Baş bankir "rüşvət məhkəməsi"ndə necə dindirilə bilər?
Müzəffər Baxış: “Elman Rüstəmovun Azərbaycanda dindirilməsi Vyanadan məhkəmə tapşırığı göndərilə bilər”

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov adı Vyanadan keçirlən rüşvət
məhkəməsindən yayınmaq üçün cəhdlərini davam etdirir. Söhbət Avstriya
Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH”
(OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul
əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin
dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət
işindən gedir.
Cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi
banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük
məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan
və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib
Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon
avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün
ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub.
Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul
əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı
Volfqanq Duçazek də var.
Vyana məhkəməsi Elman Rüstəmovun da dindirilməsində israr edir. Hətta
məhkəmə baş bankirin videokonfrans vasitəsilə ifadə verməsinə də
razılaşıb. Avqustun 5-də keçirilən prosesdə Elman Rüstəmov videokonfrans
vasitəsilə ifadə verməli idi. Lakin bu baş tutmadı. Bundan sonra
Avstriya Xarici Işlər Naziri Azərbaycanın Xarici Işlər Nazirliyinə
müraciət edib. Görünən budur ki, Vyana məhkəməsi istənilən halda Elman
Rüstəmovun dindirilməsinə çalışır.
Bəs baş bankir ifadə verməkdən yayınmağa davam etsə də, Vyana məhkəməsi hansı qərarlar qəbul edə bilər?
Hüquqşünas Müzəffər Baxış məsələni “Azadlıq”a şərh
edərkən bildirib ki, Vyana məhkəməsi Elman Rüstəmovun məcburi
gətirilməsi qərar çıxara bilər: “Lakin bu qərarın icrası mümkün
olmayacaq. Elman Rüstəmov Azərbaycan vətəndaşıdır vəAzərbaycan onu
Avstriyaya verməyəcək. Digər tərəfdən Elman Rüstəmov sıravi vətəndaş
deyil. Ona görə də onun məhkəməyə məcburi gətirilməsi haqqında çıxarılan
qərar kağız üzərində qalacaq”.
Lakin hüquqşünas deyir ki, Elman Rüstəmovun Azərbaycanda dindirilməsi
üçün ölkə məhkəmələrinə məhkəmə tapşırığı da verilə bilər: “Belə
prosedur var. Əgər orada ağır cinayət araşdırılırsa, o zaman Ağır
Cinayətlərə Dair Məhkəməyə məhkəmə tapşırığı göndərilir və buradakı adam
dindirilir. Lakin bunun da təmin olunacağı inandırıcı görünmür”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10877