Qarabağda döyüşmək istəyənlərin müraciətləri açıqlandı

16.08.2014 - 13:02
Müdafiə Nazirliyi könüllü döyüşməyə hazır olanlarla bağlı məlumat yaydı

Müdafiə Nazirliyi könüllü döyüşməyə hazır olanlarla bağlı məlumat yaydı
“Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının
alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri
hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır”.
Bu barədə Müdafiə Nazirliyinin cəbhədə yaşanan gərginlik zamanı
cəmiyyətin reaksiyasını özündə əks etdirən xüsusi məlumatında qeyd
edilir.
“Bizim Yol”a daxil olan məlumatda
bildirilir ki, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri
şəhidlərimizin dəfn mərasimlərində də yaxından iştirak edib, Vətənimizin
ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin xatirələrinə öz
ehtiramlarını bildirirlər.
“Bir həqiqəti qeyd
etmək vacibdir ki, ordumuzun ön xətdəki uğurları vətəndaşlarımızda böyük
ruh yüksəkliyi yaradıb. Müdafiə Nazirliyinin ünvanına gələn
saysız-hesabsız məktublarda, müraciətlərdə vətənpərvərlik hissləri,
ordumuzun şəxsi heyətinə rəğbət və dəstək ifadə olunur. Azərbaycanın
müxtəlif bölgələrindən və ölkəmizin hüdudlarından kənarda yaşayan
azərbaycanlılardan, bir sıra xarici ölkələrdən, o cümlədən, Türkiyə
Respublikası vətəndaşlarından Müdafiə Nazirliyinə gələn məktub və
elektron müraciətlərin sayı gündən-günə artır. Onlar Azərbaycan əsgəri
ilə həmrəy olduqlarını bildirir və torpaqlarımızın azadlığı uğrunda
mübarizə əzmini ifadə edirlər. Müdafiə Nazirliyinə daxil olan
müraciətlərdən bəzilərini təqdim edirik”, – deyə nazirlik vurğulayır.
Daha sonra nazirlik ayrı-ayrı şəxslərdən daxil olan məlumatların xülasəsini təqdim edir.
Belə
ki, Yevlax rayon sakini Ruslan Fehruz oğlu Məmmədovun məktubundan
sətirlər: “Hörmətli nazir! Son vaxtlar ölkəmizin düşmənlə təmas xəttində
baş verən hadisələr, erməni hərbi birləşmələri tərəfindən mövqelərimizə
edilən aramsız hücumlar bir azərbaycanlı kimi məni də hiddətləndirib.
Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində belə
cəhdlərin qarşısının qətiyyətlə alınması məni ürəkdən sevindirir. Qürur
duyuram ki, son vaxtlar Sizin rəhbərliyiniz ilə ordu quruculuğunda
qazanılan uğurlar, orduda şəxsi heyətin döyüş ruhunun yüksəlməsi bizi də
ruhlandırır. İnanın ki, yevlaxlı gənclər də Vətənimizin müdafiəsinə və
torpaqlarımızın işğaldan azad edilməsinə daim hazırdırlar.”
Ehtiyatda
olan hərbi qulluqçu Abbas Məstəliyevin də müraciətində vətənpərvərlik
duyğuları ifadə olunub. O, yazır ki, bu gün ehtiyatda olsam da, müharibə
başlayacağı anda məni də könüllü döyüşçülər sırasına qəbul etməyinizi
xahiş edirəm.
Başqa bir məktubun müəllifi isə paytaxt
sakinlərindən biri – Emin Hafiz oğlu Tarverdiyevdir. O da müraciətində
qeyd edir ki, cənab nazir, minlərlə ölkə vətəndaşı kimi, mən də
torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazıram. “Silaha sarılıb
döyüşlərə başlamaq üçün Sizin əmrinizi gözləyirəm!”.
Məlumata
görə, neçə illərdən bəri Ermənistanın hərbi birləşmələrinin təxribat
hücumlarına mərdliklə sinə gərmiş Tovuz rayonunun sakinlərindən biri
Ramiz Aqil oğlu Abbasovun da müraciəti müdafiə naziri general-polkovnik
Zakir Həsənova ünvanlanıb.
“Salam cənab nazir!
Biz hər zaman döyüşə hazırıq və möhtərəm Prezidentimiz, Ali Baş Komandan
cənab İlham Əliyevin döyüş əmrini gözləyirik. Biz inanırıq ki, öz
dədə-baba torpaqlarımızı tez bir zamanda düşməndən azad edib zəfər
bayrağımızı öz torpaqlarımızda dalğalandıracağıq. Sizə müraciət etməkdə
məqsədim odur ki, istənilən vaxt Sizin rəhbərliyinizlə döyüşlərə
qalxmağa hazırıq. Tezliklə ermənilərə göstərməliyik ki, xalqımız nəyə
qadirdir. Azərbaycan igidlərinə qısa bir vaxt kifayət edər ki, doğma
torpaqlarımızı son qarışına kimi işğaldan azad etsin.”
Şəki
rayon sakini Mustafa-yev Dağlar Möylam oğlu da öz məktubunda bildirir
ki, son vaxtlar düşmənlə təmas xəttində baş verənlər bir Azərbaycan
gənci olaraq onu da narahat edir. O, bildirir ki, sol gözündəki fiziki
qüsurla əlaqədar hərbi xidmətdən möhlət hüququna malik olsa da, Vətən
torpaqlarının müdafiəsinə qalxmağa daim hazırdır.
Növbəti
müraciətin müəllifi isə Füzuli rayonunda dövlət işində çalışan Xudiyev
Hikmət Asif oğludur. “Horadiz şəhərində yaşayıram, ixtisasca tarixçiyəm.
Mən arzu edərdim ki, erməni faşistlərinə qarşı aparacağımız haqq-ədalət
müharibəsində bizim gücümüzdən də istifadə edəsiniz. Mən yüzlərlə
füzulili gənclə birlikdə düşmənə qarşı döyüşməyə hazıram. Mən özüm də
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşam, bir çox silahlardan
istifadə etməyi bacarıram. Cənab nazir, xahiş edirəm ki, könüllü
döyüşçülərin toplanmasına icazə verəsiniz. Qoy düşməni torpaqlarımızdan
birdəfəlik qovub çıxaraq, axı o torpaqlar bizimdir!” 
Başqa
bir məktub isə Balakən rayonundan nazirliyə daxil olub: “Salam. Mən,
Anqbazov Sahib Yusif oğlu, Balakən rayon sakini, ali təhsilli, həqiqi
hərbi xidməti yerinə yetirmiş bir vətəndaşam. Son günlər cəbhə
bölgəsində baş verən olaylardan çox narahatam. Bunu yazmaqda məqsədim,
könüllü olaraq cəbhə bölgəsinə döyüşə getmək üçün qeydiyyata adımı daxil
etməyinizi xahiş etməkdir. Vətən, sənə canım fəda…”15
ildən artıq Azərbaycanda ailə həyatı qurub yaşayan Türkiyə vətəndaşı
Erhan Erdok da nazirimizə ünvanladığı müraciətdə Azərbaycan
torpaqlarının müdafiəsi üçün savaşa hər an hazır olduğunu bildirir.
Qardaş
Türkiyədən Yıldırım Necdət Əhməd soyadlı vətəndaş ürək yanğısı ilə
Azərbaycandakı son olaylara münasibətini bildirir və könüllü olaraq
döyüşçülərimizlə çiyin-çiyinə savaşa atılmağa hazır olduğunu arzulayır.
Arslan
Volkan Tevfik adlı Türkiyə vətəndaşı Müdafiə nazirinə yazdığı
müraciətində ürək yanğısı ilə bildirir ki, 12 ildir Azərbaycanda
yaşayıram, həyatımın xeyli hissəsi burada keçib. “Məhz burada ailə
həyatı qurmuşam, övladlarımı böyütmüşəm. Müharibəyə səfərbərlik olarsa,
məni də nəzərə almağınızı xahiş edirəm. Bu Vətən üçün, Azərbaycan üçün
canımı fəda etməyə hazıram.”
Ümran Həsrət Nuri
deyir: “Möhtac olduğun qüdrət damarlarımda axan qanda mövcud isə,
qardaşıma fəda olsun. İki Dövlət Tək Millət!”.
Ehtiyatda
olan türk hərbçiləri Arıbaş Hasan və Kılıç Kadir də nazirliyin ünvanına
göndərdikləri müraciətlərində ən səmimi duyğularını ifadə edərək
Vətənimizin dar günündə bizə yaxından dəstək olacaqlarını bildiriblər.
Arıbaş
Hasanın müraciətindən bir hissəni olduğu kimi təqdim edirik: “Sevgili
komutanım Zakir Hasanov. Kalbim hep diğer Vatanım Azerbaycan için
atmaktadır. İhtiyaç durumunda Azerbaycan Türk ordusuna bir türk oğlu
olarak gönüllü katılmak istiyorum. Vatan toprağını savunmak benim şahsım
için mukaddestir. Bilgilerinize arz ederim.”
17
yaşlı Elvin Daşdəmirovun müraciətində isə deyilir: “Hazırda Rusiyada
yaşayıram. Sizə müraciət etməkdə məqsədim odur ki, səfərbərlik olsa,
Vətən uğrunda müharibə olsa məni də çağırmağınızı xahiş edirəm, hətta
yalvarıram. Valideynlərim buna icazə verməsələr belə mən könüllü olaraq
getmək istəyirəm. Xahiş edirəm, yalvarıram məni də aparın!”
Məlumata görə, eyni məzmunlu müraciətlər Müdafiə Nazirliyinə daxil olmaqda davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31