Gömrük məntəqələrində talanan milyonlar

18.08.2014 - 16:30

Dövlətin və vətəndaşın “cibinə” necə girirlər?

Dövlətin və vətəndaşın “cibinə” necə girirlər?

Azərbaycanda
iqtisadiyyatın demək olar ki, bütün sahələrində güclü inhisarçılığın
hökm sürdüyü heç kimə sirr deyil. İri ranqlı məmurlar nəzarət etdikləri
sahələrdə xüsusi monopoliya yaradaraq tam nəzarəti ələ keçiriblər.
İnhisarçının nəzarətində olan şirkətlərdən başqa kimsənin bazara çıxış
imkanları yoxdur. Məhz ciddi monopoliyanın nəticəsidir ki, bazar
iqtisadiyyatının təməl prinsipi olan azad rəqabət mühiti boğulur,
qiymətlər inhisarçılar tərəfindən istənilən şəkildə diktə olunur.
Təsadüfi deyil ki, Azərbaycan qiymətlərin bahalığına görə nəinki
regionda, bütün dünyada ən ön sıralarda qərarlaşıb. Ərzaq məhsullarının
qiymətləri qonşu ölkələrə nisbətən dəfələrlə bahadır. Nəinki ölkəyə
xaricdən gətirilən məhsullar üzərində, həmçinin daxili istehsal üzərində
də ciddi nəzarət mövcuddur. Nəticədə kəndli çox zaman istehsal etdiyi
məhsulu bazara çıxara bilmir, ya da məcburən maya dəyərindən çox ucuz
qiymətə satmağa məcbur olur.
Bu
gün gömrük məntəqələrində hökm sürən vəziyyət hamıya bəllidir. Xaricdən
Azərbaycana vətəndaşların mal gətirməsi faktiki olaraq mümkünsüz hala
gətirilib. Qonşu ölkələrə səfər edən həmvətənlərimiz ucuz qiymətə olan
məhsullardan alaraq özləri ilə gətirmək istəyəndə buna imkan verilmir.
Lakin, araşdırmalar nəticəsində məlum olub ki, məmur oliqarxlar üçün
gömrükdə həmişə yaşıl işıq yandırılır. Bu zaman isə aparılan
əməliyyatlar nəticəsində dövlət büdcəsi milyonlarla manat vəsait itirir.
Sadə vətəndaşlar isə bahalıqdan şikayət etməkdən və qazandıqları cüzi
məbləği də xərcləməkdən başqa yol tapmırlar. Təsadüfi deyil ki, dünyada
ərzağa ən çox pul xərcləyən ölkələr arasında Azərbaycan öndə gedir. Od
qiymətinə aldığımız məhsullar isə gömrükdə su qiymətinə sənədləşdirilir.
Gəlin faktlara nəzər salaq. Hamı xatırlayır ki, ötən il ərzində ölkə
bazarlarında kartofun qiymətləri 1 manat-1, 5 manat arasında dəyişirdi.
Lakin, Dövlət Statistika Komitəsinin hazırladığı “Azərbaycanın xarici
ticarəti-2013” məcbuəsində göstərilən rəqəmlərə əsasən ötən il idxal
olunan 1 kiloqram kartof 4-15 sentə, yəni cəmisi 3-12 qəpiyə
sənədləşdirilib. Yəni göründüyü kimi, vətəndaşlarımız cəmisi 10 qəpiyə
sənədləşdirilən kartofu 1 manatdan ucuz almayıblar. DSK-nın hesabatına
əsasən, 2013-cü ildə İrandan Azərbaycana 32 625,9 min ton kartof
gətirilib. Məhsul gömrükdə 4 milyon 585 min dollar və ya 1 kiloqramı
0,14 dollara, 15,8 min ton Rusiya kartofunun 1 kiloqramı isə 0,04
dollara bəyan edilib.
Lakin,
Azərbaycan gömrüyündə sənədləşdirilən bu “ürəkaçan” qiymətləri
ekspertlər heç də təbii saymırlar. Hədsiz ucuz qiymətlərə nəzər saldıqda
görmək olar ki, burada reallıqdan əsər əlamət yoxdur. Sənədləşdirilən
məhsulların topdansatış qiymətləri idxal olunan ölkələrdə
sənədləşdiriləndən bahadır. Ancaq, “möcüzə” nəticəsində həmin qiymətlər
Azərbaycan gömrüyündə qəflətən ucuzlaşır.
Digər
rəqəmlərə nəzər salsaq, yenə də eyni mənzərə ilə üzləşərik. Statistik
rəqəmlərə əsasən ötən il 18 min ton düyünün kiloqramı gömrükdə 36,8
sentə bəyan edilib. Pərakəndə satışda 1 kiloqram düyü 1-3 manatdır. Düyü
daha çox Hindistandan idxal edilir – 8 173,9 ton. Gömrük 1 kiloqram
düyünü 35,1 sentdən sənədləşdirib. Pakistan düyüsü (ötən il 743 ton)
gömrükdə kiloqramı 0,62 dollara sənədləşib. Pərakəndə satışda Pakistan
düyüsü 4 dəfə bahadır.
Azərbaycana
idxal olunan ət məhsulları sahəsində də vəziyyət heç də fərqli deyil.
Məlumatlara əsasən, təkcə keçən il Azərbaycana Gürcüstandan 109 min 435
baş diri iribuynuzlu mal-qara idxal olunub. Bu iribuynuzlu heyvanın hər
biri orta hesabla 29 dollar 91 sent dəyərində sənədləşdirilib. Təsəvvür
edin ki, 100 kiloqramdan da artıq çəkisi olan iribuynuzlu heyvanlar
gömrük məntəqələrində birdən-birə 100 kiloqramdan 3 kiloqrama qədər
“arıqlayır”.
Digər
kənd təsərrüfatı məhsullarının qiymətlərinə nəzər salsaq heyrətlənməmək
mümkün deyil. Məsələn, Yeni Zellandiyadan idxal olunan kərə yağının hər
kiloqramını 2 dollar 62 sentə, Rusiyadan və Vyetnamdan idxal olunan
balığın kilosu 50 sentə (bizim manatla 40 qəpiyə), Hindistandan gələn
düyünü 35 sentə, (təxminən 28 qəpiyə), Danimarkadan gətirilən pendir isə
69 sentə (təxminən 55-56 qəpiyə) sənədləşdirilib”. İqtisadiyyatdan
xəbərsiz olan hər kəs bilir ki, bazarlarda bu məhsulların qiymətləri
göstərilənlərdən dəfələrlə bahadır. Azərbaycan gömrüyündə olan
qiymətlərlə bazarlarda olan qiymətləri heç vəchlə müqayisə etmək olmaz.
Deməli, inhisarçı qüvvələr həm dövlətin, həm də vətəndaşın cibinə
girməklə “ikiqat qazanırlar”. Beləcə, iqtisadiyyatımızın “Demokl
qılıncına” çevrilmiş inhisarçılıq bütün sahələrdə hegomonluq edir.
Nəticədə isə hər il dövlət büdcəsi yüklü miqdarda vəsait itirir,
oliqarxlar isə milyonlar sahibi olurlar.
Gömrükdə
qiymətlərin “ucuzlaşmasının” başqa bir yolu isə məhsulun adının
dəyişdirilərək daha keyfiyyətsiz məhsulla əvəzlənməsidir. Ekspertlər
hesab edirlər ki, az rüsumun ödənilməsi üçün eyni zamanda məhsulun
dəyəri həqiqi olduğundan qat-qat aşağı göstərilir. Bütün bunlar isə heç
şübhəsiz, rüşvətin sayəsində mümkün olur. Bütün hallarda isə gömrükdəki
korrupsiyadan itirən dövlət və sadə vətəndaş olur. Rüşvətin və
korrupsiyanın hökmran olduğu gömrük sistemi iqtisadiyyatımızın
inkişafına buxov olmaqda davam edir. Bu sahədə tezliklə əsaslı
islahatlar aparılması xüsusilə vacibdir. Əks təqdirdə bir qrupun
mənafeləri naminə dövlət mənafeləri qurban verilməkdə davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=10924

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31