İntiqam Əliyevlə bağlı daha bir bəyanat
Bu il fevralın 14-də təsis edilən “125-lər klubu” Hüquq Maarifçiliyi
Cəmiyyətinin rəhbəri Intiqam Əliyevin həbsiylə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bildiyiniz kimi, avqustun 8-də Hüquq Maarifçiliyi Cəmiyyətinin
rəhbəri Intiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs
edilib. Həmin gün onun evi və ofisində axtarış aparılıb.
Hazırda o, 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır. Bir sıra
beynəlxalq və yerli qurumlar, ictimai-siyasi fəaliyyətlə məşğul olan
şəxslər, həmçinin Intiqam Əliyevin özü, həbsin və ittihamların arxasında
hüquqi motivlərin yox, siyasi motivlərin dayandığını, bu həbsin siyasi
sifariş əsasında həyata keçirildiyini hesab edirlər. Intiqam Əliyevin
hüquq müdafiəçiliyi ilə uzun müddətdir məşğul olduğunu, Azərbaycanda
insan haqlarının pozuntusu ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinə
çoxsaylı şikayətlər göndərdiyini nəzərə alsaq, həbsin motivləri
səbəblərindən daha qabarıq şəkildə önə çıxmaqdadır.
Uzun müddətdir ölkədə hüquqi dövlətin yaradılmasına, qanunun
aliliyinin təmin edilməsinə xidmət edən, cəmiyyətdə böyük nüfuza sahib
olan bir şəxsin həbsi, bu həbs ətrafında cəmiyyətdə çoxsaylı sualların
yaranması bizi də son dərəcə narahat etdiyindən 125-lər siyasi klubu
olaraq, toplantı keçirib durumu təhlil etdik. Hadisəyə münasibətimizi
mövcud rəylər əsasında deyil, faktlar, dəlillər əsasında formalaşdırmağa
çalışdıq.
Intiqam Əliyevin müdafiəsi ilə məşğul olan vəkil ittihamın detalları
ilə iştirakçıları ətraflı tanış etdi. Mətbuatdan və daha öncəki
bəyanatlardan da bildiyimiz kimi, Intiqam Əliyev, 2010-cu il parlament
seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərib,
hazırda həmin şikayətlər üzrə hökumətlə kommunikasiya gedir. Intiqam
Əliyevin cəmiyyətdən təcrid olunması həmçinin onun hüquqi xidmət
göstərdiyi onlarla şikayət işlərinin taleyinin sual altına qoyulmasıdır,
onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını
davam etdirməsinə maneçilik törədilməsidir.
Təəssüflə qeyd edirik ki, son bir neçə ay ərzində xeyli sayda hüquq
müdafiəçisi analoji ittihamlarla tutulub, müstəqil QHT-lərin və onların
rəhbərlərinin, o sıradan Hüquq Maarifçiliyi Cəmiyyətinin və Intiqam
Əliyevin bank hesablarına həbslər qoyulub, qrant layihələrinin
qeydiyyatına maneələr yaradılıb. Bütün bunlar ictimai fəaliyyətlə məşğul
olan insanlara qarşı hansısa bir kampaniyanın aparılması təsəvvürü
yaratmaqdadır. Intiqam Əliyevin cinayət işinin detalları mətbuatda
açıqlanıb və ittiham edilən şəxsə qarşı baş vermiş qanunsuzluqlar bu
işin həqiqətən də sifarişli həbs olduğundan xəbər verir.
Biz, insan haqları və demokratik dəyərləri hüquqi dövlət
quruculuğunun təməl sütunları hesab edirik. Bu sütunları zəiflədən
neqativ halları qətiyyətlə pisləyərək, Intiqam Əliyevin dərhal azad
edilməsini arzulayırıq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10908