Cib müxalifətinin siyasi məhbus gündəmi
“Bir neçə gün bundan əvvəl mətbuatda belə bir xəbər oxudum. Başlıq
belə idi: “Siyasi həbslər avqustun axırınadək davam edəcək”. Sivil
dünyada oxşar başlıqla xəbərlər başqa mövzuda olur, məsələn, hava
haqqında, hansısa alış-veriş mərkəzində endirimlər haqqında və s.
Qəribədir ki, eyni sərlövhəni bir neçə yerdə gördüm. Yazıların
məzmunu da həbsxana divarları kimi soyuq və laqeyd idi. Halbuki söhbət
insan taleyindən , onun səbəbsiz yerə həbsdə çürüməsindən gedir. Bəli,
əziz oxucu, Azərbaycanda fərqli düşünənlər cinayətkarlardan da
təhlükəlidir. Ikinciləri heç olmasa cinayəti törətdikdən sonra
tuturlar…
Razılaşın ki, bu başlıq qədər Azərbaycandakı siyasi vəziyyəti əks
etdirən ikinci bir tablonu canlandırmaq mümkün deyil. Yəni Intiqam
Əliyev kimi hüquqşünas, Leyla Yunus kimi hüquq müdafiəçisi həbs
olunursa, niyə də başqaları azadlıqda qalsın? Odur ki, həbslər davam
edir. Bəli, əziz oxucu, bəlli kəsimin hakimiyyətlə işbirliyindən imtina
edən bütün nümayəndələrinə qarşı hücum davam edir.
Həmişə olduğu kimi budəfəki aqressiya müxalifətdən də yan keçmədi.
Rejim hüquq müdafiəçiləri ilə yanaşı, təbii ki, AXCP də “nəsibini” aldı.
Yəni ənənə pozulmadı. Partiyanın mətbuat xidmətinin rəhbəri, “Azadlıq”
qəzetinin yazarı Natiq Ədilovun qardaşı Murad Ədilovu da ənənəvi metodla
həbs etdilər. Onun evindən 3 qram narkotik “tapıldı”. Hərdən mənə elə
gəlir ki, bizim hüquq mühafizə işçilərinə tapança, paqonla yanaşı…
narkotik maddə də verirlər. Oxşar motivdə saysız-hesabsız həbslər bu
anormal məntiqə haqq qazandırır. Hətta mən deyərdim ki, narkotik maddə
tapılması ilə müşayiət olunan siyasi həbslər, oxşar ssenarili mülki
həbslərlə müqayisədə ağlasığmaz dərəcədə azdır. Ölkə vətəndaşlarının bir
kəsimi bu maddə (sözün hər iki mənasında – X.Ə.) ucbatından
var-yoxlarını itiriblər. Nə isə, keçək mətləbə, yəni cib müxalifətinə…
Hər dəfə rejimin repressiyasının ardından cib müxalifətinin də
hərəkətə keçməsinə bir növ adət etmişik. Oxucu haqlı olaraq iradını
bildirə bilər ki, onsuz da buna öyrəşmişik, bunun harası mətləb oldu?
Şəxsən mən də o fikirdəydim, amma ilk dəfə olaraq, cib müxalifəti bir az
fərqli mövqe sərgilədi. Milli Şura və AXCP-ni, eləcə də onların
liderlərinə böhtan atmaqla yanaşı, ilk dəfə olaraq, həbsdəkiləri
“müdafiə” etdilər…
Səhifələrində bu günə qədər buraxın, Intiqam Əliyevə, Leyla Yunusa və
digər həbs edilənlərə yer ayırmağı, siyasi məhbus termini belə
işlətməyən qəzet, onları müdafiə edən cib müxalifətinin ruporuna
çevrilib. Mən bu günlərdə iki belə “müdafiə” ilə tanış oldum. Konkret
desək, “Yeni Müsavat” qəzetində Iqbal Ağazadə və Sərdar Cəlaloğlunun son
həbslər haqqında mövqeyini oxudum. “Müdafiə”ni danmaq fikrində deyiləm,
hər ikisi həbsləri qınayırdı. Amma anlamadığım (əslində anlaşılan –
X.Ə.) bir şey… AXCP və Milli Şuranı siyasi məhbusları… müdafiə
etməməkdə ittiham idi. Işin ən maraqlı tərəfi onda idi ki, hər iki
“müdafiə”də nə siyasi, nə də ki, vicdan məhbusu ifadəsi var idi.
Özlərini müxalifət adlandıran siyasilər və “müstəqil” qəzet, qırmızı
xətti keçməməklə həbs olunanlara ən yaxın siyasi təşkilatlar və onların
liderlərini “nədəsə” ittiham etməyə çalışırdılar. Inanın ki, mən o
ittihamın nədən ibarət olduğunu ayırd edə bilmədim. Sərdar Cəlaloğlunu
siyasi məhbusların taleyindən çox onların müdafiəsinə ayrılacaq məchul
vəsaitin(!) taleyi haqda narahatçılığını bildirirdi. Iqbal Ağazadə isə,
yenə də Milli Şuradan şikayətlənirdi, deyirdi ki, bizim demokrat
olmağımıza imkan vermirlər…
Bu cameənin, yəni psevdomüxalifətin bu həbslərdə marağı heç şəksiz,
iqtidardan nələrsə qoparmaqdır. Hər iki yanaşmada bəlli ritorika
açıq-aydın hiss olunur, həbslər haqda “narahatçılıq”dan çox, hakimiyyətə
mesaj özünü büruzə verir. Iki sitatla yazımı yekunlaşdırıam.
Iqbal Ağazadə: “Hər kəs bilir ki, bu gün Azərbaycana Avropa
dəyərlərini, Avropada hakim olan demokratik dəyərləri birbaşa əxz
etdirmək də mümkün deyil” (fikir Ramiz Mehdiyevə aiddir – X.Ə.).
Sərdar Cəlaloğlu: “Çünki bu adamlar (Intiqam Əliyev, Leyla Yunus və
digər həbs olunanlar – X.Ə.) bizim qohum-qardaşımız deyil, bəziləri ilə
heç üz-üzə də gəlməmişəm”.
Gerisini siz düşünün… Zəhmət olmasa…
Short URL: http://www.cumhuriyyet.net/?p=10878