Binəqədidə Xaləddin İsgəndərov despotizmi

18.08.2014 - 16:20

İcra başçısı rayonu dövlət qanunları ilə yox, yaxın
qohumu Fazil Məmmədovun qanunları ilə idarə edir

İcra başçısı rayonu dövlət qanunları ilə yox, yaxın
qohumu Fazil Məmmədovun qanunları ilə idarə edir

Paytaxtın
ən böyük rayonlarından olan Binəqədi rayonu ölkənin bəlkə də ən çox
problemlər müşahidə olunan ərazisidir. Gen-bol “təmiz Binəqədi”
reklamlarına hər yerdə rast gəlinsə də, əslində bu təmizlik quru sözdən o
yana keçmir. Binəqədi məmur özbaşınalıqlarının pik həddə çatdığı,
vətəndaşların qanunsuzluqlara, haqsızlıqlara məruz qaldığı bir rayon
“imicini formalaşdırıb”. 2012-ci ildən rayona rəhbərlik edən Xaləddin
İsgəndərov Binəqədidə “xüsusi idarəetmə institutu” formalaşdırıb. İcra
başçısı ətrafına topladığı yaxın çevrəsi vasitəsilə qanunsuzluqlara
rəvac verərək rayonu sosial-iqtisadi problemlər girdabında boğur. Özünü
daha çox “qurucu başçı” kimi təqdim etməyə çalışan X. İsgəndərovun
abadlıq “siyasəti” rayon sakinlərinə heç də “ucuza” başa gəlmir.

Xaləddin İsgəndərovun Binəqədidə “abadlıq modeli”

Binəqədinin
özünəməxsus “abadlıq modeli” mövcuddur. İcra hakimiyyətinə vergi
sistemindən transfer olunan Xaləddin İsgəndərov rayonda “xüsusi vergi
sistemi” formalaşdırıb. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu
olan, onun xeyir-duası ilə təyinat alan Xaləddin İsgəndərov və onun
komandası tərəfindən Binəqədi əməlli-başlı özəlləşdirilərək yaxşı gəlir
verən bir “toçkaya” çevrilib. Əvvəllər vergi sistemində çalışdığı üçün
(İB təyinatına qədər Bakı şəhəri Vergilər Departamentinin rəis müavini
olmuşdur) X.İsgəndərov rayonda özünəməxsus “vergi şəbəkəsi”
formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda
şəxsi qanunlarını tətbiq etməyi bacarıb. Rayonda abadlıq-quruculuq
işlərinin aparılması üçün büdcədən külli miqdarda vəsaitin ayrılmasına
baxmayaraq, görülmüş kosmetik xarakterli işlər yerli sahibkarlardan,
idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış vəsait hesabına
aparılır. Rayon ərazisində fəaliyyət göstərən sahibkarların fəaliyyəti
dözülməz dərəcədə pisləşib. Vaxtaşırı müxtəlif adlarla onlardan toplanan
qanunsuz vəsaitlər iş adamlarının fəaliyyətini iflic edib. Əsasən təmir
işlərinin görülməsi adı ilə sahibkarlar “aylığa” oturdulublar. Əslində
isə rayon ərazisində ciddi bir iş görülmür, yalnız daha çox maxinasiya
aparmaq mümkün olan başdansovdu kosmetik işlər aparılır. X.İsgəndərov
yolların kənarlarında süni torpaq təpəciklər ucaltmaqla əslində
problemlər girdabında boğulan Binəqədi ərazisini sanki “gizlətmək”
istəyir. Binəqədinin yaşayış massivlərini “yaşıl təpəciklərin” arxasında
“gizlədən” icra başçısı rayonda baş alıb gedən qanunsuzluqlardan,
sakinləri cana doyduran problemlərdən sanki xəbərsizdir. Əslində isə bu
təpəciklərin arxasında illərlə toplanan problemlər dağ kimi ucalır.
Rayonun kənd və qəsəbələrində ən adi məişət problemləri vətəndaşların
həyatını cəhənnəmə döndərir. Yayda toz-torpaqdan, qışda palçıqdan
keçilməz olan küçələr, evlərə dolan kanalizasiya suları, ifunət,
antisanitariya Binəqədinin dəyişməz simvoludur. Lakin, nədənsə Xaləddin
İsgəndərovun “quruculuq işlərinin” heç izi-tozu da bu ərazilərdə hiss
olunmur.

Tikinti və söküntü “biznesi”

Lakin
hamıya məlumdur ki, gözdən-könüldən iraq düşmüş, unudulmuş bu
qəsəbələrdə heç kimin illərlə yaşadığı həyət-bacasında daşı daş üstünə
qoymağa ixtiyarı yoxdur. Dərhal X.İsgəndərovun qolu zorlu adamları
dəstəylə həmin binəvanın başının üstünü kəsdirib hədə-qorxuyla, zorla
pul tələb etməyə başlayırlar. Sakinlərin dərdini demək üçün
axtardıqlarında tapılmaz olan yerli bələdiyyə, icra,polis əməkdaşları
tikinti aparılacaq ərazini mühasirəyə alır, tələb olunan vəsaiti
almayana qədər tikintiyə imkan vermirlər. Binəqədi rayon ərazisində,
qəsəbələrdə yerindən asılı olaraq tikinti tikmək üçün 5 min manatdan 10
min manata qədər, bəzən isə daha artıq vəsait tələb olunur. Tikilən evin
bir və ya iki mərtəbəli olmasının da qiymətə böyük təsiri vardır. Bu
gün Binəqədi rayonunda ən gəlirli sahələrdən biri məhz bu “tikinti
sektorudur”. Bu yolla hər il milyonlarla vəsaitin mənimsənilməsinə
baxmayaraq qəsəbələrdə ən adi məişət problemlərinin həlli istiqamətində
heç bir addım atılmır. Görəsən, toyuq hini tikmək istəyən vətəndaşdan
bir göz qırpımında xəbər tutan vəzifə sahibləri qəsəbələrin dəhşətli
vəziyyətini görmürlərmi? Heç olmazsa əhalidən qanunsuz olaraq zorla
toplanan vəsaitin cüzi bir hissəsi qəsəbələrin sosial-iqtisadi
inkişafına sərf olunsaydı, indi buralar əməlli-başlı göz oxşayardı.
Lakin tikinti qiymətləri gündən-günə artsa da, qəsəbələrin acınacaqlı
vəziyyəti dəyişmir ki,dəyişmir.Özü də sabiq icra başçısının vaxtında bu
qiymətlər dəfələrlə ucuz olsa da X.İsgəndərovun “qayğısı” nəticəsində
indi kasıb təbəqə üçün əlçatmaz həddə çatmışdır. X.İsgəndərovun “Vergi
sistemi” təkcə tikinti sahəsində yox, həm də söküntü sahəsində də
vətəndaşların başı üzərindən demokl qılıncı kimi asılmışdır. Məlumatlara
görə, icra hakimiyyəti tərəfindən himayə olunan xüsusi qrup insanlar
vətəndaşlara hədə-qorxu gələrək evlərinin qanunsuz tikildiyini iddia
edərək söküləcəyi ilə hədələyir, əvəzində isə bir mərtəbəli evlər üçün 5
min manat, iki mərtəbəli evlər üçünsə 10 min manat vəsait tələb
edirlər. Tələb olunan pulu verməyən sakinlər isə incidilərək təhqir
olunur, evləri başlarına uçurulur. Bu məsələ bir müddət öncə böyük
səs-küyə səbəb olduğu üçün İcra başçısı özünü qorumaq üçün
müavinlərindən birini qurban verərək zərbədən yan keçmişdi. Rayonun
bütün qəsəbə və kəndlərində vəziyyət demək olar ki, eynidir. Hər yerdə
eyni qanunsuzluqlar, sosial-iqtisadi problemlər hökm sürür.
Fəaliyyətində yalnız daha çox sərvət sahibi olmağı əsas prinsip hesab
edən məmurların əməlləri nəticəsində bu gün Binəqədi problemlərin
məngənəsində çırpınır. Su, işıq, qaz, gündəlik məişət problemləri
əhalini çətin duruma salmışdır.

İcra başçısının “gizli kassaları” – Ədalətin ədalətsizlikləri

Lakin,
bütün bunları görməzdən gələn icra hakimiyyəti daha çox qazanmaq üçün
fəaliiyət göstərir. İcra başçısının yerli nümayəndələri bir növ “gizli
kassa”, pulyığan rolunu oynayırlar. Qeyd etdiyimiz kimi, Binəqədidə
tikinti və söküntü biznesi eyni dinamik inkişafdadır. İcra nümayəndələri
tikinti tikmək istəyən vətəndaşların “dərisini soyurlar”. Binəqədi
rayon İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə şöbə müdiri Ədalət daha
çox rayonda pul toplanması işləri ilə məşğul olur. “Təsərrüfat
işlərini” başlı-başına buraxan Ədalət müəllimi rayonda məhşurlaşdıran
daha çox onun ədalətsizlikləridir. İcra başçısının “təmiz imicini”
qorumaq üçün bütün pul toplama əməliyyatları bilavasitə onun rəhbərliyi
altında formalaşdırdığı “komandasının” tərəfindən həyata keçirilir. Bu
komandaya isə Nicat, Orxan və başqa şəxslər daxildir. Onların tələb
etdikləri “dinməver” pulunu isə verməməyə kimsənin cəsarəti çatmaz.
Ümumiyyətlə, Xaləddin İsgəndərovun belə “kadrları” hər zaman olub və
lazım olan məqamda başçı onları qurban verməklə özünü xilas edə bilir.
Hər halda indiyə qədər belə faktlar kifayət qədər olub.

Plana düşən evlərin “bəxti necə açılır”?

Bu
günlərdə isə X. İsgəndərovun daha bir “əməliyyatı” haqqında məlumat
almışıq. Bildirilir ki, Binəqədinin icra başçısı plana düşən sənədsiz
evləri sənədləşdirir. Binəqədi rayon İcra Hakimiyyətindən daxil olan
məlumata görə, rayon icra başçısı Xaləddin İsgəndərov avtovağzalın
ətrafının plana düşməsinə görə ərazidəki bəzi evlərin sökülməsi üçün
göstəriş verib. Bildirilir ki, yeni avtovağzalın arxa hissəsində dairəvi
yol çəkiləcək və buna görə də ərazinin bir hissəsi plana düşür. Həmin
ərazidə isə yüzlərlə ev və obyektlər var. Həmin evlərin və obyektlərin
heç birisinin hər hansı bir sənədi yoxdur. Məhz buna görə də ərazinin
plana düşməsini göydəndüşmə fürsət kimi dəyərləndirən Binəqədi icra
başçısı Xaləddin İsgəndərov evlərə sənəd vermək niyyətinə düşüb. Artıq
ərazidə evi olan şəxslərə sifariş edilib ki, sentyabr ayında evlərə və
obyektlərə sənəd veriləcək. Bununla da Xaləddin İsgəndərov bir güllə ilə
iki dovşan vurmağı planlaşdırır. Belə ki, Xaləddin İsgəndərov artıq
evlərə sənəd verilməsinə üçün evlərin sahəsinə görə 7 min manatla 15 min
manat arasında qiymət tətbiq edib. Artıq sakinlərə bu barədə məlumat
verilib və onlardan pul yığımına start verilib. Ərazidəki sənədsiz
obyektlərə isə icra başçısının daha yüksək qiymət qoyduğu bildirilir.
Bundan başqa ərazi sökülən zaman vətəndaşlarla bazarlığı məhz icra
hakimiyyəti həyata keçirəcək. Məhz bu bazarlıqda da Xaləddin İsgəndərov
milyonlarla manat gəlir gözləyir.
Xaləddin
İsgəndərov hakimiyyət daxilindəki dayaqlarından istifadə edərək vəzifə
kürsüsünü bir qədər də böyütmək fikrindədir. Onun Bakı şəhər İcra
Hakimiyyətinin başçısı postuna iddia etməsi haqqında mətbuatda kifayət
qədər məlumat verilib. Bu məqsədlə xüsusi çaba sərf edən X. İsgəndərov
hələ də “Bakı planını” reallaşdırmaq üçün çalışır. Bunun isə ağrısını
daha çox Binəqədi sakinləri çəkirlər. Zaman-zaman bu məqsədlə rayonda
“xüsusi kompaniyalar” da təşkil edildiyi məlumdur.
Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik…

Short URL: http://www.cumhuriyyet.net/?p=10922

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31