avqustda əldə edərək, izahlı mətnlə yayınlayıb. Hazırda
uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
E.Əkbər publika.az-a bildirib ki, bu xəbərdən şoka düşüb: “Özümə
gələ bilmirəm. Əsəb sarsıntısı keçirirəm. O uşağı mənəvi uşağım sayıram.
Hesab edirəm ki, mənim uşağımı oğurlayıblar. Uşağı oğurlanan ata necə
olarsa, mən də o haldayam. O qadını istintaq artıq müəyyən edib, şəkli
də onlarda var. Əslində, o qadın əvvəldən bunu planlaşdırıbmış. Mən ona
üzümü tutub demək istəyirəm ki, ortaya çıx, cəzan yüngülləşər. Əks
halda, vəziyyətin pis olacaq. Mən dəqiq bilirəm ki, o, uşağı satıb. O
qadına demək istəyirəm ki, onsuz da, pulun batacaq, bəri başdan uşağı
geri gətir”.
Aparıcı deyib ki, hüquq-mühafizə orqanlarından ANS-ə gələrək ondan
izahat alıblar: “Mən özümdə olan bütün məlumatları onlara verdim. O
qadın, əslində, verilişimə gəlirdi, amma üzünü göstərmirdi. Deməli,
əvvəldən işini planlaşdırıbmış.
Özünü buna görə də cəmiyyətə təqdim etmək istəmirmiş. Gəlirdi telekanala, pilləkənin altında dayanırdı, üzünü göstərmirdi”.
E.Əkbər qeyd edib ki, kömək üçün onlara üz tutan A.Həmidovaya “Adam
içində” tərəfindən hər cür yardım göstərilib: “Biz nə lazımdırsa etdik.
Hamiləliyindən savayı daha 2 uşağı vardı. Uşaqlarının atası aliment
vermirdi, onu da həll etdik.
Körpəsini dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirdik. Hətta
xəstəxanada qaldığı müddətdə o biri uşaqlarına biz baxırdıq. İndi
eşidirik ki, uşaq oğurlanıb. Bizim verilişimizə minlərlə adam gəlir.
Yüzlərlə şikayətçiyə kömək etmişik. Bu insanların hər biri ilə
ayrı-ayrılıqda maraqlanmağa, onların həyatlarını izləmək bizim imkanımız
xaricindədir. Ümid edirik ki, körpə tezliklə tapılıb anasına
qaytarılacaq”.
Ana A.Əhmədova isə polisə ilkin ifadəsində deyib ki, uşağını
oğurlayan qadını qismən tanıyır. Onun sözlərinə görə, məhəllələrinə
gələn qadın onu televiziya verilişlərinin birində gördüyünü və maddi
cəhətdən imkansız olduğuna görə köməklik etmək istədiyini söyləyib.
A.Əhmədova qadınla bərabər yaxınlıqda yerləşən ərzaq dükanına
gediblər. Bazarlıq etdikdən sonra A.Əhmədova və naməlum qadın alınan
ərzaq məhsullarını evə qoymağa gediblər. Qonşusu isə APA TV-yə
açıqlamasında həmin qadını ilk dəfə gördüyünü deyib: “Ayseli soruşan
qadın “Pampers”ə qədər hər şey almışdı. Qalxdılar yuxarı, evdə bir xeyli
oturdular. Təxminən 4-5 saat. Sonra üç uşaqla bir yerdə evdən çıxdılar.
Üzü parka, dənizə tərəf getdilər”.
Daha sonra A.Əhmədova 4-cü mərtəbədə yaşayan qonşusu ilə əlaqə
saxlayıb, ona deyib ki, tez 102 xidmətinə zəng vursun: “Yanında olan
qadın iki aylıq uşağını və əl çantasını götürərək naməlum istiqamətə
gedib”. Qonşular deyib ki,     qadın özünü alicənab aparan, sözünü bilən
insan təsiri bağışlayıb.

Övladı oğurlanan qadının keçmiş həyat yoldaşı da ifadə vermək üçün idarəyə dəvət olunub. Araşdırma aparılır.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı musavat.com-a bildirib ki,
hələlik heç bir yenilik yoxdur, köhnə məlumatlardır, körpə tapılmayıb.
APA TV-nin yaydığı videogörüntüdə sarı saçlı, kök bədən quruluşlu
qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb. Sarı
saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli
telefonlara məlumat vermələri xahiş olunur.
Məlumat verən şəxsin anonimliyi təmin ediləcək. “Yeni Müsavat”
olaraq deyək ki, Sumqayıtda uşaq oğurlanması ilk belə fakt deyil.
Əvvəllər də bu şəhərdə uşaqların sirli şəkildə yoxa çıxması halları baş
verib. 2012-ci ildə də analoji hadisə olmuşdu.  O zaman oğurlanan 13
yaşlı Ramil Ağayev tapılmadı. Şəhər sakinlərinin dediyinə görə,
Sumqayıtda orqan mafiyası və uşaq alveri ilə məşğul olan şəbəkələrin
fəaliyyəti istisna deyil. Bu hadisədən sonra isə şəhərdə valideynlər
arasında xof əmələ gəlib.
Baş verən hadisə cəmiyyətdə şok effekti yaradıb.
Onu da qeyd edək ki, orqan mafiyasının Azərbaycandakı fəaliyyəti
ilə bağlı aylar öncə mətbuatda sensasion məlumatlar dərc olunub.  “Yeni
Müsavat” da bu barədə geniş materiallar dərc edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10869

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31